Bank Of Baku

Aqil Abbas: “Əvvəlki kimi radikal yazılar yazmaq mənim üçün problemə çevrilib”

Aqil Abbas: “Əvvəlki kimi radikal yazılar yazmaq mənim üçün problemə çevrilib”
# 16 may 2007 07:04 (UTC +04:00)
Yazıçı, “Ədalət” qəzetinin baş redaktoru, millət vəkili, Aqil Abbasın APA-ya müsahibəsi

- Özünüzü necə hiss edirsiniz?
- Yaxşı hiss eləmirəm. Hər gün qapısına çoxlu şikayət gələn adam özünü yaxşı hiss edə bilməz. Özümü yaxşı hiss etməyim üçün cəmiyyət dəyişməlidir.
- Şikayətçiləri harada qəbul edirsiniz?
- “Ədalət” qəzetinin redaksiyasında. Adamlar Milli Məclisdə deputatın qəbuluna düşə bilməyəndə arxasınca söyüş söyürlər. Əslində mənim yanıma seçicilərim yox, problemi olan başqa adamlar gəlir. Seçicilərimin yanına mən özüm gedirəm. Tək mən yox, deputatların hamısı insanlara kömək etməyə çalışır.
- Bəs, onda Milli Məclisin qarşısındakı şikayətçilərin sayı niyə azalmır?
- Bu adamların səksən faizi Milli Məclisin qarşısının daimi müştəriləridir. Onlar ora iş yeri kimi baxırlar. Bu adamları ordan uzaqlaşdırmaq mümkün deyil. Ancaq hər gün parlamentin qarşısına yığışan insanların içərisində həqiqətən problemi olanlar da var.
- Deputat seçiləndən sonra çoxları Aqil Abbasın arzusuna çatdığını fikirləşir...
- Mən arzuma Türkiyə futbolda qalib gələndə çatıram. Deputat seçilmək arzum olmayıb. Bu mənim işimdir. Jurnalist kimi həmişə sözümü demişəm. Fikirləşmişəm ki, parlament daha yüksək tribunadır. Mən nə jurnalistəm, nə deputat, mən yazıçı...
- Parlamentdə necə fəaliyyət göstərirsiniz?
- Təhlükəsizlik və müdafiə məsələləri komissiyasının üzvüyəm, orada əlimdən gələni edirəm. Bəzi deputatlar kimi həftənin ikinci günləri keçirilən iclaslarda cari məsələlərin müzakirəsinə həsr olunan vaxtdan populist çıxışlar üçün istifadə etməyi sevmirəm. Parlament məişət söhbətlərinin yeri deyil. Çoxları orada nədən gəldi danışır.
- Siz deputat seçiləndə çoxlarına elə gəlirdi ki, orada sakit oturmayacaqsınız...
- Mən öz işimi görürəm. Komissiyada dediyim sözü plenar iclasda təkrar etməyə ehtiyac görmürəm. “Baytarlıq haqqında” qanundan əvvəldən zəhləm gedib. İndi bu qanun müzakirəyə çıxarılanda mütləq öz münasibətimi bildirməliyəm? Ancaq lazım bildiyim anlarda sözümü kəskin demişəm.
- Ümumilikdə parlamentin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Parlamentdən yüksək səviyyədə nəsə gözləmək tezdir. Parlamentin fəaliyyətini kafi qiymətləndirirəm. Ən pisi odur ki, qanunların 95 faizi Prezident Aparatından gəlir. Mən qanunların daha çox parlamentdə hazırlanmasının tərəfdarıyam. Qoy, qanun layihələrini deputatlar hazırlasınlar.
- Deputat olandan sonra Milli Məclis haqqında təsəvvürləriniz nə qədər dəyişdi?
- Həbsxanada nə baş verdiyini bilmək üçün “Bayıl”a girməyə ehtiyac yoxdur. Mən əvvəllər də parlament haqqında indiki kimi düşünürdüm. Parlamentdəki jurnalistlər hər şeyi bilirlər. Deputat seçiləndən sonra öz gücüm daxilində müəyyən işləri görə bilirəm.
- Siz jurnalistlərin həbsindən, mətbuata qarşı təzyiqlərdən heç danışmırsınız...
- Düz söz deyəndə jurnalistlərin xoşuna gəlmir. Axı, jurnalistə kim icazə verib ki, qəzet səhifəsində kimisə təhqir etsin? Təhqir edən məhkəməyə veriləcək. Ancaq mən bir neçə dəfə haqqımda təhqir yazan jurnalisti camaatın içində yumruğumun altına salmışam. Məhkəməyə vermək mənim işim deyil. Mən təkzibimi sillə ilə verirəm. Həbsdə olan jurnalistlərlə bağlı danışmaq əvəzinə, rəsmi şəkildə məktub yazıb onların azadlığa buraxılmasını istəmişəm. ANS bağlananda onların müraciətinə birinci mən qol çəkmişəm.
- Sizin sözünüzdən belə çıxır ki, həbs edilən jurnalistlər öz cəzalarını çəkir?
- Müəyyən mənada hə. Tənqid başqa şeydir, amma kiminisə başqasını təhqir etmək hüququ yoxdur. Söz azadlığı kimisə söymək deyil. Söz azadlığı sözün azadlığından istifadə edib sözünü deməkdir. Mən heç vaxt heç kimi təhqir etməmişəm. Məsələn, mən nazirin övladını Amerikada təhsil almağa göndərdiyini, pulunu da pambıq zavoduna ödətdirdiyini yazmışam, Fərhad Əliyev iqtisadi inkişaf naziri olanda onun obyektlərinin siyahısını dərc etmişəm. Amma kiminsə şəxsiyyətinə toxunmamışam.
- Parlamentindəki siyasi qüvvələrin mübarizəsini necə qiymətləndirirsiniz?
- Parlamentdə bir-birinə qarşı çıxan siyasi qüvvələr Milli Məclisin çayxanasında çay içib, şirin-şirin söhbət edirlər. Onlar iclasda mikrofona işləyirlər. Məsələn, Pənah Hüseynlə Siyavuş Novruzovun bir-birinə qarşı sərt çıxışları iclas zalından bayırda görünmür.
- Bu gün “Ədalət” qəzetini kim çıxardır?
- Xanımım. Qəzetin redaktoru kimi mənim imzam qalsa da, bütün əziyyətini İradə Tuncay çəkir. Ancaq burada qəzetin kollektivinin də zəhməti var.
- Onun iş prinsipi ilə razısınız?
- Razıyam. O, hadisələrə məndən daha cəsarətli baxır.
- Bəs, Siz niyə dəyişdiniz?
- Mən elə həmin Aqil Abbasam. Sadəcə olaraq, əvvəlki kimi radikal yazılar yazmaq mənim üçün problemə çevrilib. Çünki hər gün bu insanlarla ünsiyyətdəyəm. Mən indi vəzifəli dostlarım haqqında düşündüklərimi yazmaq əvəzinə, şəxsən özlərinə deyirəm. Həmişə maarifçi qəzet nəşr etdirmək istəmişəm. Sadəcə olaraq, bu gün Azərbaycanda maarifçi qəzet yox, söyüşçü qəzet oxunur. Azərbaycan dilindəki söyüşləri məndən yaxşı bilən yoxdur, ancaq qəzet səhifəsi söyüş yeri deyil axı... Təəssüf ki, bu gün “Azadlıq” kimi qəzet öz ənənəsindən çıxıb. İndiki “Azadlıq” bir il əvvəlki “Azadlıq” deyil.
- Bir vaxtlar iş otağınızda başınızın üstündə İsgəndər Həmidov, Cövhər Dudayev, Alparslan Türkeşin portretlərini asmışdınız. Necə oldu o şəkillər?
- Otağı xanımıma təhvil verəndən sonra Heydər Əliyevin portretini saxladı, qalanlarını çıxarıb atdı. Otağı ona vermişdim, heç nə edə bilmədim. Atası Məmməd Arazın da portreti otaqdan çıxarılanlar arasında oldu. Əvvəllər otağım muzey idi... Ancaq o adamlara qarşı münasibətim heç vaxt dəyişməyib. Hətta onların bəziləri səhv edibsə belə.
- Bir dəfə yazmışdınız ki, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”. Bunu Sizin qaçqınların həyat tərzinə etirazınız kimi başa düşmək olar?
- Çadırda nəinki Üzeyir Hacıbəyov, heç Aqil Abbas da doğula bilməz. Bu işin axırı müharibə ilə nəticələnəcək. Biz müharibə edib torpağımızı qaytaracağıq. İndi danışıqlar vasitəsilə böyük üstünlük qazanmışıq. Bütün dövlətlər Azərbaycanın mövqeyini müdafiə edir.
- Sizcə, Qarabağı ancaq müharibə ilə qaytarmaq mümkün olacaq?
- Buna inanmasam, durub özümü asaram. Bəs, mən nədən ötrü yaşayıram? Deputat olub, yağ-çörək yeməkdən ötrü yaşamıram. Özü də bu tək mənim yox, bütün Azərbaycan xalqının fikridir. İnsanların içindəki inamı öldürmək olmaz. Halbuki, bəzi mətbuat orqanları buna çox çalışır. Şuşanı işğal etsələr də, şuşalı beynini işğal edə bilməyiblər. Yəni, biz həmən ağdamlıyıq, laqeyd ola bilmərik.
- Ədəbiyyat mübarizəsini necə qiymətləndirirsiniz. Bir vaxtlar Yazıçılar Birliyinin sədri olmaq istəyinizlə bağlı informasiya yayılmışdı...
- İndi mübarizə ancaq birincilik uğrundadır. Vaqif Cəbrayılzadə həmişə deyirdi ki, mən iki nömrəli şairəm. Səbəbini soruşanda deyirdi ki, birincilik uğrunda qırğın gedir, ikinci yerə dəyən yoxdur. Ədəbiyyatda belə mübarizələr həmişə olub. Qaldı mənim Yazıçılar Birliyinin sədri olmaq istəyimə, belə şey heç vaxt olmayıb. Mən “Ədalət” qəzetini Yazıçılar Birliyindən üstün təşkilat sayıram. Sadəcə olaraq, bu qurumu tənqid etmişəm. Bir də ki, birliyə müxalif gəncləri müdafiə etmişəm. Çingiz Abdullayev deyir ki, “Tənqid nədir, cəsarətin çatır, yazı yaz”. Mən də sual verirəm, bəs onda Belinski niyə tənqid yazırdı? Azərbaycanda heç kimi özünü günahkar saymır. Bu gün ədəbiyyat da iqtidar və müxalifətə bölünüb. Hər iki tərəf bir-birini ittiham etməklə məşğuldur. Yazıçılar Birliyi müxalif mövqedə olan gənc nəslin “Ulduz” və “Azərbaycan” jurnallarında çap olunmasına imkan verməlidir. Qoy, onlar Anarın əleyhinə yazdıqları tənqidi yazılarını Yazıçılar Birliyinin orqanlarında çap etdirə bilsinlər.
- Özünüzü hansı səviyyəli yazıçı sayırsınız?
- Şedevr yaratmamışam. Nəyi bacarmışam, onu yazmışam. Hər kəs gücü çatanı yazır.
- Bu gün Azərbaycan ədəbiyyatında ən istedadlı yazar kimdir?
- Kamal Abdulla. O, nisbətən yaşlı nəslə aid olsa da, yazmağa son illər başlayıb. Gənc nəslin ən istedadlıları yazarları isə Aqşin və Seymur Baycandır. Qan Turalı adlı bir
istedadlı yazar da tanıyıram. Bu gənclərin qarşısını kəsməsələr, onlar çox sürətlə irəliləyirlər.
- Məmməd Araza münasibətdən razısınız?
- Həm xalqın münasibətindən, həm də dövlətin qayğısından razıyam. Azərbaycanda xalqın sevdiyi dörd-beş şair varsa, biri də Məmməd Arazdır.
- Deyilənə görə hər gün içirsiniz...
- Yox, qətiyyən belə deyil. Sadəcə mənim danışığım, yerişim, duruşum elədir ki, hamı elə bilir içkiliyəm. Atam mənə deyirdi ki, heç vaxt qəmli dayanma, çətin anlarında da üzün gülsün.
- Nə vaxtsa namaz qılmaq fikriniz var?
- Qətiyyən. Mən onsuz da hər gün ibadət edirəm, “Quran”ı oxuyuram. Atam çox dindar adam olub, amma heç vaxt namaz qılmayıb. Bir gün içməyə bilərəm, amma namaz qılmaq mənim işim deyil. Mən Allahdan qorxmuram, onu sevirəm. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR