Binəqədi rayon İH-də ötən ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib

Binəqədi rayon İH-də ötən ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
# 09 fevral 2018 15:15 (UTC +04:00)

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2017-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, millət vəkilləri Azay Quliyev, Kamaləddin Qafarov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak ediblər.

Tədbir iştirakçıları Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsini ziyarət ediblər.

Hesabat yığıncağı Prezident İlham Əliyevin ötən il rayona etdiyi səfərlər, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, əldə olunan nailiyyətlər, Binəqədi Rayon İcra Hakimiyyətinin illik fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başlamışdır.

Binəqədi rayon İH başçısı Xaləddin İsgəndərov Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl və ölkə maraqlarını əsas götürən siyasətin nəticəsi kimi Binəqədi rayonunun sosial-iqtisadi həyatında da 2017-cı il ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu diqqətə çatdıraraq il ərzində görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış edib. Natiq çıxışında bildirib ki, artıq 27-ci ildir ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü-müstəqillik dövrünü yaşayır.

X. İsgəndərov 2017-ci ildə təkcə rayon mərkəzində deyil, digər yerlərdə - Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən, Sulutəpə və 28 May qəsəbələrində də genişmiqyaslı abadlıq işlərinin görülməsini, xeyli sayda park və xiyaban salınmasını diqqətə çatdırıb. Bildirib ki, “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində Binəqədi rayonunda görülən işlər uğurlu nəticəsini verməkdədir.

2017-ci il ərzində Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq rayon ərazisində mövcud olan çoxmənzilli yaşayış binalarının giriş və dam örtüklərində əsaslı təmir işləri həyata keçirilib. Ümumilikdə, müxtəlif ünvanlarda 98 bina girişi təmir edilmiş, 17 binanın 17090 m2 yumşaq dam örtüyü və 25398 m2 fasad hissəsi əsaslı təmir edilib. Rayonun müxtəlif qəsəbələri və mikrorayonlarında ümumilikdə 221500 m2 asfalt örtüyü salınıb.

Ötən dövr ərzində 75 lift cari, 6 liftin böyük mühərriki əsaslı təmir edilib və 513 liftin maşın şöbəsi kənar əşyalardan təmizlənib.

Bundan əlavə “Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2016-cı il tarixli sərəncamının tələblərinə uyğun olaraq Binəqədi şosesində yağış sularının kənarlaşdırılması məqsədilə I Mədən, korpus 43 ünvanında açıq kanal ləğv edilərək müxtəlif diametrli 2750 paqonometr kanalizasiya xətti, həmin ərazidə yaşayan əhalinin su təchizatının yaxşılaşdırılması üçün müxtəlif diametrli 2800 paqonometr yeni su xətti çəkilərək istifadəyə verilib. Qeyd olunan işlər başa çatdırıldıqdan sonra “Azəravtoyol” ASC tərəfindən şosenin asfaltlandırılması işləri aparılıb. Asfalt işləri yekunlaşdırıldıqdan sonra Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ümumilikdə Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun Binəqədi rayon ərazisinə düşən hissəsində -Binəqədi-Balaxanı yolunda və həmçinin Binəqədi şosesində 5.4 km məsafədə asfalt örtüyü çəkilmiş və yolun kənarında abadlıq işləri aparılıb, əraziyə 10270 m2 çəmən örtüyü salınıb, 600 ədəd müxtəlif növ ağac və kollar, 11237 ədəd gül-çiçək kolları əkilib.

Abadlıq işləri çərçivəsində rayon ərazisində bir sıra mühüm əhəmiyyətli yolların da çəkilməsi işlərinə başlanılıb. 8-ci mikrorayon C.Xəndan küçəsində nəqliyyat tıxaclarının aradan qaldırılması və nəqliyyatın intensiv hərəkətinin təmin edilməsi məqsədilə yolun yenidənqurulması işləri çərçivəsində yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi işləri həyata keçirilmiş və asfaltlanma işləri başa çatdırılıb.

Bundan əlavə “Azəravtoyol” ASC tərəfindən sahil boyu 12.7 km uzunluğunda Novxanı və Pirşağı qəsəbələrini birləşdirəcək yeni avtomobil yolunun inşası başa çatdırılıb. Layihəyə uyğun olaraq 2 hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7.5 metr, hər bir istiqamət üzrə bərkidici zolaqların eni 0.75 metrdir.

Rayon ərazisində ümumilikdə 2017-ci il ərzində 70600 ədəd müxtəlif növ bəzək gül-çiçək kolları, 28210 m2 yaşıl çəmən örtüyü salınmış, 7416 ədəd müxtəlif növ ağaclar əkilib.

2017-ci ildə rayon icra hakimiyyətinə 3538 vətəndaş yazılı müraciət edib ki, bu da 2016-cı illə müqayisədə 92 vahid və ya 2,5% azdır.

Ötən il ərzində əldə edilən sosial-iqtisadi uğurlardan danışan X.İsgəndərov daha sonra xatırladıb ki, hesabat dövründə 305 milyon 56 min sənaye məhsulu istehsal edilib, orta aylıq əmək haqqı 502,8 manat olub.

Qeyd olunub ki, 2018-ci ildə də dövlət başçısı İlham Əliyevin uğurlu siyasəti ilə yeni uğurlar əldə olunacaq.

Daha sonra hesabat yığıncağında Binəqədi rayonu 1646 - Sakinlərin Müraciət Xidmətinin Rəisi Anar Səfərov, Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva, Binəqədi Rayon Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul əməkdaşı Tağı Tağıyev çıxış ediblər.

Sonda şura iclasının qərar layihəsi və Prezident İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət oxunub, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən, rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafında fəal iştirakına görə bir qrup şəxsin mükafatlandırma mərasimi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR