“Azərbaycan dünyəvi dövlətdir. Dünyəvi dövlətin təhsil sistemi dünyəvi dövlətin standartlarına uyğun olaraq həyata keçirilir. Qanunvericilikdə də bu öz əksini tapıb”.
Bunu APA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Təhsil eksperti bildirib ki, məktəblərdə dini təbliğat qadağandır: “Azərbaycanda hər hansı bir orta təhsil məktəbində dini təbliğat aparılması qadağandır. Bu, Konstitusiyada öz əksini tapıb. Azərbaycanda müxtəlif dini icmaların nümayəndələri var. Onların öz dinlərinə uyğun olaraq ibadət etmələrinə tam şərait yaradılıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ümumi təhsil məktəblərində müəllim və şagirdlərin geyim forması ilə bağlı müəyyən tənzimləmələr həyata keçirilib. Artıq müəllimlərin müəyyən edilmiş geyim standartlarına uyğun olaraq tədris prosesinə qoşulması, eləcə də şagirdlərin vahid geyim formasında dərslərdə iştirak etməsi qərara alınıb. Bu qərar ümumi təhsil məktəblərində nizam-intizamın gücləndirilməsi, etik davranış qaydalarının möhkəmləndirilməsi və sosial bərabərliyin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Cəmiyyət olaraq hər birimiz istəyərik ki, övladımızın təhsil aldığı məktəbdə nizam-intizam yüksək səviyyədə olsun, şagirdlər və müəllimlər arasında etik davranış qaydalarına riayət edilsin və sağlam təhsil mühiti formalaşsın”.
Ramin Nurəliyev qeyd edib ki, vahid geyim forması sağlam təhsil mühitinin formalaşması üçün əsas amillərdən biridir:
“Biz bunu beynəlxalq təcrübədə də müşahidə edirik. Müxtəlif ölkələrdə müəllimlərin geyimi ilə bağlı müəyyən standartlar tətbiq olunur. Şagirdlərin vahid geyim formasında olması isə sosial bərabərliyin təmin olunması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir. Məsələn, hər hansı bir uşağın sosial rifahı digər uşaqlara nisbətən daha yaxşı ola bilər və həmin uşaq ailəsinin maddi imkanları hesabına məktəbə fərqli geyimdə gələ və ya digər şagirdlərdən seçilməyə çalışa bilər. Amma məktəb hər bir şagirdin bərabər hüquqlarının təmin olunduğu təhsil ocağıdır. Burada bir şagirdin digərinə qarşı sosial hüquqlarının pozulmasına qətiyyən yol verilməməlidir”.
Ekspert bu məsələdə valideyn dəstəyinin vacibliyini vurğulayıb: “Nazirlər Kabinetinin müvafiq qərarını məqsədəuyğun hesab edirəm. Bu istiqamətdə valideynlər də müvafiq dəstək göstərməlidirlər. Biz ümumi təhsil məktəblərində keyfiyyətli təhsil mühiti istəyiriksə, bu, nizam-intizamdan başlayır. Bu istiqamətdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlərlə yanaşı, valideynlər də dəstək verməlidirlər”.