Rusiya millisinin üzvü Sergey Prokopyev: "Bakıda keçiriləcək Avropa Oyunları bizim üçün bu mövsümün prioritet turniridir"

Rusiya millisinin üzvü Sergey Prokopyev:  "Bakıda keçiriləcək Avropa Oyunları bizim üçün bu mövsümün prioritet turniridir"
# 26 may 2015 14:25 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Bizim üçün Bakıda keçiriləcək Avropa Oyunları bu mövsümün prioritet turniridir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu kişilərdən ibarət çimərlik voleybolu üzrə Rusiya milli komandasının üzvü Sergey Prokopyev bildirib.

Onun sözlərinə görə, komandaları üçün "Bakı-2015" Avropa Oyunları fərqli səbəblərdən əlamətdar hadisədir: "Birincisi ona görə ki, bu yarış Olimpiya oyunlarının analoqu olaraq ilk dəfədir keçirilir. İkincisi isə, mənə iki dəfə Universiadada, bir dəfə isə Londonda keçirilən Olimpiya oyunlarında iştirak etmək qismət olub. Ona görə də, bunun nə olduğunu bilirəm. Ayağımı sındırdığım üçün məşqlərə 3 həftə fasilə verdim. Əminəm ki, bu zədə Avropa oyunlarında çıxışımıza təsir etməyəcək. Artıq məşqlərə başlamışam. Var gücümlə fiziki hazırlığı yerinə yetirirəm. Əminəm ki, Avropa oyunlarına 100 faiz hazır olacağıq. Mayın 26-da Grand Slam turniri start götürür. Bu, Beynəlxalq Voleybol Federasiyasının "Böyük dəbilqə" seriyasından olan dünya turnirinə bir mərhələdir. Bu turnirdən sonra biz Ruslan Bıkanovla bütün turnirlərdə çıxış edəcəyik".

Çimərlik voleybolu üzrə Rusiya milli komandasının digər üzvü Ruslan Bıkanov isə bildirib ki, məqsəd Avropa Oyunlarında qızıl medal qazanmaqdır: “Son ayları biz bu böyük yarışmaya hazırlığa ayırmışıq. Ola bilsin ki, çimərlik futbolunun liderləri olan Avstriya, İspaniyadan bu turnirdə heç kim iştirak etməsə, bizim üçün daha asan olacaq. Lakin biz ancaq özümüzə ümid edirik, heç kəsdən hədiyyə gözləmirik. Maksimum nəticəni əldə etməyə çalışacağıq".

Öz növbəsində çimərlik voleybolu üzrə qadınlardan ibarət Rusiya komandasının üzvü Yuliya Abalakina Avropa Oyunlarının onun həyatında qlobal idman hadisəsi olduğunu söyləyib: "Vacib start qabağı müəyyən həyəcan keçirirəm. Lakin əminəm ki, biz rəqiblərimizlə bacaracağıq və layiqli nəticəyə imza atacağıq".

Komandanın digər üzvü Kseniya Dabija isə yaxşı formada olduqlarını söyləyib: "Bizim digər cütlüyümüz Mariya Prokopyeva və Yekaterina Sırtseva əsas rəqiblərimizdən biridir. Ümid edirik ki, Rusiya milli komandasının hər iki cütlüyü Avropa Oyunlarında uğurlu iştirak edəcək. Bakıdakı Avropa Oyunlarında azarkeşləri sevindirmək üçün var gücümüzlə mübarizə aparacağıq. Çünki onların dəstəyi olmadan bütün idman hadisələri öz mənasını itirir".

Qeyd edək ki, "Bakı 2015" Avropa Oyunlarında çimərlik voleybolu üzrə Rusiya milli komandasının tərkibində Dmitri Barsuk, Yuri Boqatov, Sergey Prokopyev və Ruslan Bıkanov, qadınlardan ibarət milli komandada isə Kseniya Dabija, Yuliya Abalakina, Mariya Prokopyeva və Yekaterina Sırtseva iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR