Bakıda keçirilən “Dəniz Kuboku - 2017” yarışlarında 300-ə yaxın şəxsi heyət iştirak edəcək

Bakıda keçirilən “Dəniz Kuboku - 2017” yarışlarında 300-ə yaxın şəxsi heyət iştirak edəcək
# 01 avqust 2017 09:36 (UTC +04:00)

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargahında Bakıda keçirilən “Dəniz Kuboku - 2017” beynəlxalq yarışları ilə bağlı mətbuat konfransı təşkil olunub.

APA-nın xəbərinə görə, yarışların baş hakimi, birinci dərəcəli kapitan Şahin Məmmədov deyib ki, “Beynəlxalq Ordu Oyunları -2017” yarışları çərçivəsində avqustun 1-dən 11-dək Bakıda keçiriləcək “Dəniz Kuboku – 2017” yarışlarında Azərbaycan, Rusiya, İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmi heyətləri, müşahidəçi qismində isə Türkiyə, Səudiyyə Ərəbistanı və Bəhreyn silahlı qüvvələrinin nümayəndələri iştirak edirlər.

“Dəniz Kuboku - 2017”də 300-ə yaxın şəxsi heyətin iştirak edəcəyini vurğulayan Ş. Məmmədovun sözlərinə görə, “Dəniz Kuboku – 2017” yarışları 3 mərhələdə - artilleriya atəşlərinin yerinə yetirilməsi, gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı və dəniz hazırlığı üzrə keçiriləcək: “Müsabiqənin yüksək səviyyədə keçirilməsi üçün liman körpüləri, təlim-məşq kompleksləri və digər təlim mərkəzləri tam hazır vəziyyətdədir. Yarışların şəffaf və yüksək səviyyədə təşkili üçün Müdafiə Nazirliyinin rəhbərliyi hər cür şərait yaradıb”.

Mətbuat konfransında bildirilib ki, “Dəniz Kuboku - 2017”də Azərbaycan Hərbi Dəniz Qüvvələri G-124, G-122 gözətçi gəmiləri, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyası “Qrad Sviyajsk” kiçik raket, “CB-45” xilasetmə yedək gəmisi, İran Hərbi Dəniz Qüvvələri “Peykan” və “Cövşən” raket katerləri və Qazaxıstan Hərbi Dəniz Qüvvələri “Qazaxıstan” və “Sarıarka” raket-artilleriya və “Jayık” hidroqrafiya gəmiləri iştirak edəcək.

Diqqətə çatdırılıb ki, bu gün saat 18.30-da Dənizkənarı Milli Parkda (Saat qülləsinin qarşısında) “Dəniz Kuboku – 2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi, avqustun 11-i isə yarışların təntənəli bağlanış mərasimi keçiriləcək.

Rusiya nümayəndə heyətinin rəhbəri 1-ci dərəcəli kapitan Sergey Ekimov qeyd edib ki, Rusiya Hərbi Dəniz Donanması “Dəniz Kuboku – 2017” yarışlarına tam hazırdırlar: “Rusiya tərəfi adından yarışların keçirilməsi üçün yaradılan yüksək şəraitə görə təşəkkürümü bildirirəm”.

Qazaxıstan nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Ermek Bayqabulov və İran nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Seydi Mahmud Amuzeş yarışların keçirilməsinə yüksək səviyyədə hazırlıq işləri görüldüyünü bildiriblər.

Mətbuat konfransının sonunda jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, iyulun 29-dan avqustun 12-dək 5 ölkə - Azərbaycan, Belarus, Qazaxıstan, Çin və Rusiya ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər. “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında Azərbaycan hərbçiləri “Tank biatlonu”, “Səhra mətbəxi”, “Snayper həddi”, “Artilleriya atəşinin ustaları” və “Dəniz Kuboku – 2017” yarışlarında iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR