Nikolay Azarov: “Ukraynanın AB ilə assosiasiya sazişinin imzalanmasında fasilə götürməsi yalnız iqtisadi çətinliklərlə əlaqədardır”

Nikolay Azarov: “Ukraynanın AB ilə assosiasiya sazişinin imzalanmasında fasilə götürməsi yalnız iqtisadi çətinliklərlə əlaqədardır”
# 05 dekabr 2013 09:58 (UTC +04:00)

Kiyev. Viktoriya Dementyeva – APA. “Ukraynanın Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasında fasilə götürməsi yalnız iqtisadi çətinliklərlə əlaqədardır”. APA-nın Kiyevə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Ukraynanın baş naziri Nikolay Azarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Kiyevdə başlayan 20-ci iclasının açılışında deyib. O bildirib ki, son illər ərzində Ukrayna avrointeqrasiya yolunda böyük iş görüb və son qərarlar yalnız iqtisadiyyatla bağlıdır “Ukrayna ticarət dövriyyəsində çətinliklə üzləşib, ona görə də əvvəlcə bu problemləri yoluna qoymaq, iqtisadi artımı bərpa etmək və daha sonra 2010-cu ildə başladığımız prosesi davam etdirmək qərarına gəldik. Bu qərar etiraz aksiyalarına səbəb oldu. İnkişaf etməkdə olan demokratiya üçün çox normal bir haldır ki, insanlar küçəyə çıxır və öz etirazlarını ifadə edirlər. Biz bunu anlayışla qarşılayırıq və etirazların dinc xarakter daşıması üçün əlimizdən gələni edəcəyik”.

N. Azarov bəzi siyasi xadimlərin bu etirazlardan hakimiyyətə qarşı mübarizə məqsədilə istifadə etməsindən təəssüflənib: “Biz dialoqa hazırıq. Bütün məsələləri seçkilərdə həll etmək lazımdır. Lakin meriya, prezident iqamətgahı binaları mühasirəyə alınıb, parlamentin işi pozulub. Biz bunu müvəqqəti çətinlik sayırıq. Onlar qanunu pozur. Bu, Avropa tipli inkişaf yolu deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR