Bakıda 900-dən artıq küçə və prospektə ünvan təyin edilib

Bakıda 900-dən artıq küçə və prospektə ünvan təyin edilib
# 18 noyabr 2013 13:31 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsi bu ilin yanvar-sentyabr ayları ərzində həyata keçirdiyi tədbirlə haqqında məlumat yayıb.

Komitədən «APA-Economics»ə veriən məlumata görə, qurumun hazırda 16 elektron xidməti vətəndaşların və hüquqi şəxslərin istifadəsindədir. Bu xidmətlər vasitəsilə Bakı və respublikanın müxtəlif bölgələrindən 7500-ə yaxın müraciət daxil olub. Hazırda elektron xidmətlərin sayının artırılması üzərində iş aparılır. Dövlət əmlakının özəlləşdirilməsi və hərracların keçirilməsi sahəsində yeni elektron xidmətlərin təşkilinə dair təkliflər hazırlanır. Komitə tərəfindən daha 11 elektron xidmətin təşkili və istifadəyə verilməsi nəzərdə tutulur.

Qeydiyyat müddətlərinin qısaldılması sayəsində vətəndaşlar mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışları 7 günə, əmlak barədə digər arayışları isə 1 günə əldə edirlər.

Qeyd edək ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə və Beyləqan rayonlarında yeni binaları tezliklə əhalinin istifadəsinə veriləcək. Bundan başqa, hazırda daşınmaz əmlaka dair qeydiyyat məlumatlarının elektron arxivinin yaradılması üzərində işlər gedir.

Yaxın gələcəkdə Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlaka dair yüklülük arayışlarının (Forma-1) notariuslara real vaxt rejimində (onlayn) verəcək. Yeni mexanizmə görə, daşınmaz əmlakla bağlı məlumatları vətəndaşlara əmlak alqı-satqısı zamanı notariat idarələrində Əmlak Məsələləri Dövlət Komitəsinin məlumat bazası vasitəsi ilə birbaşa vermək imkanı yaranacaq. Daşınmaz əmlakın qeydiyyat sayı 2011-ci ildə 147 min, 2012-ci ildə isə 151 min olub.

Bu ilin sonuna qeydiyyat sayının 160 minə çatacağı proqnozlaşdırılır. Komitənin 193, 148 və 566-07-44 nömrəli qaynar xətlərinə 2013-cü ilin 9 ayında 1300-ə yaxın vətəndaş müraciət edib.

Bu ilin ilk üç rübündə isə respublika üzrə kiçik özəlləşdirmə formasında 530-dan çox müəssisə və obyekt, 510-a yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib, 510-a yaxın qeyri-yaşayış sahəsi, 470-ə yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.

Səhmlərin özəlləşdirilməsi üzrə keçirilmiş 37 pul hərracında 32 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2013-cü il ərzində 56,5 mln. manat məbləğdə investisiya qoyulub. Həmin dövrdə Komitəyə 5567 dövlət müəssisə və təşkilatları tərəfindən 2012-ci ilin yekununa görə «Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması» daxil olub.

Bundan başqa, 2013-cü il oktyabrın 1-nə 6 262 hüquqi şəxs statuslu dövlət müəssisəsi və onların 7 591 filialının (cəmi 13 853) malik olduğu 150 624 daşınmaz əmlakı barədə məlumatlar Registrdə qeydiyyata alınıb. Bu ilin 9 ayı ərzində 9 606 yeni əmlak barədə məlumatlar Registrə daxil edilib.

Bakıda 909 küçə və prospektə ünvan təyin edilib. Bakı şəhərinin 409 küçə və prospektinin başlanğıcı, sonu, eləcə də onların koordinatları müəyyənləşdirilib və təsdiqlənib. Sumqayıt şəhəri üzrə 70 sayda nəqliyyat infrastrukturu obyektinə ünvan təyin edilib, 39 küçə və prospektin daxili ünvanları müəyyən edilib. Gəncə şəhəri üzrə 121 nəqliyyat infrastrukturu obyektinə ünvan təyin edilib, 459 küçə və prospektin koordinatları müəyyənləşdirilib və təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR