Azad Rəhimov Xüsusi Olimpiya Avropa Yay Oyunlarının açılışına qatılacaq

Azad Rəhimov Xüsusi Olimpiya Avropa Yay Oyunlarının açılışına qatılacaq
# 12 sentyabr 2014 10:15 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Gənclər və İdman naziri Azad Rəhimov Xüsusi Olimpiya Avropa Yay Oyunlarının açılışına qatılacaq.


Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rəsmi qonaq qismində açılış mərasiminə dəvət alan nazir artıq Belçikaya yola düşüb.

Lommel şəhəri 42 nəfərdən ibarət Azərbaycan nümayəndə heyətini qəbul edəcək. Azərbaycan komandasının yarışlar zamanı Lommel şəhərində qalması münasibətilə orada abidənin açılış mərasimi keçiriləcək. Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Lommel şəhərinin meri Peter Vanvelthoven və Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov iştirak edəcəklər.


Lommel şəhərində həmçinin Azərbaycanın və Bakı-2015 Avropa Oyunlarının təbliği ilə bağlı konsert, sərginin təşkil olunması və bir sıra təqdimatların edilməsi nəzərdə tutulub. Konsert zamanı Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri Azərbaycanın klassik və milli musiqilərini ifa edəcək.

Qeyd edək ki, sentyabrın 9-dan başlayaraq Belçikanın Antverpen şəhərində Xüsusi Olimpiya Avropa Yay Oyunları ilə bağlı tədbirlərə start verilib. 14-21 sentyabr tarixləri arasında davam edəcək olimpiya oyunlarında 58 Avropa və Avrasiya ölkəsindən 2000-dən artıq əqli imkanları məhdud olan idmançı iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR