Bank Of Baku

Özbəkistanın RANCH Universiteti Azərbaycanın ali məktəbləri ilə əməkdaşlıqda maraqlıdır - FOTO

Mərubə Matkuliyeva

© APA | Mərubə Matkuliyeva

# 06 noyabr 2025 16:02 (UTC +04:00)

RANCH Texnologiya Universiteti Azərbaycanın ali təhsil ocaqları ilə əməkdaşlıqda və tələbə mübadiləsində maraqlıdır.

Bunu azərbaycanlı jurnalistlərin Urgenç şəhərində yerləşən RANCH Technologiya Universitetini ziyarəti zamanı APA-ya açıqlamasında Universitetin kafedra müdiri Mərubə Matkuliyeva deyib.

"Avropanın bir neçə nüfuzlu universitetləri ilə yanaşı Azərbaycanın İqtisad və Qərbi Kaspi Universitetləri ilə əməkdaşlıq haqda memarandum imzalamışıq. Bizim nümayəndə heyəti bu ilin may ayında İqtisad Universitetində keçirilən konfransın işində iştirak edib. Əməkdaşlığı inkişaf etdirmək üzrə planlarımız var", - o, bildirib.

Azərbaycan mediasının nümayəndələri Özbəkistanın Xorezm regionu, Urgenç şəhərində yerləşən RANCH Texnologiya Universitetinin yeni kampusuna baş çəkiblər.

Universitet rəsmisinin verdiyi məlumata görə, hazırda kampusda 12 min tələbə təhsil alır və universitetin fakültə və şöbələrinin sayını 32-yə çatdırılıb.
Jurnalistlər kampus daxilində tədris, yataqxana və infrastruktur sahələri ilə tanış olub, universitetin regionda təhsilin inkişafı və texnologiya sahəsində hazırlıq imkanları haqda məlumatlandırılıblar.

Azərbaycan mediasının nümayəndələri sonra Özbəkistanın Xorezm regionu, Urgenç rayonundakı “Damar” süd emalı müəssisəsini ziyarət ediblər. Onlara bildirilib ki, müəssisə fəaliyyətə başladığı 2000-ci ildə gündəlik 150 litr südü emal edirdisə, hazırda burada hər gün 15-20 ton yüksək keyfiyyətli süd xammalının emalı həyata keçirilir.

İşçilərinin sayı hazırda 70 nəfərə çatan müəssisədə 20-dən artıq növ süd məhsulu istehsal olunur. Ziyarət zamanı jurnalistlər müəssisənin xammal mənbələri— regiondakı 40-dan çox fermadan süd toplanması, laboratoriya xidməti və məhsulun daxili bazar və ixrac potensialı barədə məlumat alıblar.

Qeyd edək ki, Özbəkistana səfər zamanı yerli turizm obyektləri, tədris ocaqları, istehsal müəssisələrini ziyarət edən azərbaycanlı jurnalistlər Xivə bölgəsinin iqtisadi, sosial və turizm potensialı ilə yerində tanış olmaq imkanı qazanıblar.

Səfər “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi” çərçivəsində reallaşdırılıb. Layihə iki ölkə arasında media sahəsində qarşılıqlı təcrübə və informasiya mübadiləsinin aparılmasını, həmçinin media ilə iş mexanizmləri üzrə qabaqcıl yanaşmaların öyrənilməsini nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR