Bank Of Baku

Baş nazirin müavini Elçin yazıçı Elçinə mane olur

Baş nazirin müavini Elçin yazıçı Elçinə mane olur
# 25 aprel 2007 10:09 (UTC +04:00)
Baş nazirin müavini, xalq yazıçısı Elçinin APA-ya eksklüziv müsahibəsi

- Sizcə, Azərbaycan ədəbiyyatının indiki vəziyyəti necədir?
- Gənclik illərimdə müstəqil Azərbaycan ədəbiyyatı haqqında düşündüklərim indiki vəziyyətlə heç cür müqayisəyə gəlmir. O zaman fikirləşirdim ki, senzurasız cəmiyyətdə yazıb yaratmaq yazıçı üçün nisbətən asan olacaq, müstəqil ədəbiyyat daha güclü əsərlər ortaya qoyacaq. Təəssüf ki, bu gün mən onu görmürəm. Şübhəsiz ki, son 10-15 ildə bir sıra istedadlı əsərlər yaranıb. Amma son 15 ilin bədii təsərrüfatını küll halında götürəndə bədii estetik keyfiyyət və buna uyğun kəmiyyəti etibarı ilə vəziyyət məni qane etmir.
- Yəni, müstəqil Azərbaycan ədəbiyyatına olan ümidlər özünü doğrultmadı...
- Görünür, senzurasızlıq ədəbiyyat üçün böyük sınaq imiş. Bu mənada Anarın o fikri ilə razıyam ki, söz azadlığı yalnız ədəbiyyatın dostu deyil, həm də böyük ədəbiyyata maneədir. Senzuralı Azərbaycan ədəbiyyatı pərçim olunduğu çərçivədən çıxmaq üçün yollar axtarırdı. Sovet sistemində yazıçı və şairlərin ədəbi təyinatları kimi əcaib təcrübə vardı. Bu təyinatlara “ədəbi generallıq” da demək olardı. Amma sovet sistemi dağılandan sonra həmin təyinatı alanlar arasında ədəbiyyatdan silinib gedənlər oldu. Məsələn, sovet sistemi Çingiz Aytmatovu, türkmən Berdi Kerbabayev, yaxud özbək Kamil Yaşen kimi “görkəmli yazıçı” vəzifəsinə təyin etmişdi. Amma Çingiz Aytmatovun istedadı o təyinatın çərçivələrini qopartdı. Bu, Mixail Şoloxova da aiddir. Şoloxovla bir yerdə Semyon Babayevski də “böyük rus yazıçısı” təyin olunmuşdu və yeddi “Stalin” mükafatı almışdı. Amma o böyük ədəbiyyatın yaddaşında qalmadı. Hanı bu gün Babayevski? Sovet vaxtı söz azadlığı məhdud idi, həqiqi ədəbiyyata gedən yol böyük bədii istedaddan keçirdi. Bu gün isə azadlıqdır. Kim nə istəyir yazır, kəmiyyət keyfiyyətə təsir edir, bu da ədəbiyyatda tamamilə boz mənzərə yaradır. Sovet ittifaqının dağılması təkcə siyasətdə deyil, psixologiyalarda da kataklizmlər yaratdı. Bu kataklizmin içində isə ədəbiyyat özünü itirdi.
- Bu, indi ideologiyanın olmaması ilə bağlı deyil ki?
- Sovet dövründə ideologiyaya xidmət edən əsərlər yox olub getdi. Mən bu yaxınlarda 10 cildliyimi çapa hazırlayırdım. Ora daxil edilən əsərlərin 80 faizini sovet vaxtı yazmışam. O vaxt həmin əsərləri necə yazmışdımsa, indi də heç bir nöqtə-vergülünə toxunmadan bugünkü oxucuya təqdim edirəm. Həmin əsərlər ideologiya yox, ədəbiyyata xidmət edir. İdeologiyaya xidmət edən əsərlər həmin yazıçılarla bir yerdə unudulub gedib.
- Sovet vaxtı ədəbiyyatda yüksək vəzifələrə “təyin” olunan şəxslərdən danışdınız. Onların arasında azərbaycanlılar yox idi?
- Var idi, amma mən onların adını çəkməyəcəyəm. Həmin rəhmətliklərlə mənim münasibətim olub, onlarla təmasda olmuşam. Onların ruhlarını incitmək istəmirəm. Açığı, heç ad çəkməyə ehtiyac da yoxdur. Oxucu söhbətin kimlərdən getdiyini bilir. Ancaq o rəhmətliklər ən azı Azərbaycan dilini yaşadıblar. Bugünkü Azərbaycan ədəbi dili ilə, XX əsrin əvvəllərindəki Azərbaycan ədəbi dili arasında böyük fərq var. Bu işdə həmin şəxslərin böyük rolu olub. Onlarla münasibətdə bir az ehtiyatlı olmaq lazımdır.
- Bir vaxtlar Sizin mənsub olduğunuz ədəbi nəsil həmin rəhmətliklərlə “ədəbiyyat davası” aparırdı. Bu günün gənc nəsli də sizə qarşı dayanıb.
- Bizim özümüzdən əvvəlkilərlə davamız ədəbiyyatın üstündə olub. Bizim ədəbi nəsil sözün həqiqi mənasında folklora, klassik ədəbiyyata mənəvi körpü saldı. Bizim nəslə qədər ədəbiyyatda Dədə Qorqud, yaxud Əsli Kərim ab-havası yox idi. Eyni zamanda biz savadsızlığın dünya görüşün məhdudluğuna qarşı çıxırdıq. Biz bir tərəfdən kökə bağlı olduq, digər tərəfdən də Qərb ədəbiyyatını əxz etdik. Bugünkü davada isə söhbət ədəbiyyat mücadiləsindən getmir. Əgər belə olsa, ortaya böyük əsərlər qoyulmalı, bu əsərlərin ətrafında müzakirələr, mübahisələr olmalıdır. Çünki ədəbiyyat davasını yumruqla aparmaq olmur, ortaya əsər qoymaq lazımdır. Bugünkü mücadilə ədəbiyyata aid olmayan hisslərin mübarizəsidir.
- Vaxtilə sizin mənsub olduğunuz 60-cılar ədəbi nəslinin yazdığı hər əsər hadisəyə çevrilirdi. Son 10 ildə sizi riqqətə və heyrətə gətirəcək hansı əsəri oxumusunuz?
- Son 10 ildə məni heyətə və riqqətə gətirən heç bir əsər oxumamışam. Mən istedadlı əsərlər oxumuşam, ancaq mənim daxili aləmimdə hadisəyə çevriləcək əsər oxumamışam. Onu da qeyd edim ki, söhbət təkcə gənc nəsildən getmir.
- Hər gün yazılarında sizin adınızı çəkən və sizi ədəbiyyatdan silib atmağı məsləhət görən ədəbi gəncliyə münasibətiniz necədir?
- Niyə mən onlara münasibət bildirməliyəm? Ortada ciddi bir söhbət yoxdursa, nəyə görə öz münasibətimi açıqlamalıyam? Bu mənim üçün qətiyyən maraqlı deyil. Onlar mənim hər hansı əsərimi ortaya qoyub təhlil edərək, hansısa əsərdə zəiflik olduğunu sübut etsələr, cavab verərəm. Mən cavab verməyi xoşlayan adamam və Əkrəm Əylisliyə ciddi cavablarım var. Çünki Əkrəm Əylislinin Azərbaycan ədəbiyyatında böyük xidmətləri var və təpədən-dırnağa qədər yazıçıdır. Ünvanıma deyilən və heç bir çəkisi olmayan sözə niyə cavab verməliyəm? Məsələn, biri götürüb yazır ki, görəsən Elçin “Ölüm hökmü”nü yazanda bilirdimi ki, onun özünə də ədəbiyyatda ölüm hökmü kəsiləcək. İndi mən buna nə cavab verim? Köməkçilər aylıq icmal edir, mən də götürüb baxıram.
- Azərbaycan ədəbiyyatında Anar, Elçin və Əkrəm Əylislinin adı həmişə bir yerdə çəkilib. Hətta Sizi tənqid edəndə də yenə birləşdirənlər olub.
- Rəhmətlik Yusif Səmədoğlu buna zarafatla “Üç muşketyor” deyirdi. Onda cavanlıq dövrü idi. Sizin adınızı çəkdiyiniz şəxslər tamamı ilə bir-birindən fərqli yazıçılardır. Bu üç yazıçının hər birinin öz dəsti xətti, mövzusu, üslubu var. Amma bu başqa məsələdir ki, hər üç yazıçı yeni keyfiyyətli ədəbiyyatın nümayəndələridir. Biz mübarizə aparanda bir yerdə idik. Gəmidə oturub gəmiçi ilə mübarizə aparırdıq və qələbə qazanırdıq. Lap cavan yaşlarında Mən Yazıçılar Birliyinin katibi, Anar “Qobustan”ın, Əkrəm isə “Azərbaycan” jurnalının redaktoru idi. Bizim mübarizəmizin arxasında əsər, istedad, ədəbiyyatla nəfəs alma dayanırdı. Yoxsa, indi oturub ağızlarına gələni yazırlar. Bunların ədəbiyyata aidiyyatı yoxdur. Əslində bu cür məsələlər həmişə olub, ədəbiyyatla anti-ədəbiyyat qoşa addımlayıb. Eyni məsələ ədəbi prosesə də aiddir. Ara söhbətləri ilə ədəbiyyat mücadiləsi qoşa addımlayır. Ara söhbətlərinə niyə cavab verim? Bu məni nə hisləndirir, nə acıqlandırır, qıcıqlandırır, nə də güldürür. Bəzi dostlarımın da onlara cavab verməyini düzgün saymıram.
- Ədəbi tənqidin indiki səviyyəsi sizi qane edirmi?
- Üç il bundan əvvəlkinə nisbətən indi vəziyyət daha yaxşı görünür. Azərbaycan tənqidinin bünövrəsi var. Onun tarixi ilkin orta əsrlər dövrünə gedib çıxır. Bu gün mənzərə müsbətə doğru dəyişməyə başlayır. Bir sıra tənqidçilərin geniş dünya görüşü artıq özünü ədəbi prosesdə ifadə edir.
- Bugünkü hakimiyyətin ədəbiyyata münasibətini necə qiymətləndirirsiniz?
- Sovetlər dövründə olduğu kimi bu gün ədəbiyyata ideoloji münasibət yoxdur. Azərbaycanda hakimiyyətin ədəbiyyata yardım münasibəti var. Dövlət başçısı son zamanlar kitabxana, teatr, yaradıcılıq təşkilatları ilə bağlı mühüm sərəncamlar verib. Təəssüf ki, bizim cəmiyyətdə sənətə münasibətdə də iqtidar-müxalifət bölgüsü var. Bu gün bəziləri belə qələmə verir ki, kim müxalifətə yaxındırsa, o, istedadlı və gözəl yazıçıdır. Yox, əgər iqtidara yaxındırsa, onda heç. Ramiz Rövşən öz fikirləri ilə müxalifətə yaxın şairdir. Kim deyə bilər ki, o istedadsızıdır? Hansı iqtidar qəzetində Ramiz Rövşən haqqında böhtan yazıldığını görmüsünüz? Ancaq Elçin, yaxud Anar iqtidar yönlüdürsə, bunları düşmən elan edirlər? Yazıçı Elçinə tutduğu vəzifəyə görə qiymət vermək lazım deyil.
- Sovet dövründə Yazıçılar Birliyi böyük bir nazirliklə müqayisə olunurdusa, indi onu ən zəif QHT ilə müqayisə edirlər.
- Sovet dövründə Yazıçılar Birliyi supernazirlik idi, yazıçıların sosial təminatı, qayğıları bu təşkilat vasitəsilə həllini tapırdı. Yazıçılar İttifaqının qorunub saxlanmasını Azərbaycan cəmiyyətinin çox ciddi uğuru sayıram. Mən də Yazıçılar Birliyinin ədəbi orqanlarının daha maraqlı çap olunmasını, ədəbi prosesdə daha fəal iştirak etməsini, ətrafına yaradıcı kollektiv toplamasını istəyirəm. Bunlar təbii ki, olacaq.
- Çoxlarına elə gəlir ki, əsil yazıçı Nazirlər Kabinetində otura bilməz...
- İlyas Əfəndiyevin bütün ömrü boyu ən böyük kabineti evindəki iş otağı, ən böyük vəzifəsi yazıçılıq idi. Ömrünün axırına kimi Kommunist Partiyasına üzv olmadı, heç Nazirlər Sovetinin harada yerləşdiyini də bilmədi, bu onun üçün maraqlı deyildi. Hər insanın öz taleyi var axı. Mən cavan yaşlarımdan ictimai mühitdə olmuşam, burada bizim barəsində danışdığımız ədəbiyyat mücadiləsi də rol oynayıb. Mən bu vəzifəyə iş yerim kimi baxıram. Harada işləməyimdən asılı olmayaraq, ilk növbədə yazıçıyam. Biri müəllim, o birisi həkim işləyir, mən də, baş nazirin müavini işləyirəm. Nə qədər burada işləyirəm, vəzifəmə məsuliyyətlə yanaşmalıyam. Əlbəttə, baş nazirin müavini Elçin, yazıçı Elçinə vaxt baxımından mane olur. Burada işlədiyim müddətdə ən azı beş roman yaza bilərdim. Amma baş nazirin müavini kimi burada elə insanlarla, elə sifətlərlə rastlaşıram ki, bu mənə yazıçı kimi kömək edir. Baş nazirin müavini Elçin birdən-birə insanın üç sifətini görəndə yazıçı Elçinə material verir.
- Yeni Azərbaycan Partiyasının üzvü deyilsiniz?
- Xeyr, bitərəfəm.
- Bu gün Azərbaycan ədəbiyyatının yükü kimlərin çiynindədir?
- İstedadlı adamların. Ancaq bu yükün məğzində xalqı ifadə etmək dayanmalıdır.
- “Nobel” mükafatına namizədliyinizi vermək niyyətiniz yoxdur ki?
- “Nobel” mükafatı mütləq göstərici deyil. Lev Tolstoy, yaxud bu gün Çingiz Aytmatov kimi yazıçılar bu mükafatı almayıblar. Bu mükafat təkcə ədəbiyyata verilən qiymət deyil. Orada siyasi amillər də çox böyük rol oynayır. Mən bu gün Orxan Pamuk kimi “Nobel” mükafatı almaq üçün konyikturaya gedib, onun kimi danışa bilmərəm. Orxan Pamukla bərabər Türkiyədə Yaşar Kamal kimi yazıçı da var, bütün dünyada məşhurdur. O, 20 il namizəd oldu, amma “Nobel” ala bilmədi.
- Siz sabah Xocalı soyqırımını ermənilərin törətmədiyini yazsanız “Nobel” ala bilərsiniz?
- Deyə bilmərəm. Ola bilsin ki, belə yazmağım mənə dünya şöhrəti gətirər, ancaq xəcalətdən başımı qaldıra bilmərəm. Siyasət həmişə ədəbiyyatla bərabər olub. Ədəbiyyatın təşviqində siyasət böyük rol oynayıb. Amma burada həm də dil faktoru var. Azərbaycan dilində yazılan əsər dünyaya çıxmaq üçün gərək rus dilinə tərcümə olunaydı. 60-dan çox xarici dildə kitabım çap edilib. Onların ikisindən, bir də türk dilində çap edilənlərdən başqa hamısı rus dilindən tərcümə olunub.
- Elektron poçtunuz var?
- Bəli. Ancaq internetdən aktiv istifadə etmirəm. Kompüter mənim üçün yazı makinasını əvəz edib. İnternet vasitəsilə yazışmıram. Bu əvvəldən alınmayıb. Etiraf edirəm ki, bu çatışmayan cəhətimdir. Əgər başqa Azərbaycan yazıçıları da mənim günümdədirsə, onda çox pis. Elektron ünvanıma gələn yazıları köməkçilər çıxarıb mənə təqdim edir. Bu, çox ciddi qüsurdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR