Bank Of Baku

Seyran Səxavət: “60 ildir, bir roman yazıram” - FOTOSESSİYA

Seyran Səxavət: “60 ildir, bir roman yazıram” - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 10 oktyabr 2007 12:29 (UTC +04:00)
- Neçə ildir ki, görünmürsünüz. Haralarda olursunuz?
- Başımı aşağı salıb öz işimlə məşğulam. Yazanda özümü yaxşı hiss edirəm, yüngülləşib, mehribanlaşıram. Ümumiyyətlə, mənim üçün gündəm anlayışı yoxdur, dünyada ki varam. Gündəm dünyadan böyük deyil ki? Mən şou əhli və ya diktor deyiləm ki, hər gün efirdə görünüm.
- Nə yazırsınız?
- Mən həmişə bir yazını iki dəfə yazıram. Birinci dəfə beynimdə, ikinci dəfə kağız üzərində. İkinci yazı sadəcə mirzəlikdir. İndi mən mirzəlik etmirəm. “60 ilin kişisi” adlı üç hissəli bir roman üzərində işləyirəm. Demək olar ki, bu əsər beynimdə tam hazırdır. Gərək yazı ardınca gedəndə hər şeyi unudasan. Yazı çox eqoist bir şeydir. Yazı biləndə ki, sənin qəlbində ondan başqa zərrə qədər nə isə var, heç vaxt əlinə qələm götürə bilməzsən. Bunun üçün mənəvi-psixoloji hazırlıq lazımdır. Bu çox intim bir şeydir. Sözün böyük mənasında iki sevən adamın yanında üçüncü həmişə artıqdır. Mən də bütün ömrüm boyu çalışmışam ki, yazı ilə mənim yanımda qəmiş olmasın. Yazıçı həmişə yazır, amma həmişə köçürmür.
- “60 ilin kişisi”ni neçə ildir yazırsınız?
- Mənim 60 yaşım var. Demək olar ki, 60 ildir, bu roman üzərində işləyirəm. Vaxt çatıb, artıq onu köçürmək lazımdı.
- Əsərin mövzusu nədir?
- Keçdiyim həyat yolundan bəhs edir. Mən də cəmiyyətdə havayı yaşamamışam. Dünyada hamıdan çox tanıdığım özüməm. Ən çox tanıdığım adamı qoyub niyə başqasından yazmalıyam?
- Azərbaycan ədəbiyyatında “oxucu aclığı” hiss olunur?
- Mən indiki prosesin adını “oxucu harınlığı” qoyardım. Özü də bu, heç nədən toxluqdur. Bu gün Azərbaycanda oxumamaq eşqindən doğan toxluq və harınlıq var. Bu da keçid dövrü və iqtisadiyyatla bağlı bir şeydir. Mətbuatda çox az-az görünürəm. Bir dəfə mənə sual vermişdilər ki, çoxdan bəri niyə susursunuz? Demişdim, mənim səsim həmişə gəlir, sadəcə xalqın qulağı bir az ağır eşidir. Mən susanda da susmağımla ədəbiyyata xidmət etmişəm. Nəyə görə, ədəbiyyatın ekologiyasını korlayasan?
- Bu gün Azərbaycan ədəbi mühitində durğunluq hökm sürür...
- Mənim ədəbi mühitimə dünyanın görkəmli yazıçıları daxildir. Niyə mən o boyda mühiti qoyub gəlib küncə sıxılmalıyam? Azərbaycan ədəbi mühiti dünya ədəbi mühitinin yanında uzaqbaşı yataq otağına bənzəyir, biz hamımız burada yatmaqla məşğuluq. Dünyanın ədəbiyyat sarayı isə böyükdür.
- Azərbaycan yazıçıları bu gün daha çox nəylə məşğuldurlar?
- Hamının yerinə cavab verə bilmərəm. Ancaq soruşsanız deyə bilərəm ki, Əkrəm Əylisli Milli Məclisdə deputatdır, Anar Yazıçılar Birliyində sədrdir, Elçin baş nazirin müavini işləyir. Bu gün 1500 yazıçı var, hərəsinin də bir iş-gücü. Yəni kimin nə işlə məşğul olduğunu hamımız bilirik. Məncə, əsl yazıçılar yazmaqla, elə belə yazıçılar isə nə ilə gəldi onla məşğuldurlar.
- Bəs Seyran Səxavət niyə bir işlə məşğul deyil?
- Adımın qarşısında heç bir titul yoxdur. Mən tərtəmizəm. Sovet vaxtında mənə “Komsomol” mükafatı vermək istəyirdilər, gedib imtina elədim. Hərdən adamlardan tərsinə xahiş edirəm. Hərənin bir taleyi var, kor-koranə alın yazısına inananlardan deyiləm. Elə anlar olub ki, əsasən inandığım alın yazısını da anonim hesab etmişəm. Hər halda mənim taleyimə baş nazirin müavini olmaq yazılmayıb. “Bu tale ilə barışıram” deməyin özü də artıqdır. Mən heç tale ilə dava eləməmişəm də, barışam. Taleyimlə bağlı yazılan ssenaridə baş nazirin müavini və ya millət vəkili abzasları yoxdur. Ancaq mən bu taleyi halallıqla qəbul edirəm. Qəbul etmədiyim yalnız bir şey var. Vay o gündən ki, bir əbləh bəndə Allahın Seyran Səxavət adlı ssenarisinə bir abzas əlavə edib, “sən bunu da yaşamalısan” desin. Mən bu abzası heç vaxt qəbul edib yaşaya bilmərəm.
- Ədəbi mühitdə yeni imzalar da ortaya çıxır...
- Arxadan gələn yeni nəslin nəfəsini hiss edirəm. Kamil Əfsəroğlu və Kamran Nəzirli gözəl nasirdirlər, onları oxumuşam. Gənc nəslin nümayəndəsi olan şair Aqşin də var. Onun cəmiyyət tərəfindən birmənalı qarşılanmayan xüsusiyyətlərinin olmasına baxmayaraq, olduqca istedadlı oğlandır. Ondan bir az qabaqkı nəslə aid olan Salam Sarvan da istedadlı şairdir. Bu yaxınlarda Elşad Ərşadoğlu adlı 21 yaşlı tələbə şairlə də tanış olmuşam. Onun bir misrasını oxudum. “Mən köhnəyəm, amma cındır deyiləm” və yaxud “Bu itiləri kim buraxıb, adamlar quduran yerə?”. Gözəl deyilib, yəni ədəbiyyatın nəsli kəsilə bilməz. Ədəbiyyat var, o yaranır. Sadəcə, ədəbiyyata diqqət azdır, bu reklam bolluğunda ədəbiyyatın yeri yoxdur. Biz adicə bir armudu Məhəmməd Füzulidən çox reklam edirik.
- Sizin haqqında xoş sözlər dediyiniz ədəbi gənclik yaşlı nəsillə qovğadadır...
- 1980-ci illərin sonunda televiziya ilə çıxış edərkən demişdim ki, Azərbaycan xalqına demokratiyanı ildə bir dəfə, Novruz bayramında, güclü plov yeyəndən sonra bir çay qaşığı dadızdırmaq olar. Bu gün də o fikirdə qalıram. Demokratiya o qədər genişlənib ki, dünyanın hegemon dövlətlərinin ərazisinə çevrilib. Ədəbi gənclik necə fikirləşirsə, o cür də danışır. Hər iki tərəfə yüksək intellekt və humanizm lazımdır. Mənim içimdə gənclərə qarşı heç bir kin yoxdur. Hər şeyi onların cavanlığına keçirəm. Bəs qocalara necə haqq qazandırım? Biz gənclərə güzəştə getməliyik, gənc ədəbi nəsli sevirəm. Bu məsələni zaman həll edəcək. Qocaların yeri çoxdan məlumdur, cavanları da zaman öz yerini göstərəcək.
- Onlar ədəbi hakimiyyətə gəlmək istəyirlər...
- Mən bu istəyə son dərəcə təbii baxıram. Yaşlı nəsil əgər doğrunda da, dünya görmüşdüsə, gənclərə məhəbbət və nəvazişlə yanaşmalıdır. Gənclər də öz yerlərini bilməlidirlər. Rəsul Rzanın belə bir şeri var. “Mən getsəm keçmişim qalar, sən getsən gələcəyini apararsan”. Gözəl sözdür, yəni bir az ehtiyatlı olmalıdırlar. Biz Avropaya inteqrasiya etsək də, özümüz kimi yaşamalıyıq.
- Necə dolanırsınız?
- Keçən əsrin 90-cı illərindən işsizəm. 1990-cı ilin yanvarından bu yana işləmirəm. Artıq 17 ildir ki, işləməyən və əlindən yazmaqdan başqa heç nə gəlməyən bir adam necə dolanırsa, mən də elə dolanıram. Beş övladım, beş nəvəm var. Açığı çətindir, daha doğrusu çox ağırdır. Xalqımın qarşısında üzü ağ, övladlarımın qarşısında üzü qarayam. Bilsəydim ki, belə olacaq heç evlənməzdim. Mən övladlarıma gün ağlaya bilməmişəm. Bu gün mən kasıbçılıq içində yaşayıram. Bunu nə fəxrlə, nə də qısıla-qısıla deyirəm. Əgər belə yaşayıramsa bu Seyran Səxavətdən çox cəmiyyətin günahıdır. Məndən çox cəmiyyətin başıaşağılığıdır.
- Nə əcəb adınızı prezident təqaüdçüləri sırasına daxil etməyiblər?
- Bu siyahı ola bilsin hazırlanır. Əgər lazım biləcəklərsə, adımı siyahıya daxil edəcəklər. Mən kimə nə deməliyəm axı? Nə vaxtsa bu siyahı ortaya çıxacaq. Mənim özümə qalsa acından it kimi gəbərməyə də hazıram. Amma indicə övladım zəng etdi ki, bəs nəvənin yeməyi qurtarıb. O, dörd aylıqdır, Seyran Səxavəti haradan tanıyır? O nə bilir Azərbaycan ədəbiyyatı nə deməkdir? Mən sizinlə çox açıq söhbət edirəm. Demək olar ki, bütün övladlarım mənimlə qalır. Onlar hamısı ali təhsil alıb, amma işsizdilər.
- Heç kimdən umacağınız yoxdur?
- Əli yuxarıda olan yazıçılardan umacağım var. Məsələn, Əkrəm Əylislidən. O gün zəng vurmuşdum, demək olar ki, onunla telefon davası etdim. Ona dedim ki, bizim yerimizi dəyişdirsəydilər, hamınıza əl tutardım. Beş-altı nəfərdirlər, heç birisi bir kömək etmir. Son illərin ən çox şahlıq edən bir atalar sözü var. “Toxun acdan xəbəri yoxdur”. /APA/

















1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR