Mərkəzi su anbarları və nasos stansiyalarında su nümunələri həftədə 1 dəfə yoxlanılır

Mərkəzi su anbarları və nasos stansiyalarında su nümunələri həftədə 1 dəfə yoxlanılır
# 17 avqust 2016 09:56 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “2010-2016-cı illər ərzində 35 rayon mərkəzinin su təchizatı və kanalizasiya sistemlərinin layihələrinin ekspertizası aparılıb, 9 rayon mərkəzində isə həmin sistemlərin istismara verilməsinə müsbət rəylər verilib”.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor vəzifəsini icra edən Vaqif Abdullayev Mərkəzin fəaliyyətinə dair dəyirmi masada deyib.

O bildirib ki, ölkədə epidemioloji sabitlik nəzarət altındadır. V. Abdullayev əlavə edib ki, Bakı şəhərində yaşayan əhalinin içməli su təminatı üzərində aparılan nəzarət Kür və Ceyranbatan Baş Su Təmizləyici qurğularında ayda 1 dəfə, mərkəzi su anbarları və nasos stansiyalarından həftədə 1 dəfə su nümunələrinin GEM-də laboratoriya müayinələrinin aparılması ilə həyata keçirilir: “2008-2015-ci illərdə 52 rayonun 2683 kəndində 3647 su mənbəyindən laboratoriya müayinələri təşkil edilib, 2835 su mənbəyinin vəziyyəti bilavasitə GEM-in mütəxəssisləri tərəfindən yerində araşdırılıb, 39 rayonda vəziyyət haqqında rayonların icra hakimiyyətlərinə təkliflər verilib”.

GEM direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva bildirib ki, idarə olunan xəstəliklərdən 1995-ci ildən poliomielit, 2008-ci ildən məxmərək, 2010-cu ildən difteriya, 2014-cü ildən qızılca və göyöskürək xəstəlikləri ölkədə qeydə alınmayıb, epidemik parotit xəstəliyinin minimum səviyyəsi müşahidə edilib: “Malyariya əleyhinə aparılmış məqsədyönlü kompleks əks epidemik tədbirlərin nəticəsində malyariya ilə xəstələnmə səviyyəsi ilbəil azalaraq 2013-cü ildən etibarən yerli yoluxma halları qeydə alınmayıb və respublika ərazisində malyariyanın tam ləğvinə nail olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR