Beynəlxalq Forum təmsilçiləri Türkiyəyə yola düşüb

Beynəlxalq Forum təmsilçiləri Türkiyəyə yola düşüb
# 19 fevral 2016 08:18 (UTC +04:00)

Bakı-APA. İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun Azərbaycandan olan təmsilçiləri Türkiyəyə yola düşüb.

APA-nın xəbərinə görə, fevralın 20-də Türkiyənin İzmir şəhərində Forumun İkinci toplantısı keçiriləcək. Forumda Azərbaycan, Türkiyə və Gürcüstandan 50-yə qədər Qeyri-Hökumət Təşkilatı təmsil olunur. İrandan 4 nəfərlik nümayəndə heyəti forumun toplantısına müşahidəçi qismində qatılır, digər ölkələrdən də nümayəndələrin iştirak edəcəyi gözlənilir. Forumun yaradılmasında məqsəd Qarabağ həqiqətlərinin təbliği, qondarma “erməni soyqırımı” iddialarının ifşası, regionun Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və digər münaqişələrinin həllinə ictimai dəstəyin verilməsi, təmsilçilərinin Foruma qatıldığı ölkələr arasında xoş münasibətlərin inkişafına kömək göstərilməsi və bu məqsədlərə nail olmaq üçün QHT-lərin fəaliyyətinin əlaqələndirilməsindən ibarətdir.

Xatırladaq ki, Beynəlxalq Forumun Birinci, Təsis Toplantısı 2015-ci il dekabrın 29-da Bakıda keçirilib, Forumun yaradılmasına dair Bəyannamə elan olunub. İkinci (İzmir) Toplantıda Təsis Bəyannaməsinin imzalanması, həmçinin bir sıra aktual məsələlərin, o cümlədən ATƏT Minsk qrupunun fəaliyyəti, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi və digər məsələlərin müzakirəsi, qərarların qəbulu nəzərdə tutulur. Forum üzvləri İzmir toplantısından sonra fevralın 21-26-da İzmir, Ankara, Sakarya, İzmit, İstanbul şəhərlərində bir sıra rəsmi və qeyri-rəsmi görüşlər keçirəcək, Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək, İstanbul yürüşünə qatılacaqlar.
Beynəlxalq Forumun fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstək verilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR