Bank Of Baku

Anar: “Heç kim başa düşmək istəmir ki, prezident təqaüdü yaradıcılıq xidmətlərinə görə verilir, sosial vəziyyətin ağır olmasına görə yox...”

Anar: “Heç kim başa düşmək istəmir ki, prezident təqaüdü yaradıcılıq xidmətlərinə görə verilir, sosial vəziyyətin ağır olmasına görə yox...”
# 19 aprel 2007 10:11 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın APA-ya eksklüziv müsahibəsi

- “Kimdir Dali” hekayəsinin çapından sonra yazıçı Anarla jurnalistlərin münasibəti korlanmadı ki?
- Bu hekayənin yazılmasından asılı olmayaraq, jurnalistlərlə münasibətim həmişə yaxşı olub. Onlar həmişə yaradıcılığımla maraqlanıblar, müsahibə götürəndə də, maraqlı məsələlərə toxunublar. Bir qisim jurnalistlərin isə işi-peşəsi yalan-böhtan yazmaq, təhqir etməkdir. Əlbəttə, hekayədə bir az şişirdilmiş verilib, amma təsadüfi jurnalistlər də var. Onların sualları da çox təsadüfi olur. Bu ona oxşayır ki, gəlib səndən soruşurlar adın nədir?
- Hələ də bir çoxlarına elə gəlir ki, məşhurluq - müsahibə vermək, müsahibə verməksə, artıq məşhurluq deməkdir. Əslində məşhurluq və müsahibə vermək nə deməkdir?
- Elə adamlar var ki, müsahibə verməyin, televiziyaya çıxmağın tamarzısıdır, amma mən çalışıram, nə televiziyaya çıxım, nə də müsahibə verim. Tez-tez görünən hər insan başqalarını bezdirir. Ona görə də, yalan olmasın, təkliflərin təxminən yarısından imtina edirəm. Söhbət təkcə götürən yox, həm də müsahibə verən üçün gərək maraqlı olsun.
- Lap təsadüfi sualla olsa belə, məhz sizin qapınızı döyürlərsə, deməli, cəmiyyətdə ədəbiyyata, yazıçıya hələ böyük maraq var...
- Onu demək çətindir. Mətbuat yazıçıyla maraqlanır, amma bugünkü mətbuatda qaşınmayan yerdən qan çıxarmaq cəhdi güclüdür. Mənə elə gəlir ki, bu meyl etik cəhətdən doğru deyil. Böhtan, dedi-qodu hər kəsdə xəstə ruh yaradır. İnsanlar alimlərlə, yazıçılarla maraqlanırlar, amma bu adamlara suallar oxucuya məlum olmayan cavabları almaq məqsədi ilə verilməlidir. Yazıçının görünməyən, bilinməyən tərəfini açmağa çalışmaq lazımdır.
- Süni ədəbi prosesi mətbuat yaradırsa, onda əsl ədəbi prosesi və ədəbi mühiti kim yaratmalıdır?
- Məncə, ədəbi proses ilk növbədə əsərlərin yaranması deməkdir. Əgər əsər varsa, onda ədəbi proses də var. Digər tərəfdən yanaşanda, ədəbi proses anlayışının özü də bir az keçmiş sovetlərdən qalma sözdür. Əslində, ədəbi prosesi bədii əsərlər və onlara göstərilən maraq yaradır. Tənqidin borcu isə bu əsərləri təbliğ, tərənnüm, təhqir yox, məhz təhlil etməkdir. Yeni çıxan kitablar, keçirilən tədbirlər haqqında dərc olunan kiçik məlumatla da mətbuat ədəbi prosesə qoşulur. Yazıçının yaradıcılığına real yanaşan, təhlil edən, üstün və zəif cəhətlərini göstərən ədəbi tənqid əsl ədəbi mühiti yaradır.
- Çağdaş ədəbi tənqid dediyiniz təhlili apara bilirmi?
- Mən ad çəkmək istəmirəm. Birinin adını çəkirsən, o birisi inciyir. Ümumilikdə isə, cavan tənqidin içində də ağıllı, savadlı tənqidçilər görürəm, onların gələcəyinə də ümid eləyirəm. Bizim ədəbiyyat tariximizdə yeri olan Məmməd Arif, Məmmədcəfər Cəfərov, Cəfər Cəfərov, Mikayıl Rəfili təhlil aparan böyük tənqidçilər idi. Ola bilsin ki, çağdaş İnternet, kompüter şəbəkəsində cavanlar dünya ədəbiyyatına daha çox bələddirlər. Burada bir təhlükəni qeyd etmək istəyirəm. İnternet vasitəsilə onlar yeni yaranan ədəbiyyatı izləyirlər, amma bu yeni ədəbiyyatın təməlindən çox vaxt xəbərsiz olurlar. Tutalım, çağdaş ədəbiyyatdan xəbərləri var, amma bu ədəbiyyatın dayandığı özüllərdən, əsas qaynaqlardan xəbərləri yoxdur. Ədəbiyyat həm yenilik, həm də ardıcıllıq deməkdir.
- Bəs ədəbiyyatı kütləvilikdən qorumağın yolu nədir?
- Təsadüfi adamlardan az yazmaq, onları az təbliğ etmək, unutmaq lazımdır. Əgər onların ədəbiyyata dəxli yoxdursa, adları çəkilməsə, unudulacaq, yaddan çıxacaqlar.
- Niyə axı, ədəbi tənqid müəyyən əsərlər haqqında konkret fikir deyə bilmir?
- Demirlər, qorxurlar. Obyektiv tənqid olsa, yazıçı tənqidçiyə inansa, onda istənilən əsərə tənqidi qiymət vermək olar. Həmişə demişəm ki, tənqidçilik nadir istedaddır. Nasir nəsr, şair şeir yazır. Tənqidçi isə bütün bu sahələri qavramalı, yazıçıdan, şairdən bir addım qabaqda olmalıdır. Tənqid bir növ yeni ədəbi əsərlərin yaranmasında stimul olmalıdır. Mən də sizinlə razıyam ki, bu gün güclü tənqidçilərimiz yoxdur. Amma ümid edirəm ki, bugünkü tənqidçilərimiz getdikcə daha sanballı yazıb-yaradacaq və daha güclü tənqidçilər nəsli yetişəcək.
- Sizin ilk yazınızı oxuyan Rəsul Rza bir az təəssüflə “bu da yazıçı oldu” deyib. Bəs yazıçı Anar Günel xanımın ilk hekayəsini necə qarşıladı?
- Təxminən mən də elə eyni hissləri keçirdim. Gördüm ki, onun ədəbi istedadı var. Əlbəttə, ədəbiyyat, yazıçılıq çox çətin bir işdir. Bütün bunları dərk edirəm, amma yazmağı qızıma qadağan eləyə bilmərəm.
- Sizin yaradıcılığınız gah realizmin, gah da sentimentalizmin bolluğu kimi hədəfə alınıb. Sizcə, yazıçıların canı bu “izm”lərdən nə vaxt qurtaracaq?
- Mən yazanda heç vaxt fikirləşməmişəm ki, bu əsərim realist, o birisi sürrealist olsun... Mənə elə gəlir ki, ədəbiyyatı nəzəriyyəyə bağlamaq doğru deyil. Hansısa “-izm”də yazmağı qarşısına məqsəd qoyan yazıçı heç yazıçı deyil. Mən heç vaxt bu “-izm”lərin əsiri olmamışam, ona görə də deyilən iradları qəbul eləmirəm.
- Deyirlər, hər ədəbi janrın da öz dövrü, öz oxucusu var. Sizcə, bizim çağdaş dövrümüzün ədəbi janrı hansıdır?
- Mənə elə gəlir ki, bütün dövrlərdə hər janrın öz yeri var. Bəzən elə olur ki, poeziya irəli çıxır, şairlər öndə olur, bir başqa dövrdə nasirlər daha çox diqqət mərkəzində olur. Bu, təbii prosesdir, amma daha çox fərdlərdən asılı məsələdir. Hansı sahədə böyük əsərlər yazılırsa, o janr daha çox irəli çıxır. Biz gözümüzü açandan eşidirik ki, roman janrı məhv olur. Amma birdən-birə Qabriel Qarsia Markes ortaya çıxdı və romanları ilə bütün deyilənləri alt-üst etdi. Yaxın dövrlərdə roman janrı bir az dəyişə, yeniləşə bilər.
- Cəfər Cabbarlı deyirdi ki, evdə inqilab, çöldə inqilab, işdə inqilab... İndi evdə yeni dünyanın tələbi, çöldə yeni dünyanın tələbi, işdə yeni dünyanın tələbi... Ədəbiyyata bu yeni dünyanın gətirdiyi nə oldu, götürdüyü nə?
- Son dövrlərin ədəbiyyata ən böyük təsiri marağın azalması oldu. Təəssüf ki, indi ədəbiyyata maraq azalıb. Postsovet məkanında, o cümlədən, Azərbaycanda uzun müddət həyat haqqında həqiqəti yalnız ədəbiyyat yazıb. O vaxt az-çox həqiqətləri ədəbiyyat dediyinə görə insanlarda bu sahəyə böyük maraq vardı. İndi problemlər mətbuata, qəzetlərə çıxır, məlumatlar daha operativ yayılır. Ona görə də ədəbiyyata maraq getdikcə azalıb. O adam ki ədəbiyyatda yalnız ictimai-siyasi yox, estetik gözəllik görmək istəyir, ədəbiyyata onların marağı hələ də qalıb. Necə deyərlər, zər qədrini zərgər bilər. Bəyəm həmişə hamı Füzulini, Şekspiri oxuyub?! Yazıçının məşhurluğu həm yaşadığı zamanla, həm də ədəbiyyatla ölçülür. Albert Kamyu Nobel mükafatı alanda dediyi çıxışında Andrey Jiddən sitat gətirir ki, ədəbiyyat əsarətdə yaşayır və azadlıqda məhv olur. Bir çoxlarına elə gəlir ki, mən bu sitatı təkrarlamaqla əsarəti təbliğ edirəm. Bu sözdə böyük bir həqiqət var ki, ədəbiyyat gərək müqavimətlə rastlaşsın. Ədəbiyyatı irəli aparan... maneələrdir. “Nə istəyirsən, yaz” deyəndə ədəbiyyatın vəziyyəti belə olur - biri söyüş yazır, biri təhqir, digəri isə dünyanın ən əxlaqsız məsələlərini yazıya gətirir.
- Yazıçıların bir qismi, xüsusən gənclər yaxşı yaşamağın yeganə yolunu məşhurluqda görürlər. İstənilən tanınmışa bir neçə kobud söz demək və yazmaq dərhal məşhurlaşmaq üçün kifayət edir, amma böyük bir ədəbi nümunə yaradıb tanınana kimi xeyli vaxt keçir, bəlkə belə deyil?
- Son dövrlərin məşhur sözü var mesaj. İndi mən də belələrinə bir mesaj göndərmək istəyirəm ki, məşhur olmaq hələ yaxşı yaşamaq demək deyil. Yazıçılıqla dolanan, yaxşı yaşayan yazıçılar dünyada barmaqla sayılır. Mənim tanıdığım və tanımadığım yazıçıların hamısı başqa bir sahə ilə məşğul olub, dolanışığını təmin edir.
- Prezidentin məlum sərəncamı ilə Yazıçılar Birliyini və yazıçıların həyatında nə dəyişəcək?
- Tez-tez yazırdılar ki, Yazıçılar Birliyi binasından köçürüləcək. Boş-boş söhbətlər idi. Əksinə, indi prezidentin sərəncamı ilə binamız təmir olunacaq. Yazıçılar Birliyinin yaradıcılıq evində köçkünlər məskunlaşıb, biz onları heç cür çıxara bilmərik. Sərəncama görə, yeni yaradıcılıq evi tikiləcək. Üçüncü bənddə də yazıçılara müavinətlər verilməsi nəzərdə tutulur. Bax, bu bəndə görə, Yazıçılar Birliyinə rəhbərlik edənlərin başı ağrıyacaq. Bir məsələni heç kim başa düşmək istəmir ki, prezident təqaüdü yaradıcılıq xidmətlərinə görə verilir, sosial vəziyyətin ağır olmasına görə yox.
- Yeri gəlmişkən, narazılarla ortaq məxrəc tapmaq heç cür mümkün deyil?
- Biz hər dəfə deyirik ki, kimin yaradıcılıq təklifləri varsa, buyursun, qapımız açıqdır. Amma “Siz gedin, biz gəlirik” məsələsi danışıq üçün mövzu ola bilməz. Qurultay var, Nizamnaməsi yazılıb, seçki keçirilir. Qurultayda yazıçılar kimi istəyir, qoy onu da sədr seçsinlər.
- Gənclərin bir qismi elə hey Sizin bostana daş atır. Onlar Sizdən nə istəyirlər, axı?
- Onlar təhqir-böhtan yazmağa başlayandan, mən də bu suala cavab axtarıram. Bu gün Yazıçılar Birliyinin Gənclər Şurası var, “Ulduz” jurnalı gənclərin ixtiyarına verilib, xaricə səfərlər olanda gənclər unudulmur, əsərləri xaricdə çap olunur, imkan düşən kimi təbliğ edilir. Normal gənclərlə münasibətlərimiz də normaldır.
- Bir az da ədəbi qəhrəmanlarınızı yada salaq. Məsələn, romanı bu gün təzədən yazsaydı, Anar müəllim Təhminəni sonda yenə öldürərdi?
- İndi dünya çox dəyişib, düzdür, amma Təhminə kimi bir insan nə o cəmiyyətdə yaşaya bilərdi, nə də bu cəmiyyətdə. Əgər bu gün yazsaydım, sonda Təhminə yenə də ölərdi, bəli.
- Oqtayın tikdiyi günəş hamamının, İçərişəhərin axırı necə oldu?
- Günəş hamamının tikilməsinə Əsmər kinayə ilə yanaşır, amma İçərişəhərin dərdi yenə də bitməyib. Onda hay salırdıq ki, İçərişəhəri sökməyin. İndi də haray salırıq ki, İçərişəhəri tikməyin. İçərişəhərə yaraşmayan hündür binalar tikilir... O yerdə ki, pul hər şeyi həll edir, onda İçərişəhərin dərdi hələ bitməyəcək. Şəhəri, binaları sökənlər kimlədir? Xatirəsi olmayan adamlar. Xatirələri olan adamlar şəhərin hər küçəsinin, hər daşının qədrini bilir, cünki hər daş bir xatirə deməkdir.
- Bir çox yazıçı ötən dövrdə yazdıqlarına təkrar qayıdıb, onları yenidən işləyir. Sizin də belə bir fikriniz varmı?
- Var. Nəsr əsərlərimdəki bütün qəhrəmanlarımı bir yerə toplamaq, bu dövrə gətirmək istəyirəm. Onlar artıq qocalıb, uşaqları, nəvələri var. Bu qəhrəmanlar bizim müasir dövrümüzdə hansı problemlərlə rastlaşırlar, necə yaşayırlar? Dumanlı şəkildə mən onları görürəm. Görək, bu gördüklərimi nə vaxt işləyə, yazıya gətirə biləcəm... /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR