Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə 24-25 sentyabr 2025-ci il tarixlərində Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki,“Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusunda təşkil olunacaq sammitdə müvafiq sahə üzrə qlobal miqyasda tanınmış 50-dən artıq spikerin, 150-ə yaxın qurumu təmsil edən 350-dən çox iştirakçının təmsil olunması gözlənilir.
Sammitdə Qlobal tədqiqatın təsiri: Avrasiya regionunun güclü tərəflərindən faydalanma, Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda ali təhsilin rolu və Qitələri əlaqələndirmək: əməkdaşlıq və innovasiya imkanları istiqamətləri üzrə müzakirələr aparılacaq.