Vəkil Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Şahin Sultanovla görüşüb

Vəkil Hərbi Dəniz Qüvvələrinin  sabiq komandanı Şahin Sultanovla görüşüb
# 28 aprel 2014 11:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Vəkil Adəm Məmmədov bir neçə gün əvvəl həbs edilən Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovla görüşüb.

Bu barədə APA-ya məlumat verən vəkil A.Məmmədov Ş.Sultanovun saxlanma şəraitindən və ya səhhəti ilə bağlı şikayətinin olmadığını qeyd edib: “Şahin Sultanovun vəziyyəti yaxşıdır”.

A.Məmmədov son günlər müdafiə etdiyi Ş.Sultanovla bağlı mətbuatda böhtan xarakterli məlumatların yayıldığını bildirib və bu xəbərlərin yayılmasında hərbi ekspert Üzeyir Cəfərovu ittiham edib: “Üzeyir Cəfərov Hərbi Dəniz Qüvvələrini dövlət sirlərini Rusiyaya ötürməkdə ittiham edib. O, çox ağır ittihamlar səsləndirir. Əgər Üzeyir Cəfərov bu yalanları dayandırmasa biz hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. Unutmayaq ki, Şahin Sultanovun barəsində həbs-qətimkan tədbirinin seçilməsin onun cinayətkar olmasına dəlalət etmir”.

Qeyd edək ki, bir müddət əvvəl Respublika Hərbi Prokurorluğu tərəfindən HDQ-də yoxlamalar həyata keçirilib. Yoxlamalar zamanı HDQ-də qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.

Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR