Dövlət Komitəsinin sədr müavini: “İndiyə kimi məcburi köçkünlərə 5,4 milyard manat xərclənib”

Dövlət Komitəsinin sədr müavini: “İndiyə kimi məcburi köçkünlərə 5,4 milyard manat xərclənib”
# 06 may 2016 14:37 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Azərbaycan dövləti tərəfindən 49 min ailə, 243 min nəfər məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb”.

APA-nın xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov Prezident yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq humanitar hüquq müstəvisində” adlı konfransda çıxışı zamanı deyib. O bildirib ki, buna baxmayaraq, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var: “Onların da yaxın zamanlarda mənzil şəraiti yaxşılaşdırılacaq. Ötən il bir məcburi köçkünə 840 manat vəsait xərclənib. Ümumilikdə isə, indiyə kimi məcburi köçkünlərə 5,4 milyard manat vəsait xərclənib”.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü, millət vəkili Bəxtiyar Sadıqov Azərbaycan gəncliyinə müraciət edərək onları aktiv olmağa səsləyib: “Dağlıq Qarabağ münaqişəsində müsəlman-xristian amili də öz rolunu oynayır. Aprelin əvvəllərində Azərbaycan ordusu düşmənə layiqli cavab verdi, düşmənə öz gücünü göstərdi”.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü, millət vəkili Çingiz Qənizadə qeyd edib ki, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir: “Lakin bütün baş verənlərə baxmayaraq, Ermənistanın baş sığallanır. Bu gün cəmiyyətdə Azərbaycanın istər diplomatik, istərsə də hərbi yolla işğal altındakı torpaqları azad edəcəyinə böyük inam yaranıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR