Ali məktəblərin V ixtisas qrupu üzrə və 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlanır

Ali məktəblərin V ixtisas qrupu üzrə və 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlanır
# 04 may 2015 08:44 (UTC +04:00)

APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə deyib ki, ərizələrinin qəbulu mayın 5-dən 18-dək aparılır. Onun sözlərinə görə, ali təhsil müəssisələrinə (V ixtisas qrupu üzrə) və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizebak/qrup5_oi) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nöm­rəsinə boş SMS göndərməklə əldə etmək olar.

TQDK sədri qeyd edib ki, I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən abituriyentlər həmçinin V ixtisas qrupuna və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ikinci ödəmə kartı almadan elektron ərizə təqdim etməlidirlər: “Tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermirlər, müsabiqədə buraxılış imtahanındakı nəticələri əsasında iştirak edirlər”.

Ümumi təhsil müəssisələrini (orta məktəbi) 2015-ci ildə bitirən abituriyentlər, orta məktəbi 2012-ci, 2013-cü və 2014-cü illərdə bitirən qız abituriyentlər, ilk-peşə ixtisas təhsili müəssisələrini (peşə məktəblərini) 2013-cü və ondan sonrakı illərdə bitirən qız abituriyentlər, 2012-ci və ondan sonrakı illərdə ali məktəblərə və tam orta təhsil bazasında (11 illik) kolleclərə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər, I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizələrinin təsdiqini təmin edib V ixtisas qrupu üzrə və ya tam orta təhsil bazasında (11 illik) kolleclərə də ərizə verən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən özləri təsdiq edirlər. Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-da təsdiqlətdirirlər. SQK-lar mayın 5-dən 18-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yuxarıda göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla), həmçinin xaricdə təhsil almış Azərbaycan vətəndaşları ərizələrini TQDK-da və onun regional bölmələrində yaradılmış SQK-larda, Gürcüstanda yaşayan azərbaycanlılar ərizələrini Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında yaradılmış SQK-da təsdiq etdirə bilərlər. Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər elektron ərizələrinin təsdiqini təmin et­dikdən sonra mayın 6-dan 19-dək TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməklə seçmə turda iştirak edirlər. V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında abituriyentlər ana dili (Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan dili, rus bölməsinin abituriyentləri isə rus dili), riyaziyyat və xarici dil fənlərindən test imtahanı verirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR