Bakı – APA. İranın paytaxtı Tehranda yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, 2 gün davam edən turnirdə Azərbaycanla yanaşı, Rusiya, Koreya, Qazaxıstan, Macarıstan, Türkiyə, İran, Finlandiya, Ermənistan və ABŞ güləşçiləri güclərini yoxlayıblar. Yalnız 1 qarşılaşmada uduzan millimiz yarışın bürünc medalını qazanıb.
Belə ki, ilk yarış günündə qrup mərhələsinin 4 turu baş tutub. B qrupunda yer alan Cəmşid Xeyrabadinin yetirmələri növbəti mərhələyə vəsiqə qazanmaq üçün ilk qarşılaşmasında ev sahiblərini sınağa çəkiblər. Komandamız cənub qonşularımızdan acı məğlubiyyət alsa da, ardınca bunu unutdura bilib. Güləşçilərimiz Ermənistan millisini döşəyə çıxmağa peşman ediblər. Onlar keçirdikləri 8 döyüşün hamısında rəqiblərinə qalib gəlməkdə çətinlik çəkməyiblər.
III turda yığmamız Koreya millisi ilə üz-üzə gəlib. Həmyerlilərimiz üçün bu rəqib də keçilməz olmayıb və təmsilçimiz 5:3 hesablı qələbəyə sevinib.
Bu gün qrup mərhələsinin son görüşü baş tutub. Komandamız Finlandiya güləşçilərini sınağa çəkiblər. Bu qarşılaşmanı da qələbə ilə başa vuran yığmamız qrupda 2-ci olub.
Qaydalara əsasən, güləşçilərimiz digər qrupun 2-cisi olmuş komanda ilə Dünya Kubokunun bürünc medalı uğrunda üz-üzə gəlib. Bizim üçün həlledici qarşılaşmada rəqib Macarıstan güləşçiləri olublar. Xeyrabadinin yetirmələri bu dəfə də layiqli qələbə qazanıblar və fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər. Müqayisə üçün bildirək ki, qrup mərhələsində məğlub etdiyimiz Ermənistan yarışı sonuncu – 10-cu yerdə bitirib.