Qurban Qurbanov: “Ədalətli nəticə heç-heçə idi”

Qurban Qurbanov: “Ədalətli nəticə heç-heçə idi”
# 05 noyabr 2015 19:51 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının qrup mərhələsinin IV turunda Fransa təmsilçisi “Monako”nu qəbul edən Ağdam klubu 1:1 hesablı bərabərliklə kifayətlənib. Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında çıxış edən Qurbanov bu sözlərlə fikrini əsaslandırıb: “10 dəqiqəlik periodda oyunu itirdik. Onda da qol buraxdıq. Komandamdan razı qaldım. Oyunda sürət var idi. Rəqibi də qiymətləndirmək lazımdı. Bununla, özümüzü sığortalamıram. Amma belə komandaya uduzmadığımız üçün şükr edirəm. Qarşıda iki oyunumuz qalır. Onlara hazırlaşacağıq. Azarkeşlərə “5 üstəgəl” qiyməti verərdim. Çünki bizi çox gözəl dəstəklədilər. Hər birinə təşəkkür edirəm”.

- 2 xal itirdiyinizi düşünmürsüz?

- Qazanılan hər xala görə razı qalmışam. Ümumi götürsək, ədalətli nəticə heç-heçə idi. Rəqib də qalib gəlməyə çalışdı. Alınmadı. Futbolda hər şeyə hazırlıqlı olmaq lazımdı.

- Qrupdakı şansınızı necə dəyərləndirirsiniz?

- Artıq 4 xal toplamışıq, hələ də şansımız var. Çalışırıq ki, belə rəqiblərlə başabaş mübarizə aparaq. Rəqib bu gün pressinq etsə də, oyunu itirmədik. Düzdü, müdafiədə bəzi səhvlər etdik. Amma ümumilikdə bunu da normal sayıram. Qarşıdakı rəqibləri düşünməliyik. Mümkünsüz heç nə yoxdu. Bizi daha güclü rəqiblərlə oyunlar gözləyir.

- Buraxılan qol epizodunda Şehiçin hərəkətini necə dəyərləndirərdiz?

- Şehiçin oyunundan razı qaldım. Sadəcə, həmin epizodda mən də hiss etdim ki, əllə topu tuta bilərdi. Amma rəqib oyunçu da sürətlə gəlirdi. Yəqin ki, topa tez çatmaq üçün belə reaksiya göstərdi. Sehiç o topu da qaytarsaydı, günün qəhrəmanı olardı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR