Bank Of Baku

Rüstəm Behrudi: “Mən böyük şairəm, özü də hamıdan böyük...” FOTOSESSİYA

Rüstəm Behrudi: “Mən böyük şairəm, özü də hamıdan böyük...”  <font color=#FF0000>FOTOSESSİYA</font>
# 25 dekabr 2007 08:53 (UTC +04:00)
- Bu gün şair Rüstəm Behrudi hansı həyat tərzini keçirir?
- Bəlkə də Azərbaycanda heç kimə bənzəməyən həyat tərzi keçirirəm. Uzun illər ərzində qazandığım nə varsa, hamısı həyat tərzimlə bağlıdır. Heç vaxt görüntü yaratmağa çalışmamışam. “Göz yaşlarından baxan Allah” kitabımda yazmışam ki, bu əsərin oxucular üçün maraqlı və ya maraqsız olacağı mənim eynimə də deyil. Çünki bu həyat mənimdir və mən onu bu şəkildə yaşamışam, görüntü yaratmadan. Həyat tərzim mənim tərcümeyi-halımdır. Həyatımın elə qaranlıq məqamları var ki, onlardan dünyanın ən böyük filmlərini çəkmək olar.
- Nədən ibarətdir bu qaranlıq məqamlar?
- Günlərin bir günü payız fəslində dənizdə boğulmaq istəməyimdən. Nə vaxtsa özümü asmaq istəməyimdən. Həyatımda bir neçə dəfə intihara cəhd etmişəm. Onların reallaşmaması isə məndən asılı olmayıb.
- Bəlkə son məqamda qorxu bu cəhdinizə mane olub?
- İntihar etmək istəyən adamda heç vaxt qorxu hissi olmur. Əslində intihar böyük mənada qorxunun ölümüdür. Həyatımda belə şeylər olub. Yazılarımı diqqətlə oxuyanlar bu məqamı tuta bilir. Məni intihardan həmişə sevgi qurtarıb.
- İntihar cəhdləriniz bir gün reallaşa bilər?
- Ola bilər. İnsan bir şey haqında düşünürsə, onun reallaşması mümkündür. Dahilərdən hansısa deyib ki, şairlərə ölümdən və xəstəlikdən danışmağı qadağan eləmək lazımdır. Şairlər ölümdən və qorxudan danışdıqca, həmin şeylər onları daha tez tapır. Ancaq insan həm də yaşamaq istəyir. Həyatın elə məqamları olur ki, artıq orada intihar yaşamaqdan daha yuxarıda dayanır. Belə bir an gəlir ki, insan həm ölmür, həm də yaşamır. Bax, intihar həmin məqamda gəlir.
- Bəlkə intiharla ölüm başqa cür ölümlərdən qeyri-adiliyinə və sensasiyasına görə fərqləndiyi üçün bu yolu seçmək istəmisiniz?
- İntiharla ölümdə məqsəd var. Məqsəd varsa, burada gözəllikdən söhbət gedə bilməz. İstənilən canatma gözəlliyi yaralayır. Burada daha çox can qurtarmaq istəyi var. Can atmaq artıq insan yox, İblis istəyidir.
- Dünyanın böyük ədəbiyyat adamlarından bəziləri intihar edib. Azərbaycanda isə bircə nəfər belə cürətli qələm sahibi tapmaq olmaz. Bəlkə bu elə böyük ədəbiyyat yarada bilməməyimizdən irəli gəlir?
- İntihara cəhdin özü belə fakt sayılır. Bu cəhd reallaşmayıbsa, başqa məsələ. Ancaq Azərbaycanda da intihar edən şairlər olub. Məsələn, çox tanınmasa da, Sərdar Əsəd adlı şair özünü asıb. Mən onun yaradıcılığını izləmişəm.
- Yaxşı, Siz niyə intihar etmək istəyirsiniz?
- İnsanın arzuları ilə imkanları arasında uçurum yaranır. Sən bir şey istəyirsən, lakin imkanın bunu reallaşdırmağa çatmır.
- Kənardan baxanda Sizin arzularınızla imkanlarınız arasında o qədər də uçurum görünmür axı...
- Bu, kənardan belə görünür. İnsanın içində nə olub bitdiyindən heç kəsin xəbəri yoxdur. Kim nə bilir, mən necə yaşayıram? Adamlar fikirləşir ki, Rüstəm Behrudi çoxlu kitab yazıb, hər yerdə tanınır, onu sevirlər. Bəlkə də bu sevgi heç mənə lazım deyil? Bu sevgi bəlkə heç məni ovutmur? Bəlkə də öz içimdəki şöhrət azarını çoxdan öldürmüşəm? Kənardan adamlar çox sirli görünür. Fikirləşirsən ki, bu yer üzündə heç kim heç kimi tanımır. İnsan tək doğulur, tək yaşayır, tək də ölüb gedir. Bu mənada adamların səni tanıması qeyri-mümkündür. Ya da bir şairin atdığı addıma kiminsə qiymət verməsi anormal bir hadisədir. Şairlərin peyğəmbərlərdən fərqi sözü adamlara öz bildikləri kimi çatdırmaq imkanındadır. Peyğəmbərlər Allahın göndərdiyi kəlamları insanlara olduğu kimi, şairlər isə istədikləri kimi çatdırırlar. Şairlə peyğəmbərin fərqi buradadır. Şairlər peyğəmbərlərdən daha azaddırlar.
- Siz özünüzü nə qədər azad sayırsınız?
- Bu yer üzündə özümdən azad adam tanımadım. Ancaq mənim azadlığıma bir az qorxu çöküb. Həm cəmiyyətin qoyduğu qayda-qanunları, həm də azadlığımı qorumaq istəyirəm. Digər tərəfdən, bu qorxu ilə o azadlıq heç vaxt bir yerdə yaşaya bilməz. Bu mənada mənim azadlığımın üstünə qorxu kölgəsi düşüb. Əgər Allah mənə istedad veribsə, bu cəmiyyətin qayda-qanunlarını dəyişmək imkanım olmalıdır, amma gücüm çatmır. Yalan danışmaq istəmədim.
- Niyə gündəmdə deyilsiniz?
- Öz yazdığını günə hesablayanlar ədəbiyyat adamları deyil. Mən öz yazdıqlarımı əbədiyyətə hesablayan adamam. Görünməməyimin əsas səbəblərindən biri də danışmaqdan daha çox iş görmək istəyimlə bağlıdır. Son vaxtlar iki böyük əsər ortaya qoymuşam. Bir də dünyada görüntü yaratmaqdan, özünü gözə soxmaqdan pis şey tanımıram. Yeddi il olar ki, türk xalqlarının uzaq tarixini əhatə edən böyük bir əsər üzərində işləyirəm. Hər il bu əsərə bir ad qoyuram. Artıq başa çatdırmaq üzə olduğum bu əsərin təkcə Azərbaycan və türk dünyasında deyil, eləcə də dünya ədəbiyyatında ədəbi hadisəyə çevriləcəyinə inanıram. Bu, səhnə əsəridir və orada qeyri-adi obrazlar silsiləsi var. Bu əsərdə dünya ədəbiyyatında ilk dəfə olaraq Məhəmməd Peyğəmbər səhnəyə gətirilib.
- Peyğəmbəri səhnəyə gətirməklə risk etdiyinizi düşünmürsünüz ki? Xüsusilə dini məsələlərin emosionallıqla qarşılandığı bir vaxtda bu cəhdiniz Sizə asan başa gəlməyə bilər...
- Ədəbiyyat belə şeyləri sevir. Peyğəmbərlərin hamısı eynidir. İsa səhnəyə gələ bilirsə, Məhəmməd də gəlməlidir. Məncə, Məhəmməd Peyğəmbərin obraz kimi səhnəyə gətirilməsi onun böyüklüyünə daha çox xidmət edə bilər. Bir də ki, mən Allahı səhnəyə gətirib, ona saqqal qoysaydım, onda məni ittiham etmək olardı. Əslində heç onda da ittiham etmək olmaz. Mən Allahı belə görürəmsə, kim nə deyə bilər?
- Peyğəmbərin səhnədəki rolu nədən ibarətdir?
- İblisin qiyaməti necə hazırladığını açmaq üçün peyğəmbərlərin səhnəyə gəlməsi lazımdır. Orada İblis peyğəmbərdən bəzi suallara cavab istəyir. Axı lazım olduğu anda bəndələrinə görünməyən peyğəmbər, peyğəmbər deyil...
- İndi “lazım olan” andır ki?
- Ola bilsin, adamlar Məhəmməd Peyğəmbərin varlığını unudub. Azərbaycanda Allah sevgisi adamların riyakarlığından başqa bir şey deyil. Mən bu ölkənin insanlarının Allah sevgisinə inana bilmirəm. İnsanın insana asi olduğu bir məmləkətdə Allah sevgisindən danışmağa dəyməz. Allaha olan sevgi bəndələrin bir-birinə olan sevgisinin üstündə bərqərar olmalıdır. O yoxdursa, hansı Allah sevgisindən danışmaq olar?
- Demək istəyirsiniz ki, bu məmləkətdə Tanrı sevgisi yoxdur?
- Xeyr. Ən böyük sevgi Allaha olan sevgidir. Əgər bu sevgi yoxdursa, heç nə baş tutmayacaq. Bu ölkədə hamı Allahdır, kim nə istəyirsə edir. Allahlar olan yerdə, Allah olmur. O mənada mən bu din adamlarının Allah sevgisini riyakarlıqdan başqa heç nəyə hesablamıram. Din iman işidir, iman isə bir şeyi qəlblə təsdiqləməkdir. Bir ölkədə ki insan imanından siyasi partiya düzəldib hakimiyyətə gəlmək istəyirlər, o zaman doğrudan da bu ölkədə vəziyyətin mən deyən kimi olduğu bəlli olur. Bir vaxtlar türk millətinin mifik düşüncə tərzində böyük rol oynamış “Boz qurdçuluğu” partiyaya çevirmək istədilər. Bu düşüncə partiya şəklinə salındığı anda “Boz qurdçuluq” hörmətdən düşdü. Din də belədir.
- Deyirlər, Siz bu gün şairdən daha çox iş adamı kimi tanınırsınız. Yəni böyük bizneslə məşğul olmağınızı nəzərdə tuturam...
- Bu dünyada heç kimə yük olmamaqdan gözəl şey yoxdur. Allah da, məni tanıyanlar da bilir ki, mən ömrüm boyu heç vaxt nəyisə alıb-satmamışam. Doğrudan da belə olsaydı, sevinərdim ki, heç kimə ehtiyacım yoxdur. Ömrüm böyü biznes deyilən bir şeyin nə olduğunu bilməmişəm. Dünyanın ən böyük adamları ticarətlə məşğul olublar. Bayaqdan Məhəmməd Peyğəmbərdən danışırıq. Bu adam kim olub? Alver edib də... Bunun nəyi pisdir ki? Belə şeyləri yazanlar sözümdə heç bir qüsur tapa bilməyənlərdir. Başa düşə bilmirəm ki, bu adamlar məni niyə istəmirlər. Axı həmişə onların sözünü demişəm. Bir adam tapılmaz desin ki, bir dəfə məni yolumu sapan görüb. Bu şeyləri yazanlar bəlkə də bilmirlər ki, mən Azərbaycanda öz kitablarının puluna dolanan yeganə adamam. Mənim bir kitabımın qiyməti 50-100 dollardır. Kitablarıma 500-1000 dollar verənlər də var. Kitabıma avtoqraf yazdırmaq istəyən məmur 1000 dollar verir, amma yazmıram. Yer üzündə gördüyüm ən böyük iş şer yazmaqdır. Bir sözlə, bunu yazanların başları xarabdır.
- Bəs məşhur “Behrud” şirkəti kimindir?
- Qardaşlarımın. Məcbur olub onlara deyəcəm şirkəti bağlasınlar? Əslində isə biznes namuslu bir işdir.
- Niyə bu qədər əsəbi və gərgin görünürsünz?
- Bu, başqa problemlərdən qaynaqlanmır, sözlə bağlı bir şeydir. Mən payız adamıyam. Bütün kitablarımı payızda yazmışam. Yazda çiçəklər açanda isə dəli oluram.
- Sentyabrda 50 yaşınızı qeyd etdiniz. Amma indiyə kimi heç bir fəxri ad almamısınız...
- Bu yaxınlarda Türkiyə Yazıçılar Birliyinin Uluslarası Beynəlxalq Şeir Festivalında 84 şair arasında birinci yer tutub, qızıl mükafat almışam. Mənim üçün bundan böyük mükafat yoxdur. Şeir yaza bilmirsənsə, mükafatın xeyri yoxdur. Nə hökumətdən, nə də xalqdan mükafat gözləyirəm. Məni şeir yazmağa kim məcbur edib ki? Heç kimin mənə borcu yoxdur. Şeiri mükafat almaq üçün yazmamışam. Bəyəm hökumət kimdənsə şeir yazmağı xahiş edib ki, bunun da əvəzini mükafatla versin? Bizim xalq şairlərinin çoxunu Avropada tanımırlar.
- Bu gün türk dünyasının ən böyük ədəbiyyat adamı kimdir?
- Təbii ki, mən. Əgər bu şəxsin özüm olduğunu deməsəm, gərək şeir yazmayam. Özünü birinci hesab etməyən şairin şeir yazmağı günahdır. Mən özümü birinci hesab edirəm. Belə hesab etməsəm, qələm-kağızı bir tərəfə qoyub, sənin dediyin kimi bizneslə məşğul olmalıyam.
- Seyran Səxavət demişdi ki, Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatının yanında yataq otağına bənzəyir və biz orada ancaq yatmaqla məşğuluq...
- Mən o yataq otağında bir dəfə də olsun, yatmamışam. Sərxoşluq etdiyim anlarda belə ədəbiyyatla məşğul olmuşam. Bu söz Rüstəm Behrudiyə aid deyil. Ancaq böyük mənada ola bilsin ki, Seyran Səxavət düz deyir. Bütün həyatım boyu içimdəki adamı qorumaqla məşğul olmuşam. Mənim sözlə münasibətim Allahla olan münasibətimə oxşayır. Bunlardan biri pozuldusa, deməli hər şey itdi. İmtina etmirəm, mən böyük şairəm, özü də hamıdan böyük şair. Ancaq sən məni camaatla düşmən edəcəksən...
- Azərbaycan ədəbiyyatında baş verən prosesləri izləyirsiniz?
- Gənc ədəbi nəslin yaşlı nəsli bəyənmədiyini bilirəm. Anma onlar səhv edirlər. Ən azı iddia və müqayisə üçün ortaya əlahəzrət fakt olan əsər qoyulmalıdır. Əgər əsər yoxdursa, danışılanlar boşboğazlıqdır. Bizim gənclərinki də ədəbi boşboğazlıqdır. Onların içində istedadı olanlar var. Ancaq bu adamlar bütün enerjilərini Yazıçılar Birliyinə qarşı mübarizəyə həsr ediblər. Son on ildə Azərbaycan ədəbiyyatında hadisəyə çevriləcək heç nə yoxdur. Bir dəfə demişdim, indi də o fikrimdə qalıram ki, Yazıçılar Birliyini ləğv etmək lazımdır. Yazıçılar Birliyi öz mahiyyətini itirmək üzrədir. Bu qurum çoxdan dağılmalı idi.
- Bəs niyə dağılmır?
- Bu təşkilat dövlət büdcəsindən maliyyələşir. Büdcədən maliyyələşmə kəsildiyi gün Yazıçılar Birliyi dağılacaq. Bu təşkilatda olanlar orada pula görə oturublar. Deməli, burada yorğan davası var. Bu adamlar heç vaxt ədəbiyyat işi ilə məşğul olmayıblar. Mən heç vaxt Yazıçılar Birliyinə getməmişəm, heç fikrim də yoxdur. Yəni bu təşkilata ehtiyacım belə olmayıb. Əlimdə dəftər gedib Yazıçılar Birliyindən necə yazmaqla bağlı nəsihət almayacağam ki...
- Bəs başqaları Yazıçılar Birliyinə niyə gedir?
- Onların getməyə yeri yoxdur. Bəlkə də ədəbiyyat adamlarının görüşdüyü bir yer kimi Yazıçılar Birliyi lazımdır. Orada təqaüdləri də bölüşdürmək sistemi düzgün qurulmayıb. Axı kimin kimdən yaxşı yazdığını necə müəyyən etmək olar?
- Ən son yazdığınız şeirdən bir parça deyə bilərsiniz?
- Sənə can atmıram daha,
Canım yoxdur, can deyiləm.
Allah olsan da, bil sənə
Mən təslim olan deyiləm.

Lap arxamca mələk gələ,
Cəhənnəmdən çələng gələ,
Gəmi ilə ipək gələ,
Bir telin alan deyiləm.

Öldüm... Çıx get gülə-gülə,
Nə ah çək, nə də dərd elə,
Üstümdə hönkürmə belə,
Mən sənin balan deyiləm. /APA/














1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR