Bank Of Baku

Mövlud Süleymanlı: “Əkrəm Əylisliyə heç vaxt ciddi yanaşmamışam”

Mövlud Süleymanlı: “Əkrəm Əylisliyə heç vaxt ciddi yanaşmamışam”
# 20 fevral 2007 12:21 (UTC +04:00)
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, xalq yazıçısı Mövlud Süleymanlının APA-ya müsahibəsi

- Radio Mövlud Süleymanlı üçün nə deməkdir?
- Radio heç bir kütləvi informasiya vasitəsinə bənzəmir. Radio işi əkinçi işidir. İlk dəfə Bakıya gəlib, tanış axtaranda radio yadıma düşüb. Çünki mənim beşiyimin başında radio var idi. Bizim ədəbi nəsli saxlayan radio oldu, anamız radio. Radioda aldığım ilk qonorardan anama nə isə almışdım. “Bulaq” verilişi isə 64 illik həyatımda yadda qalan ən maraqlı səhifədir. “Bulaq”la Azərbaycan xalqını tanımışam. Onda radio üzrə sədr müavini Cəmil Əlibəyov idi. İlk yazım Mirzə İbrahimov haqqında olub. Həmin oçerk Cəmil Əlibəyovun xoşuna gəldi və mənə ayrıca veriliş açmağı təklif etdi. Fikirləşə-fikirləşə evə gələndə, gördüm ki, anam sobanın üstündə saz köynəyi qurudur. Dedi, dayın Hüseyn Saraclı bizə qonaq gəlib. Sonra mən köynəyi islanmış sazdan veriliş hazırladım, adını “Bulaq” qoydum. 1969-cu ilin payızından bu günə kimi efirdədir.
- Bu gün Azərbaycanın efir məkanında radio bumu hiss olunur. Radioların fəaliyyətini necə qiymətləndirirsiniz?
- Şərqdə radio ilk dəfə Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının binasından yayımlanıb. Türkiyədə isə Azərbaycandan 10 il sonra yaranıb. Radio Azərbaycan dilinin saflığının qorunmasında akademiya rolunu oynayıb. Bu gün radio kanalları çoxdur. Biz yüngül şeylərin arxasınca qaçmırıq. Azərbaycan radiosunda canlı nəfəs var, o biri radiolar isə xəbərlər, musiqi və telefon zənglərindən ibarətdir.
- Ancaq nədənsə insanlar daha çox, məhz bu radioları dinləyirlər...
- Bunu Azərbaycan radiosunun yox, mühitin günahı sayıram. Düşünmək əvəzinə, əylənmək istəyirlər. Bu, tək radiolarda deyil, televiziyalarda da belədir. Ancaq biz Güneydən, Dərbənddən, həmçinin, dünyanın bir çox ölkəsindən çoxlu məktub alırıq. Onlar Azərbaycan dili və musiqisini bizim radiodan öyrəndiklərini yazırlar. Dövlət radiosu həm də İnternet vasitəsi ilə yayımlanır. Azərbaycan radiosuna bir gün sona qədər qulaq asan ondan heç vaxt ayrıla bilməz.
- Yeri gəlmişkən, müstəqil radioların problemlərindən biri də Azərbaycan dilinin normalarını qorumamaları ilə bağlıdır.
- Azərbaycan radiosunun 80 illik yolu var. Mən özümüzü onların yoluna qoymaq istəmərəm. Mən ağılsız milliliyi yox, həqiqi milliliyi dəyərləndirirəm, radio kanallarının milli olmağını istəyirəm. Yalandan qışqırıb “Mən türkəm” deməklə, heç nə olmur. Bu, ayıb bir şeydir. Yalançı millilik mənasızlıqdır. Vaxtilə Azərbaycan radiosunda bədii şura olub. Uzun illər ona mən rəhbərlik etmişəm. Burada bəyənilməyən, efirə verilməyən musiqinin başqa kanalda yayımlandığını görmüşük. Bu problemin qarşısını almaq üçün elə bir mərkəz yoxdur. Birtərəfli görülən işlə isə heç nəyə nail olmaq mümkün deyil. Bədii şura olsa, xaos yaranmaz. İndi kim oxumamalıdırsa, o oxuyur, kim kitab çap etdirməmlidirsə, onun kitabı çıxır. Təəssüf ki, bizim gücüm özümüzə çatır. Bununla belə, mən bu sahədə bir hərəkət görürəm. Su axdıqca durulur. İnanıram ki, nə vaxtsa hər şey düzələcək. Ancaq bir tərəfdən vaxt da gedir.
- “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyin olunandan sonra struktur islahatlarının aparılmasına başlanılıb. Bu islahatlar Azərbaycan radiosunda hansı prinsip əsasında həyata keçirilir?
- Arif Alışanov hərəkəti, sağlam nəfəsi, yaradıcılığı hiss eləyən adamdır, yaxşı ilə pisin fərqini bilir. Bir zamanlar kollektivdə olan səmimiyyət yenidən qayıdıb. Radioda islahatlar artıq başlayıb, təqaüd yaşı çatmış insanlar yola salınıb. İllər boyu yığılıb qalan mənasızlıq arxada qalıb. Radionun ənənələri isə davam edəcək. Onu heç kim poza bilməz. Yaxın vaxtlarda radioda ciddi struktur dəyişikliyi olacaq.
- Sizi, həm də Azərbaycanın istedadlı yazıçılarından biri hesab edirlər. Bugünkü ədəbi mühiti necə qiymətləndirirsiniz?
- Bugünkü ədəbi mühitə baxanda çox maraqlı insanlar görürəm. Elə ədəbi gənclik görürəm ki, az qalıram qarşısında ayağa qalxam. Bu gün çox qəribə, giley-güzarla qarşılanan, amma maraqlı gənclik müşahidə edirik. Məsələn, Aqşin adlı gənc şairin tük ürpədici şerləri, mənalı düşüncəsi var. Bu cür istedadı görüb rahatlaşıram və onu qəbul eləyirəm. Mənə çox xoşdur ki, bugünkü gənclik yaşlı nəsildən qorxmur. Bu duyğu sənin üstünə gəlir və səni də cavanlaşmaq məcburiyyətində qoyur. Sadəcə, bugünkü gəncliyi düzgün yola istiqamətləndirmək lazımdır. Bayaq dediyim kimi, bu hərəkətdir. Azərbaycanda Qulu Ağsəs, Salam Sarvan kimi istedadlı, sağlam şairlər var. Qulu Ağsəsi bir şerinə görə vaxtilə işə götürmüşdüm. Ancaq məsələnin digər tərəfi də var. Bu gün həm də bəzi gənclər ədəbiyyatla alver etmək istəyirlər.
- Lakin Sizdən fərqli olaraq, bəzi həmkarlarınız bugünkü ədəbi gəncliyi qəbul eləmir...
- Mən “Alatoran” jurnalını oxuyuram. Bu gün onların mənfi cəhətlərindən də danışa bilərəm. Lakin bunun yeri deyil. Qoy bu gənclər özlərini göstərsinlər.
- Ancaq bugünkü ədəbi gəncliyin böyük bir hissəsi yaşlı nəslə müharibə elan eləyib, onların ünvanına ağır ittihamlar səsləndirir.
- Azərbaycanın ədəbi mühitində, ictimai fikrində Anarın əvəzsiz yeri var. O, böyük şəxsiyyətdir. Onların Anara qarşı fikirlərini cinayət hesab edirəm. Bu düşünülməmiş və heç kəsə yaraşmayan işdir. Anara hörmətsizlik halal sözə hörmətsizlikdir. Mən bunu belə qiymətləndirirəm. Bu qəsdi-qərəzlikdir. Bir dəli quyuya daş atıb, bütün ağıllılar yığışıb çıxara bilmir. Anara da demişəm ki, bu məsələlərə fikir verməsin. Anardan başqa üz tutmalı kim var axı?.. Anarla aramızda yaş fərqi o qədər də çox deyil, amma həmişə elə bilmişəm ki, o, yaşca çox böyükdür. Onun ünvanına səslənən nalayiq sözləri öz ünvanıma hesab eləmişəm. Bu məsələdə Əkrəm Əylislinin də günahı var. Əkrəmə demişəm ki, bu nə hərəkətdir edirsən, işin-gücün qurtarıb? Əkrəm yazı yazmayanda, Anar yadına düşür? Gənclik bu məsələdə tələsməsə, yaxşıdır. Adam son sözünü deməyə tələsməz. Bu sözü deyən adamlar bir qədər ayaq saxlasalar, görəcəklər ki, səhv yoldadırlar. Yazıçılar Birliyinin nə işlə məşğul olması başqa söhbətin mövzusudur. Burada Anarın günahı yoxdur.
- Bəs Azərbaycan nəsrinin vəziyyəti necədir?
- Çox təəssüf ki, poeziya haqqında dediyim fikirləri nəsrə aid edə bilmərəm. Amma ümid var ki, nə vaxtsa olacaq. Nəsrdə hər şey hələlik boz gedir. Ola bilər, oxumadığım əsərlər də var. Amma inanmıram ki, məni qane edən bir əsər ola. Çünki hansısa gözəl əsərin ortaya çıxması hadisəyə çevrilir. Hələlik elə bir gözəl roman adı çəkə bilmərəm. Yaxşı hesab olunan əsərlərin müəllifləri məndən inciməsin.
- Bəs özünüz nə yazırsınız?
- Mən heç vaxt boş dayanmamışam. Bu qədər işdən sonra qaçdığım yalnız bir səmt var ki, o da ədəbiyyatdır. Amma yazdıqlarımı ortaya çıxarmıram. Çünki mühiti hiss eləmirəm. Son romanım “Erməni adındakı hərflər” adlanır. Bu əsərin mühiti olduğu üçün onu çap etdirəcəyəm. Amma başqa yazılarımı harada çap etdirim? Oxuyan yoxdursa mən niyə üzə çıxarım onları. İnşallah bir gün çap olunar. Ayda-ildə bir dəfə şer də yazıram. Yazıçılıq mənim ən yaxşı göründüyüm səmtdir. Orada çox rahat oluram. O tərəfdə qocalmıram, məni başqa tərəflər qocaldır. Mənim danışığım heç vaxt maraqlı deyil. Mən gizlində xoşbəxt olan adamam. Nə şəkildə yaşayırsam yaşayım, bu stolu hiss eləyən adam deyiləm. Növbətçi sözlərlə parlaq şəkildə çıxış eləmək mənlik deyil. Mənim ağzım boşdur, dilimdə heç nə yoxdur, hamısı içəridən gəlir.
- Bir dəfə məşhur yazıçılardan biri demişdi ki, Mövlud Süleymanlının “Dəyirman”dan sonra yazdıqlarının hamısı bu əsəri inkar etmək üçün qələmə alınıb.
- Həmin adam “Səs” romanını oxumayıb. Bu əsər “Dəyirman”dan qat-qat sərt yazılıb. O, axına düşüb bu sözləri deyib, özünün düşüncəsi və qeydləri yoxdur. Vaxtilə “Dəyirman”a görə üstümə gələn qaragüruhdan məni Heydər Əliyev xilas edib.
- Bir dəfə Əkrəm Əylisli öz dövrünün ədəbi nəslinin yaradıcılığını xarakterizə edərək, Sizin dörd, Ramiz Rövşənin altı, özünün yeddi, qalanlarının isə iki - ağ və qara rəngdə yazdığını deyib. Bu bölgü ilə razısınızmı?
- Əkrəm Əylisli maraqlı insandır, həmişə də maraqlı danışır. Ancaq Əkrəm Əylisliyə heç vaxt ciddi yanaşmamışam. Doğrudur, bu ağır sözdür. Ola bilər ki, Əkrəm Əylisli böyük yazıçıdır. Mən həm də onunla dostam. O, böyük maarifçi və ədəbi mühiti qavrayan insandır. Bu nə deməkdir axı? Sənin yazdığının rəngini kim bilir? Bu, özündən hoqqa çıxarmaq və cəmiyyət arasında özünə qarşı maraq oyatmaq istəyindən başqa bir şey deyil. Onun belə cığallıqları olur.
- Bir müddət əvvəl sizə “Xalq yazıçısı” fəxri adı verildi. Bunu necə qarşıladınız?
- Mən onsuz da özümü xalq yazıçısı hesab edirdim. Həmişə Azərbaycan xalqını və özümü olduqca maraqlı təqdim etmişəm. Özümü dünya çapında maraqlı yazıçı sayıram. Həmişə məni oxuyanların heyrətini hiss etmişəm. Amma bu, heç məni maraqlandırmır da... Mən özümə inanmasam, belə danışmaram. Ümidim var ki, yüz illər keçəndən sonra da məni oxuyacaqlar. Mənim heç bir dövlətə və sərhədlərə sığmayan fikirlərim var. İnsan 60 yaşından sonra özündən və qoyub getdiklərindən danışa bilər, hətta danışmalıdır da. Gözəl yazıçı olmaq üçün mütləq milli olmaq lazımdır. Amma mən erməni milliliyini nəzərdə tutmuram. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR