Azərbaycanda keçirilən növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

Azərbaycanda keçirilən növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb
# 13 iyun 2015 11:23 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 11-də Naxçıvan, Qobustan, Ağcabədi, Ağdam Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzəndə həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

Komissiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

TQDK kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə onu çatdırır ki, ümumi ( 9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bir fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Tam (11-illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

V qrup üzrə müsabiqə şərtləri isə 2 saylı "Abituriyent" jurnalında verilib.

Qeyd edək ki, buraxılış imtahanında bir düzgün cavab 1 balla hesablanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR