İran XİN: İranla Rusiya arasındakı əməkdaşlığa həssas yanaşılması məntiqsizdir

İran XİN: İranla Rusiya arasındakı əməkdaşlığa həssas yanaşılması məntiqsizdir
# 12 aprel 2014 16:38 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran ABŞ-ın Tehranla Moskva arasında imzalanması planlaşdırılan “Svop sazişi” ilə bağlı narahatlığına münasibət bildirib. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bildirib ki, İranla Rusiya arasında əməkdaşlıq, iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün bir çox imkanlar var: “Digər ölkələrdən fərqli olaraq İranla Rusiya arasında əməkdaşlığın müxtəlif aspektləri var və buna həssas yanaşılması məntiqsizdir. Müstəqil ölkələr olan İranla Rusiya arasında əməkdaşlıq öz axarı ilə davam edir. Bu da hər iki ölkənin iqtisadiyyat və digər sahələr üzrə fəaliyyət göstərən iş adamları üçün yeni imkanlar yaradır. İranla Rusiya səmimi qonşuluq münasibətləri və beynəlxalq hüquqi öhdəliklər əsasında siyasət, iqtisadiyyat, ticarət, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün öz potensiallarından istifadə edirlər”.

Qeyd edək ki, İranla Rusiya arasında böyük bir neft müqaviləsi imza mərhələsindədir. Rusiyaya xam neft ixracı müqabilində İrana əmtəə və avadanlıqlar mübadiləsinə dair razılaşmanın dəyərinin 15-20 milyard dollar olduğu bildirilir. Artıq tərəflər arasında ilkin razılaşmanın əldə olunduğu, bütün sənədlərin Rusiyaya göndərildiyi və yalnız neftin qiyməti ilə bağlı danışıqların getdiyi vurğulanır.

Xatırladaq ki, ABŞ dövlət katibi Con Kerri Senatın Xarici Əlaqələr Komitəsində çıxışı zamanı bildirib ki, İran və Rusiya xam neft qarşılığında əmtəə və avadanlıq mübadiləsinə dair müqavilənin imzalanması barədə artıq razılaşma əldə edərlərsə, rəsmi Vaşinqton Tehrana qarşı əlavə iqtisadi sanksiyalar həyata keçirə bilər: “Biz ciddi və diqqətli şəkildə müzakirə aparmaqdayıq. Ona görə də hələ də İrana qarşı sanksiyaları davam etdiririk. Ancaq bu cür müqavilə ötən il Cenevrədə imzalanmış razılaşmanı pozur və İrana qarşı əlavə sanksiyaların tətbiq edilməsinə gətirib çıxara bilər”.

Eyni zamanda ABŞ-ın maliyyə naziri Ceykob Lyu deyib ki, Moskva və Tehran arasında “svop sazişi” imzalanacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər: “Rusiya və İran arasında bağlanacaq saziş “altılıq” ilə Tehran arasında əldə olunmuş razılaşmaya ziddir”.

Rusiyanın maliyyə naziri Anton Siluanov isə Rusiya ilə İran arasında imzalanması planlaşdırılan xam neft qarşılığında əmtəə və avadanlıq mübadiləsinə dair müqavilə BMT-nin qərarları əsasında olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR