Politoloq: “Ermənistana qarşı nəinki sanksiyalar tətbiq olunmalı, bir sıra böyük dövlətlərin Ermənistana yardımları dayandırılmalıdır” - SORĞU

Politoloq: “Ermənistana qarşı nəinki sanksiyalar tətbiq olunmalı, bir sıra böyük dövlətlərin Ermənistana yardımları dayandırılmalıdır” - SORĞU
# 04 avqust 2014 11:31 (UTC +04:00)

Bunu APA-ya politoloq, millət vəkili Rasim Musabəyov Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, habelə son günlər cəbhədə həyata keçirdiyi təxribat-diversiya aktlarından sonra bu ölkəyə qarşı sanksiyaların tətbiq olunmasının gündəmə gəlməsi məsələsinə münasibət bildirərkən deyib.

R. Musabəyov beynəlxalq ictimaiyyətin, xüsusilə də ATƏT-in Minsk qrupu həmsədrlərinin hazırkı yanaşma tərzini tənqid edib: “Bu yanaşma tərzi ilə sanksiyaların olacağı inandırıcı görünmür. İstər ABŞ, istər Fransa və ya Avropa Birliyi, istərsə də Rusiya Ermənistana hər il milyonlarla dollar dəyərində yardımlar edir. Ermənistan işğalçı dövlət olduğu halda, böyük dövlətlərin yardım və güzəştlərindən yetərincə yararlanır. Rusiyanın Ermənistana müxtəlif adlar altında güzəştləri, yardımları və pulsuz silahla təmin etməsi ildə 1 milyard dollara yaxın vəsait deməkdir. İlk növbədə bu yardımlar dayandırılmalıdır. Ondan sonra isə ümid edə bilərik ki, beynəlxalq ictimaiyyətin yanaşma tərzi dəyişib, hansısa irəliləyişlərə ümid etmək olar”.

Millət vəkilinin fikrincə, Qarabağdakı son gərginliklər BMT Təhlükəsizlik Şurasının iclasında müzakirə olunmalı, daha qəti addımlar atılmalıdır: “Biz öz mövqeyimizi ortaya qoyuruq. Çağırışlarımıza müsbət cavab verilməsə belə, beynəlxalq müstəvidə məsələ qaldırmalıyıq. Amma maraqlısı odur ki, işğalçı tərəf Ermənistan ola-ola, Azərbaycan gərginlik yaradan tərəf kimi qələmə verilir. Prosesləri də dalana dirəyən əsas səbəblərdən biri, hətta birincisi budur”.

Politoloq Qabil Hüseynli APA-ya bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasına müraciət etmək, Qarabağla bağlı bütün məsələləri gündəmə gətirmək lazımdır: “Azərbaycan bir çox beynəlxalq təşkilatlara, o cümlədən Haaqa Tribunalına da müraciət edə bilər. Məcburi köçkünlərə dəymiş ziyandan tutmuş son hadisələrə qədər, eləcə də əsir və girovlar məsələsini qaldırmaq olar. Düşünürəm ki, indi əsl vaxtıdır. Beynəlxalq ictimaiyyətin kimi və nəyi eşitmək istəyindən asılı olmayaraq, biz davamlı şəkildə mövqeyimizi göstərməliyik”.

O, ATƏT-in Minsk qrupu həmsədrlərinin cəbhə xəttində baş verənlərlə bağlı son bəyanatına da toxunub: “Mən bu dəfə fərqli mövqe gözləyirdim. Amma yenə də eyni “bitərəf” ritorika gördük. Həmsədrlər belə davam edəcəksə, prezidentlərin avqustun 8-9-da Soçidə gözlənilən görüşü də nəticə verməyəcək. Rusiya Azərbaycana kömək edəcəyinə vəd vermişdi, amma bu vədlərini unudub. İndi Kremlin əsas məqsədi Avrasiya İttifaqına yeni üzvlər cəlb etməkdir. Azərbaycana da təzyiqlər etməyə çalışır. Lakin Azərbaycan heç bir güzəşt və dəyişiklik görmədən heç bir addım ata bilməz”.

Q. Hüseynlinin sözlərinə görə, Ukrayna məsələsində Qərb tərəfindən Rusiyaya qarşı göstərilən sərt münasibət Ermənistana da göstərilsə, münaqişə qısa müddətdə həllini tapar: “Qərbin yanaşmasından çox şey asılıdır. Prinsipcə, Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələdə öz sözünü yeritməyə çalışır və bu da, Qərb tərəfindən qəbul edilməməlidir. Heç sanksiyalar olmasa belə, azacıq təzyiq öz nəticəsini verə bilər”.

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu APA-ya açıqlamasında rəsmi Bakının sanksiya tələblərini məqbul hesab edir: “Cəbhə xəttində baş verənlərdən sonra Ermənistan rəhbərliyi dərhal səfirliklərin hərbi attaşelərini yığaraq öz iddialarını səsləndirdi və Azərbaycan tərəfi ittiham etdi. Bu məsələdə rəsmi İrəvan yanlış təsəvvür yaratmağa çalışır. İlk növbədə atəşkəsi kimin pozması yox, toqquşmaların kimin ərazisində getməsi diqqətdə olmalıdır. Heç kimə sirr deyil ki, Ermənistan Azərbaycan ərazisini işğal edib və separatçı rejim yaradaraq ona dəstək verir. Cəbhədə ölən erməni əsgərləri də Ermənistan vətəndaşlarıdır və hərbi xidmətə Ermənistandan çağırılıblar. Bu və digər məqamlar Azərbaycanın ərazi bütövlüyünün pozulması faktını bir daha təsdiqləyirsə, Ermənistanın Azərbaycana qarşı səsləndirdiyi bütün ittihamlar əsassız sayılmalıdır. Həmsədrlərin bəyanatları da öz qüvvəsini itirib”.

Politoloqun fikrincə, bəzi qüvvələr, o cümlədən Ermənistan rəhbərliyi müzakirələrə atəşkəsin pozulmasını və yenidən bərpası məsələsini çıxarmağa çalışır: “Amma gündəmdə başqa məsələ olmalıdır. Azərbaycan Madrid prinsiplərini qəbul edib, danışıqlar da bu müstəvidə inkişaf etdirilməlidir. Rusiyanın Ukraynadakı separatçılara verdiyi dəstək Qərbi narahat edirsə, eyni narahatlıq da Qarabağ məsələsində göstərilməlidir. Ermənistana qarşı tətbiq ediləcək ən yüngül iqtisadi sanksiyalar belə, bu dövlətin geri çəkilməsinə və danışıqlara məsuliyyətlə yanaşmasına yardımçı ola bilər”.

E. Şahinoğlu əlavə edib ki, Azərbaycan XİN beynəlxalq təşkilatların Bakıdakı nümayəndələrini, o cümlədən həmsədr ölkələrin səfirlərini bir yerə toplayaraq, cəbhədə baş verənlərlə bağlı bilgiləndirə, onlardan daha qətiyyətli mövqe nümayişini haqlı olaraq tələb edə bilər: “Azərbaycan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirirsə, növbəti mərhələdə Ermənistanın da hansı öhdəlikləri yerinə yetirib-yetirmədiyini nəzərə almaq və bu istiqamətdə yola çıxmaq lazımdır”.

Xatırladaq ki, Azərbaycan XİN avqustun 3-də yaydığı bəyanatda Ermənistanı dəfələrlə atəşkəsi pozmasına və təxribat xarakterli addımlara görə qınayıb, beynəlxalq ictimaiyyəti rəsmi İrəvana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR