Bilik Fondu və Təhsil Problemləri İnstitutu arasında memorandum imzalanıb

Bilik Fondu və Təhsil Problemləri İnstitutu arasında memorandum imzalanıb
# 14 yanvar 2016 17:16 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun (ARTPİ) əməkdaşları ilə anlaşma memorandumunun imzalanması məqsədi ilə geniş tərkibli görüş keçirilib. ARTPİ-dən APA-ya verilən xəbərə görə, görüşdə Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov çıxışında ARTPİ ilə Bilik Fondunun əməkdaşlığının zəruri və əhəmiyyətli tərəflərindən söz açıb.

ARTPİ-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov da öz növbəsində rəhbərlik etdiyi elmi-tədqiqat institutunun fəaliyyət planı, perspektiv tədbirlər planı haqda görüş iştirakçılarına məlumat verib.

Tədbirdə təhsil işçilərinin inkişaf etmiş qabaqcıl ölkələrin təhsil sistemində qazanılmış yeniliklərlə tanış edilməsi barədə fikirlər səslənib.

Görüşdə Bilik Fondu ilə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu arasında ölkə əhalisinin maarifləndirilməsi, milli təhsil konsepsiyasının müddəalarının, təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan inkişaf yönümlü istiqamətlərin yerinə yetirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR