"BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın Azərbaycan üzrə yerinə yetirilmə səviyyəsi müzakirə olunub

"BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın Azərbaycan üzrə yerinə yetirilmə səviyyəsi müzakirə olunub
# 03 dekabr 2013 09:31 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün 3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunan "BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın Azərbaycan üzrə yerinə yetirilməsi səviyyəsi mövzusunda konfrans keçirilib.

APA-nın məlumatına görə, İnsan Hüquqları üzrə Müvəkkilinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Əlil Təşkilatları İttifaqının, BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin və World Vision (“Dünyaya Baxış”) Beynəlxalq Humanitar Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda Ombudsman Elmira Süleymanova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard və “World Vision” Beynəlxalq Humanitar Təşkilatının layihə direktoru Giorgi Devidze iştirak edib.

Əvvəlcə BMT baş katibinin Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə müraciəti səslənib.

Konfransda çıxış edən Elmira Süleymanova bildirib ki, əlillərin sosial rifahını yaxşılaşdırmaq üçün müntəzəm çalışmaq lazımdır: "Əllilərin həyat tərzini yaxşılaşdırmaq üçün sadəcə şəhərin mərkəzlərində deyil, şəhər ətrafı yerlərdə, regionlarda də şərait yaradılmalıdır".

Daha çıxış edən Natiq Məmmədov bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 15 faizini əlilliyi olan şəxslər təşkil edir: "Azərbaycanda isə əhalinin 4, 9 faizi yəni 460 minə yaxını əlilliyi olan şəxsdir".

N.Məmmədov əlavə edib ki, əlilliyi olan şəxslərə əmək pensiyası, sosial müavinətlər və prezident təqaüdləri təyin olunub və ödənilir: "Əmək pensiyası alanların 27 faizi, sosial müavinət alanların 56 faizi, prezident təqaüdü alanların 52 faizini əlilliyi olan şəxslər təşkil edir. Eyni zamanda əlilliyi olan 4000 nəfər avtomobillə, 5000 nəfər isə mənzillə təmin olunub. Hazırda ölkədə 14 Əlillərin Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlərdə hər il orta hesabla 8000 nəfərə yaxın əlil dövlət hesabına tibbi-sosial reabilitasiya olunur, 6000 nəfərə yaxın əlil isə protez-ortopedik məmulatlar və reabilitasiya vasitəsilə təmin olunur".

BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard isə qeyd edib ki, Azərbaycanda əlilliyin səviyyəsi aşağı olsa da, uşaqlar arasında bu göstərici yüksəkdir: “Hətta o qədər çoxdur ki bu problem bütün günü insanı düşündürür. Əlilliyi olan insanlar cəmiyyətdən kənarda qalırlar, onların təhsil almasında problemlər var. Bu problemi təkcə onlar yaşamır. Həmin şəxslərə kömək edən azyaşlı bacı və qardaşları da yaşayır".

Sonra Əlil Təşkilatları İttifaqı tərəfindən fiziki infrastrukturun müyəssərliyini əlilliyi olan şəxslər üçün təmin etmiş təşkilatların rəhbərləri "Əlilliyi olan şəxslərin dostu" mükafatı ilə təltif olunublar.

Konfransın sonunda əlilliyi olan şəxslərin hazırkı problemləri ilə bağlı müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR