AŞ-nin insan haqları üzrə komissarı Cənubi Qafqazda yeni doğulanlar arasında cinsiyyət nisbətinin statistikasından narahatdır

AŞ-nin insan haqları üzrə komissarı Cənubi Qafqazda yeni doğulanlar arasında cinsiyyət nisbətinin statistikasından narahatdır
# 15 yanvar 2014 12:40 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Avropa Şurasının insan haqları üzrə komissarı quruma üzv bəzi ölkələrdə yeni doğulanlar arasında cinsiyyət nisbəti statistikasından narahatdır.

APA – nın məlumatına görə, öz məqaləsində insan haqları üzrə komissar Nils Muyjnieks bu cür nisbət statistikasının narahatlıq doğurduğunu bildirib.

«2011-ci ildə AŞ-nin Parlament Assambleyası quruma üzv bəzi ölkələrdə doğuş zamanı cinsiyyət nisbətinin narahatlıq doğuran səviyyəyə çatdığını qeyd edib. O zaman Albaniya, Ermənistan və Azərbaycanda bu nisbət 112/100, Gürcüstanda isə 111/100 təşkil edirdi.

BMT-nin Əhali fondunun (UNFPA) 2013-cü il hesabatına əsasən, statistika daha da pisləşib - müvafiq dövr ərzində Ermənistanda nisbət 114-115/100, Azərbaycanda isə 116/100 olub”, - deyə komissar vurğulayıb.

AŞ komissarı qeyd edib ki, Cənubi Qafqazdan başqa yüksək tərs mütanəsiblik Albaniya, Monteneqro və Kosovoda müşahidə olunur, lakin bu nisbət bu ölkələrdə bir qədər aşağıdır – 110/100.

Qeyd edək ki, UNFPA 2013-cü il statistikasına əsasən, Azərbaycan yeni doğulanlarda cinsiyyət nisbətinin oğlan uşaqlarının xeyrinə olduğu ölkələr arasında ikinci yeri tutur. Ölkəmiz burada yalnız Çindən geridə qalır. Çində bu nisbət 118/100 təşkil edir.

Bununla əlaqədar AŞ-nin insan haqları üzrə komissarı AŞ ölkələrində selektiv abortların qadağan olunmasını vacib sayır: “Bu diskriminasion təcrübə qadınların cəmiyyətdəki firavan olmayan durumundan irəli gəlir. Bu təcrübəyə qarşı çıxmaq və onu qanunla qadağan etmək lazımdır”.

Xatırladaq ki, selektiv abortlarla bağlı məsələ “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsinə daxil edilmişdi və Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR