Azərbaycan vətəndaşlarını Rusiyada məcburi əməyə cəlb edən şəxsin məhkəməsi başlayıb

 Azərbaycan vətəndaşlarını Rusiyada məcburi əməyə cəlb edən şəxsin məhkəməsi başlayıb
# 21 noyabr 2015 07:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən Səid İlyasovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 27-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səid İlyasov həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Aparılan araşdırmalar zamanı məlum olub ki, Səid İlyasov qardaşları Əvəz və Əlirza ilə əlbir olaraq Azərbaycan vətəndaşlarını Rusiyanın Samara şəhərində məcburi əməyə cəlb ediblər.

İstintaq müəyyən edib ki, Əvəz, Rzabala və Səid İlyasov qardaşları insan alveri ilə pul qazanmaq qərarına gəliblər. Onlar kasıb ailədən olan azərbaycanlılara tikinti sektorunda iş təklif ediblər, onlar üçün xarici pasport və qatara bilet alıblar, 2011-ci il dekabrın 10-da isə həmyerlilərimizi Samaraya aparıblar. Həmin şəxslər orada donuz fermasını təmizləməyə və heyvanlara baxmağa başlayıblar.

Səid İlyasov 2012-ci ildə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib. Lakin Rzabala və Əvəz İlyasov qardaşları Azərbaycanın hüdudlarından kənarda olduğu üçün həbs edilmələri mümkün olmayıb. 2013-cü ildə isə hüquq-mühafizə orqanlarının əməkdaşları Əvəz İlyasovu həbs edə biliblər. Amma Rzabala İlyasovu həbs etmək mümkün olmayıb. Buna görə də Rzabala İlyasovun barəsində İnterpol vasitəsi ilə beynəlxalq axtarış elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində 2014-cü ildə Ə. İlyasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib və o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR