Zaqatala və Balakəndə zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş məktəblərin yenidən inşa olunmuş binalarının açılışı olub - VİDEO

Zaqatala və Balakəndə zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş məktəblərin yenidən inşa olunmuş binalarının açılışı olub - <span style="color: red;">VİDEO
# 16 sentyabr 2013 13:12 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Azərbaycanın Zaqatala və Balakən rayonlarında zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş məktəblərin yenidən inşa olunmuş binalarının açılışı olub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ötən ilin may ayında baş verən yeraltı təkanlardan sonra qəzalı vəziyyətə düşmüş Zaqatala rayonunun Əliabad qəsəbə 3 saylı orta məktəbin binasının yerində Fövqəladə Hallar Nazirliyinin (FHN) sifarişi əsasında 3 mərtəbəli, 480 şagird yerlik məktəb binası tikilərək bu gün şagirdlərin istifadəsinə verilib. Məktəb 24 sinif otağı, 3 fənn kabineti, kompüter otağı, idman və akt zallarından ibarətdir. Məktəb bütün lazımi avadanlıqlarla təchiz edilib.

FHN-in sifarişi ilə inşa edilən, rayonun Aşağı Tala 1 saylı orta məktəbində isə 17 sinif otağı, laboratoriya, akt və idman zalları, bufet və kompüter otağı var. Lazımi avadanlıqlarla təchiz edilmiş təhsil ocağında 309 şagird təhsil alacaq.

FHN-in sifarişi ilə inşa edilən daha bir məktəb binası rayonun Danaçı kəndində istifadəyə verilib. Danaçı kənd 1 saylı tam orta məktəbi 3 mərtəbəli, 540 şagird yerlikdi.

Yeni məktəb binalarının istifadəyə verilməsi ilə bağlı keçirilən açılış mərasimlərində rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Milli Məclisin deputatı Kamilə Əliyeva, hüquq-mühafizə orqan rəhbərləri, eləcədə FHN-in nümayəndəsi, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Qeyd edək ki, 2012-ci ilin may ayının 7-si və 18-i tarixlərində Zaqatalada baş verən güclü zəlzələdən sonra rayonda mövcud olan təhsil ocaqlarından 23-ü qəzalı vəziyyətə düşmüşdü. Bu günə artıq bu məktəblərdən 17-si FHN-in sifarişi ilə tikilərək istifadəyə verilib. Daha 6 məktəbdə isə tikinti işləri gedir.

“Bilik Günü” münasibəti ilə Balakən rayonunda da dövlət vəsaiti hesabına inşa edilən iki yeni məktəb binası istifadəyə verilib. Şəhid Adil Əsgərov adına Qazbinə kənd tam orta məktəbdə 220 şagirdin təhsil alması nəzərdə tutulub. Yeni məktəb binasında 11 sinif otağı var. Məktəb ən müasir informasiya texnologiyaları və tədris ləvazimatları ilə təmin olunub. Hənifə kəndində inşa edilən 480 şagird yerlik yeni təhsil ocağında 24 sinif otağı, kimya və fizika laboratoriyaları, 2 kompüter otağı, kitabxana, akt və idman zalları mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR