STAR zavodunda inşaat işlərinin 75%-i yekunlaşıb

STAR zavodunda inşaat işlərinin 75%-i yekunlaşıb
# 08 sentyabr 2016 11:44 (UTC +04:00)

İzmir. Aqşin Rafiqoğlu – APA-Economics. STAR Neft Emalı Zavodunun ümumi inşaat işlərinin 75%-i artıq həyata keçirilib.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında STAR Neft Emalı Zavodunu baş direktoru İbrahim Palaz bildirib.

Onun sözlərinə görə, mühəndislik işləri bitib, avadanlıqların emalı və gətirilməsi işlərinin 90%-i həyata keçirilib: “Bundan sonra işimiz bu materialların və avadanlıqların sahəmizdə tikintisini həyata keçirməkdən ibarət olacaq. 2018-ci ilin aprel ayında zavodun işlək vəziyyətə gətirilməsi planlaşdırılır. Bunun üçün gələn il bu vaxta qədər mexaniki olaraq zavodun işi tamamlanmalıdır. Zavod istismara veriləndən sonra Türkiyənin idxal etdiyi neft məhsullarının həcmi demək olar ki, yarıya qədər azalacaq. Dolayısı ilə bu Türkiyə üçün böyük kömək olacaq. Bu layihə Türkiyə iqtisadiyyatına 2,5 milyard dollar qənaət etməyə imkan yaradacaq”.

İ. Palaz bildirib ki, hazırda tikinti sahəsində 12 min nəfər işçi çalışır: Oktyabr ayında bu say ən maksimum səviyyəyə çıxacağını və 15 min nəfərə çatacağını planlaşdırırıq. İnşaat işləri yekunlaşdıqdan sonra zavodda çalışacaq işçilərin sayı 850 nəfərə çatacaq. Bunun yarısından çoxu mühəndislər olacaq”.

O qeyd edib ki, bu zavodun tikintisinin maliyyələşdirilməsi 23 bank tərəfindən həyata keçirilir: “Bunlardan biri Türkiyə, digər 22-si isə xarici banklardır. Xarici banklar tərəfindən veriləcək kredit vəsaitinin həcmi 3,3 milyard dollar təşkil edəcək. SOCAR tərəfindən layihəyə yatırılacaq vəsaitin həcmi isə 2,4 milyard dollardır. Artıq bunun 2,2 milyard dolları istifadə olunub. Bundan sonra az miqdarda Azərbaycan tərəfindən sərmayə yatırılacaq”.

İ. Palaz deyib ki, bu günə qədər banklardan kreditin vaxtında alınması ilə bağlı heç bir problem yaranmayıb. “Mexaniki işlər tamamlanandan sonra zavod 3-6 aya tam gücü ilə işləyəcək”.

İ. Palaz STAR Neft Emaı Zavodu üçün tikilən limanlarda işlərinin yekunlaşacağı vaxtları da açıqlayıb: “Hazırda 3 limanın tikintisi davam etdirilir. Neftin qəbul ediləcəyi birinci liman bu ilin sonuna kimi hazır hala gətiriləcək. Hazır məhsulların satışı üçün istifadə olunacaq digər iki limanın tikintisi gələn il bu vaxt başa çatacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR