BAXCP beynəlxalq toplantıda Türkiyənin hakim partiyasına dəstək verib

BAXCP beynəlxalq toplantıda Türkiyənin hakim partiyasına dəstək verib
# 02 fevral 2017 08:48 (UTC +04:00)

Fevralın 1-də Brüsseldə Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı (Alliance of Conservatives and Reformists in Europe - ACRE) Şurasının növbəti toplantısı keçirilib.

BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda müzakirə olunan əsas məsələlərdən biri Türkiyədə 15 iyul hadisələrindən sonra baş verən proseslər və hakim Ədalət və İnkişaf Partiyasının alyans üzvlüyündən çıxarılması təşəbbüsü olub. Öncə Ədalət və İnkişaf Partiyasının alyans üzvlüyündən çıxarılması ilə bağlı təşəbbüsün müəllifi, Lüksemburq Milli Partiyasının sədri Fernand Kartheiser öz mövqeyini əsaslandırmaq üçün məruzə ilə çıxış edib. Sonra AKP təmsilçisi, Türkiyənin Avropa İttifaqı naziri Volkan Bozkır 15 iyul hadisələrindən sonra ölkəsində və regionda baş verən proseslər barədə ACRE üzvlərinə ətraflı məlumat verib, FETÖ terror təşkilatının Türkiyə Cümhuriyyətinin mövcudluğu üçün yaratdığı problemlərdən söz açıb, terrorizmə qarşı mübarizədə ikili standartların tətbiqinin yolverilməz olduğunu qeyd edib. V. Bozkır AKP-nin alyans üzvlüyündən çıxarılması təşəbbüsünün əsassız olduğunu vurğulayıb.

Çıxışlardan sonra Ədalət və İnkişaf Partiyasının ACRE üzvlüyündən çıxarılması barədə təklif səsə qoyulub. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) da daxil olmaqla, 28 siyasi partiya AKP-nin Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı üzvlüyündən çıxarılmasının əleyhinə, 8 partiya isə lehinə səs verib. 1 siyasi partiya bitərəf qalıb.

Beləliklə, AKP-nin Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının üzvlüyündən çıxarılması təşəbbüsü iflasa uğrayıb.

Toplantıda BAXCP-ni partiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri Aydın Məmmədov təmsil edib. Alyansın növbəti yığıncağı aprelin 7-də Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR