Rəsmi Moskva: Gürcüstandakı hadisələrdə Rusiya izi yoxdur

Rəsmi Moskva: Gürcüstandakı hadisələrdə Rusiya izi yoxdur
# 03 may 2024 17:55 (UTC +04:00)

Rusiya heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmayıb və qarışmaq niyyətində deyil.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Gürcüstanda “Xarici agentlər haqqında” qanun layihəsi ətrafındakı vəziyyətlə bağlı suala cavab verən rusiyalı diplomat ölkəsinin heç vaxt üçüncü ölkələrin daxili işlərinə qarışmadığını və qarışmaq niyyətində olmadığını söyləyib.

“Düzünü desəm, bu sualın bizə niyə ünvanladığını anlamaq çətindir. Rusiyanın Gürcüstanın qanunvericiliyinə, gürcüstanın Avropaya inteqrasiya planlarına və hazırda müşahidə olunan dramatik hadisələrə heç bir aidiyyəti yoxdur. Mən Gürcüstanda etiraz edənlər arasında nədənsə Qərbin təbliğatı ilə Rusiya izi axtarmaq cəhdlərini gördüm. Rusiya izi yoxdur”, deyə Rusiya XİN rəsmi nümayəndəsi vurğulayıb.

Zaxarova Gürcüstanda etirazlar zamanı Rusiyanın dövlət simvollarının təhqir olunmasının təəssüf doğurduğunu söyləyib. Bildirib ki, ola bilsin ki, bu kiminsə təxribatıdır.

"Lakin biz belə təxribatların baş verdiyini görürük. O cümlədən, təəssüf ki, Gürcüstanda da baş verdiyini görürük. Yəqin ki, heç kəsə bundan zəmanət verilməyib. Mən dəqiq deyə bilərəm ki, bu məsələ bizə ünvanlanmamalıdır. Biz Cənubi Qafqazın bütün ölkələrinin, o cümlədən Gürcüstanın dinc, sabit, firavan inkişafında maraqlıyıq”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR