Yeni ali təhsil proqramlarının hazırlanması üzrə Komissiyanın iclası keçirilib
Elm və Təhsil Nazirliyində yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
İclas Komissiya sədrinin rəhbərliyi ilə baş tutub
Elm və təhsil nazirinin müavini, Komissiyanın sədri İdris İsayevin rəhbərliyi ilə keçirilən iclasda Komissiya üzvləri və Nazirliyin rəsmiləri iştirak ediblər.
Yeni proqramların hazırlanmasında fəallığa görə təşəkkür bildirilib
Açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev iclasın gündəliyində duran məsələləri iştirakçıların diqqətinə çatdırıb. Nazir müavini Komissiyanın tərkibində müvafiq ixtisaslar üzrə yeni təhsil proqramlarının hazırlanması ilə bağlı yaradılmış İşçi qruplarının üzvlərinə prosesdə aktiv iştirak etdiklərinə görə təşəkkürünü bildirib.
Magistratura təhsilinin məzmunu ilə bağlı fikir mübadiləsi aparılıb
İclasda komissiya üzvləri ilə birgə magistratura səviyyəsində təhsilin məzmununun təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Çıxış edənlər ölkənin sosial-iqtisadi inkişaf tələblərinə uyğun olaraq magistratura səviyyəsində mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasının vacibliyini vurğulayıblar.
Yeni ixtisaslaşma siyahısı və çərçivə sənədi təqdim olunub
Daha sonra təqdimatla çıxış edən komissiyanın üzvü, nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə ixtisaslaşmaların yeni siyahısı və magistratura səviyyəsi üzrə təhsil proqramlarının çərçivə sənədinin yekun versiyası haqda iştirakçılara məlumat verib. Şöbə müdiri əlavə edib ki, İşçi qrupları tərəfindən magistratura səviyyəsində 10 ixtisas qrupunun ümumilikdə 129 ixtisası üzrə 925 ixtisaslaşma təklif edilib.
Təkliflər müzakirə edilib və sənədlərə razılıq verilib
Görüş iştirakçılarının müzakirələrinə əsasən səsvermə nəticəsində sənədlərə razılıq verilib.
İclas müzakirə formatında davam etdirilib.
İşçi qrupların strukturu və fəaliyyət mexanizmi
Qeyd edək ki, sözügedən Komissiyanın tərkibində Təhsil ixtisasları qrupu, Humanitar və sosial ixtisaslar qrupu, Mədəniyyət ixtisasları qrupu, İqtisadiyyat və idarəetmə ixtisasları qrupu, Təbiət ixtisasları qrupu, Texniki və texnoloji və Xüsusi təyinatlı ixtisas qrupları, Kənd təsərrüfatı ixtisasları qrupu, İdman və xidmət ixtisasları qrupu, Əsas (baza ali) tibb təhsili səviyyəsi və Səhiyyə ixtisasları qrupu olmaqla 9 İşçi qrupu yaradılıb. İşçi qruplarına sədrlik ali təhsil müəssisələrinin rəhbərləri və əmək bazarından nümayəndələr olmaqla yeni həmsədrlik mexanizmi əsasında həyata keçirilir. İşçi qruplarının həmsədrləri eyni zamanda Nazirlikdə yeni təhsil proqramlarının hazırlanması məqsədi ilə yaradılmış Komissiyanın üzvləridir.