Bu gün Bakı Dövlət Universiteti (BDU) və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının birgə təşkilatçılığı ilə “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra videotəqdimat və BDU-nun infoturu təqdim edilib.
Mərasimdə çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, Ulu Öndər Heydər Əliyev daim Nizami irsinə diqqətlə yanaşıb. Onun sözlərinə görə, Heydər Əliyevin Nizami irsinə verdiyi dəyər bu gün də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirilir.
Rektor “Nizami Gəncəvi İli” münasibəti ilə Bakı Dövlət Universitetində Tədbirlər Planı hazırlandığını diqqətə çatdırıb: “Tədbirlər Planına müvafiq olaraq, Nizami Gəncəvinin zəngin irsinin öyrənilməsi və tələbə gənclər arasında geniş təşviq edilməsi istiqamətində BDU-da bir çox elmi seminar, layihə, müsabiqə, dəyirmi masa, konfrans və sair həyata keçirilib, kütləvi informasiya vasitələrində işıqlandırılıb”.
E.Babayev Nizami Gəncəvinin kamil insan, ədalətli hökmdar modeli haqqında fikirlərinin onun “Xəmsə”sində əsas xətti təşkil etdiyini qeyd edib: “Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib”.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Nizamı Gəncəvi mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, Cənab İlham Əliyevin verdiyi sərəncam Nizami Gəncəvi irsinə marağın daha da artırılmasına səbəb olub: "Bu gün bizim ən böyük şairimizin, mütəfəkkirimizin yubileyinin qeyd olunması əhəmiyyətli hadisədir. Azərbaycan inkişaf etdikcə öz şəxsiyyətlərinə, onların ruhuna, irsinə sahib çıxır. Bu gün biz Nizamiyə alim də, filosof da deyirik. Ancaq unutmamalıyıq ki, Nizami ilk növbədə şairdir. Onun filosofluğu da, maarifçiliyi də şairliyə xidmət edib”.
Konfransın plenar iclasında çıxış edən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi baş direktoru, akademik Rafael Hüseynov Nizami Gəncəvinin öz dövründə və sonrakı dövrlərdə həm Azərbaycan, həm də dünya ədəbiyyatına ciddi təsiri, dahi şairin həyat və yaradıcılığının müxtəlif alimlərin araşdırmalarında yeri, əsərlərinin tərcüməsi haqqında məlumat verib: “Böyük Azərbaycan şairinin yubileylərinin hər zaman beynəlxalq səviyyədə qeyd olunub. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində özünəməxsus yerə malik nadir şəxsiyyətdir. Nizami özünün bu torpağa, bu dilə, bu mədəniyyətə bağlılığını bütün yaradıcılığında dönə-dönə ifadə edib. Öz yaradıcılığının miqyası, müraciət etdiyi mövzularla bütün dünya xalqlarının şairidir, bütün millətlər Nizami yaradıcılığında özünü tapa bilər”.
Qeyd edək ki, konfransda “Nizami Gəncəvi bəşəri ideyalar carçısı kimi”, “Fəlsəfi fikir tarixində Nizami fenomeni”, “Azərbaycan ədəbiyyatında Nizami ənənələri”, “Nizami və tarix”, “Nizami və folklor”, “Nizami və dünya ədəbiyyatı”, “Nizami və türk xalqları ədəbiyyatı”, “Nizami əsərlərinin mənbələri”, “Nizami yaradıcılığında didaktika”, “Nizaminin ictimai baxışları”, “Nizami irsi dünya mədəniyyəti kontekstində”, “Nizamişünaslıq müasir mərhələdə”, “Nizami əlyazmalarının mətnşünaslıq baxımından öyrənilməsi”, Nizami əsərlərinin tərcüməsi məsələləri: təcrübə, problemlər, həll yolları” və başqa istiqamətlər üzrə müzakirələr aparılacaq.
Konfrans sabah da davam edəcək.