Tbilisidə İslam dininə aid atributlar sərgilənib

Tbilisidə İslam dininə aid atributlar sərgilənib
# 30 yanvar 2018 11:23 (UTC +04:00)

Tbilisidə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə “Gürcüstanda dinlər” adlı sərgi açılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstanın Milli Muzeyində təşkil edilmiş sərgidə müxtəlif müqəddəs dini kitablar, ədəbiyyat, atributlar, tarixi fotoşəkillər və sənədlər nümayiş olunur.

Açılış mərasimində çıxış edən Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze deyib ki, sərginin keçirilməsində məqsəd dini təşkilatlar barədə maarifləndirilmənin artırılması, tolerantlıq və qarşılıqlı anlaşma mühitini gücləndirməkdir.

Gürcüstanın mədəniyyət və idman naziri Mixeil Giorqadze isə sərginin keçirilməsi təşəbbüsünü müsbət qiymətləndirib. Nazirin sözlərinə görə, sərgi ölkədə tolerantlıq mühitinin təşviqinə töhfə verəcək.

Sərgidə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) təqdim etdiyi gürcü və Azərbaycan dillərində Quran kitabları, dini geyimlər və digər atributlar nümayiş olunur. GMİ sədri Hacı Ramin İgidov sərginin keçirilməsini müsbət dəyərləndirib. O bildirib ki, sərgi ilk dəfə təşkil olunduğundan müəyyən çatışmazlıqlar var: “İdarəmiz tərəfindən təqdim olunmuş bəzi əşyalar sərgilənməyib. Ümid edirik ki, gələcəkdə bu mövzuda keçiriləcək sərgilərdə İslam dini ilə bağlı guşədə daha çox eksponatlar nümayiş etdiriləcək”.

Tədbirdə hökumət və parlament üzvləri, diplomatik korpus və müxtəlif dini konfessiya və təriqətlərin nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR