Bakıda tullantıların idarəolunması sahəsində uşaqlar arasında ikinci beynəlxalq konfrans keçirilir

Bakıda tullantıların idarəolunması sahəsində uşaqlar arasında ikinci beynəlxalq konfrans keçirilir
# 15 noyabr 2013 09:44 (UTC +04:00)

Bakı – APA-Economics. Dünyanın bir çox ölkəsində 15 noyabr Tullantıların Çeşidlənməsi Günü kimi qeyd olunur.

APA-Economics”in xəbərinə görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən “Təmiz Qala” layihəsinin maarifləndirmə proqramı çərçivəsində noyabrın 15-də Qala qəsəbəsində “Yenidən istifadə et. Azalt. Çeşidlə.” (“Reuse. Reduce. Recycle.”) şüarı altında uşaqlar arasında ikinci beynəlxalq konfrans öz işinə başlamışdır.

Tədbirdə Gürcüstan, Rusiya, Türkiyə, Belarus, Ukrayna və Özbəkistan kimi ölkələrin, eləcə də yerli məktəblərin ekologiya və ətraf mühit sahəsinə maraq göstərən şagirdləri iştirak edirlər.

3 gün davam edəcək konfransın keçirilməsində məqsəd uşaqların ətraf mühitin mühafizəsində iştirakı, tullantıların düzgün zərərsizləşdirilməsi metodlarının öyrənilməsi, məişət tullantılarının çeşidlənməsi, təbii ehtiyatlara qənaət kimi mövzularda müzakirələrin aparılması və bununla da məlumatlılıq səviyyəsinin artırılması, həmçinin müxtəlif ölkələrdən olan məktəblilər arasında bu sahədə bilik mübadiləsinin dəstəklənməsidir.

Tədbiri giriş sözü ilə açan “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədr müavini Etibar Abbasov konfrans iştirakçılarını salamlayaraq “Təmiz Şəhər” ASC-nin fəaliyyəti barədə məlumat verib.

Beynəlxalq konfransda qeyri-ənənəvi təhsil metodlarından da istifadə olunur. Belə ki, konfransın sessiyaları və panel diskussiyaları tamamilə uşaqların özləri tərəfindən təşkil edilir, “Təmiz Şəhər” ASC-nin mütəxəssisləri və müstəqil ekspertlər tərəfindən müzakirə xarakterli seminarlar keçirilir.

Növbəti gün - noyabrın 16-da isə məktəblilərin Bakı şəhərində tullantıların idarə edilməsi sistemi ilə əyani tanış olması üçün Balaxanı qəsəbəsində fəaliyyət göstərən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu və Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna ekskursiyası təşkil ediləcək.

Konfransın keçirilməsində təşkilati dəstək “EkoSfera” İB tərəfindən göstərilir.

Qeyd edək ki, tullantıların idarə edilməsi sahəsində uşaqlar arasında “Yenidən istifadə et. Azalt. Çeşidlə.” adlı birinci beynəlxalq konfrans 15-16 noyabr 2012-ci il tarixində Qala qəsəbəsində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR