Nazirlik rəsmisi: "Azərbaycanda dərs ili iki həftədən çox uzadılmayacaq"

Nazirlik rəsmisi: "Azərbaycanda dərs ili iki həftədən çox uzadılmayacaq"
# 07 may 2014 17:00 (UTC +04:00)

“Təhsil Nazirliyi dərs ilinin uzadılması ilə bağlı hökumətə müraciət hazırlayır. Ehtimal var ki, dərs ili 2 həftəyə qədər uzadılacaq”. Bu açıqlamanı APA TV-də yayımlanan "Sosium" verilişinin qonağı olan Təhsil Nazirliyinin ümumi təhsil şöbəsinin müdiri Firudin Həmzəyev verib. Onun sözlərinə görə əksər ölkələrdə dərs ilinin müddəti 9-10 aydır: “Bizdə tədris ili cəmi 32 həftədir. Bu, çox azdır. Biri var eyni proqramı 8 aya öyrənəsən, bir də var 9 aya. Bu qərar hələ verilməyib. Hökumətə müraciət edəcəyik. Dərs ili maksimim iki həftə artırılacaq".

Dərs ilinin uzadılmasının şagirdlərin dərs yükünə ciddi şəkildə təsir edəcəyini deyən nazirlik rəsmisi ilk başdan müəyyən narazılıq olacağını da istisna etməyib: "Ola bilər ki, müəllimlər narazılıq etsin. Çünki onların məzuniyyətə çıxma müddəti əvvəlki illərdən daha gec olacaq. Bu gün müəllimlərin məzuniyyət günü cəmi 56 gündür. Amma onlar dərs olmadığına görə də çox istirahət edirdi. Bu baxımdan fərq ola bilər, bu isə onların hüquqlarının pozulması deyil. Qanunla məzuniyyət günlərinin sayı azalmır”.

Təhsil Nazirliyinin ümumi təhsil şöbəsinin müdiri Firudin Həmzəyevin fikrincə, təhsil nazirinin “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydaların təsdiqi haqqında” əmri uzun müddətdir yaranmış müəyyən boşluqları dolduracaq: "Məsələn aralıq siniflər var- V-VIII və X siniflər, yəni buraxılış olmayan siniflərdə qiymətlərin çıxarılması qaydalarında boşluqlar var idi. Sözügedən əmr bu boşluqları dolduracaq. Bu bölgüdə 9 və 11 siniflər ona görə yoxdur ki, onlar buraxılış sinifləridir və dərs ilinin yekununda xüsusi imtahanlarda iştirak edirlər".

Verilişin qonağı orta məktəblərdə dərslərin tez başlaması məsələsinə də aydınlıq gətirib: "Razıyam, uşaqlar üçün saat 8-də dərsə gəlmək çətindir. Bunların yuxudan durması, əl üzlərini yuması, yemək yeməsi, dərsə gəlməsi üçün ən azı bir saat yarım, iki saat vaxt lazımdır. Bu o deməkdir ki, onlar saat 6-da və ya 7-nin yarısında durmalıdır. Subyektiv fikrimcə, dərslərin saat 8-də başlaması uşaq üçün tezdir, amma obyektiv səbəbləri də nəzərə almaq lazımdır. Azərbaycanda məktəblərin əksəriyyəti iki növbəlidir. Bu məktəblərdə dərslərin 8-dən gec başlaması mümkün deyil. Birinci növbədə dərslər saat 8-də başlayır və saat 1-də bitir, digər növbə dərsə saat 1-də gəlir, axşam saat 7-nin yarısında məktəbdən çıxır. Bir hissənin sübhdən durması problemdirsə, digər hissənin qışda dərsdən qaranlıqda çıxma məsələsi var. Bunu nəzər almaq lazımdır. Gələcəkdə bütün məktəblərin bir növbəli olmasına çalışırıq. Yalnız bu halda dərslərin başlama vaxtını rahatlıqla dəyişdirmək mümkündür".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR