Mingəçevir şəhərinin 65 illik yubileyi qeyd edilib - FOTO

Mingəçevir şəhərinin 65 illik yubileyi qeyd edilib - <span style="color: red;">FOTO
# 11 noyabr 2013 19:42 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov-APA. Mingəçevir şəhərinin əsasının qoyulmasının 65 illiyi münasibətilə noyabrın 11-də “Şəhər günü” adlı bayram mərasimi təşkil olunub. APA-nın məlumatına görə, şəhər icra hakimiyyətinin təşəbbüsü ilə Kür çayı kənarındakı Sahil parkında keçirilən yubiley tədbirində Milli Məclisin deputatları, Mingəçevirin qardaşlaşdığı Belarusun Polosk və Türkiyənin Qars şəhərindən qonaqlar, şəhərin ilk qurucuları və minlərlə yerli sakin iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Mingəçevirin tarixini əks etdirən və şəhər ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan tarixi eksponatlarla tanış olub. Məlumat verilib ki, gənc sənaye şəhəri olan Mingəçevirin əsası 1948-ci il noyabrın 11-də qoyulub.

Mingəçevirin ərazisi isə yaşayış məntəqəsi kimi çox-çox qədim tarixə malikdir. Hətta 5 min il bundan əvvəl Mingəçevirdə kiçik şəhər kimi qaynar həyat mövcud olub. Arxeoloji qazıntılar zamanı bəzək əşyaları, bir sıra qədim Şərq ölkələrinin sikkələrinin tapılması bu qədim yaşayış məskəninin ticarət, sənətkarlıq və mədəni əlaqələrinin yüksək səviyyədə olmasından xəbər verir.

“Şəhər günü” ilə bağlı Mingəçevir Dövlət Dram Teatrının aktyorlarının təqdimatında səhnəciklər nümayiş olunub. Həmçinin, idmançılar öz nümunəvi çıxışlarını nümayiş etdirib. Folklor qruplarının, musiqi kollektivlərinin çıxışları hamının ürəyincə olub, məktəblilərin əl işləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Daha sonra qonaqlar üçün Mingəçevir Su Elektrik Stansiyasına ekskursiya təşkil olunub. Qonaqlara stansiyanın tarixi barədə məlumat verilib. Sonra isə şəhərin 65 illik yubileyinə həsr edilən tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Orada ilk olaraq tədbir iştirakçıları Mingəçevirin tarixindən bəhs edən “Nur şəhəri” adlı filmə tamaşa edib. Çıxış edənlər Mingəçevirin 65 il ərzində böyük inkişaf yolu keçdiyini deyiblər. Bildirilib ki, ölkənin enerji təminatının böyük bir hissəsini Mingəçevir şəhərindəki elektrik stansiyaları ödəyir. Sonra şəhərin ictimai-siyasi həyatında göstərdiyi fəallığa görə bir qrup şəxsə fəxri fərmanlar təqdim edilib.

Yubiley tədbiri respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı və atəşfəşanlıqla başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR