Prezidentliyə namizədlər seçkinin nəticələrinə münasibət bildiriblər - SORĞU

Prezidentliyə namizədlər seçkinin nəticələrinə münasibət bildiriblər - <span style="color: red;"> SORĞU
# 10 oktyabr 2013 14:25 (UTC +04:00)

Millət vəkili, prezidentliyə namizəd Zahid Oruc APA-ya seçkilərin şəffaf və demokratik keçirildiyini, Azərbaycan xalqının iradəsini ifadə etdiyi bildirib. O, İlham Əliyevi qələbə münasibəti ilə təbrik etdiyini qeyd edib.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə namizəd Sərdar Cəlaloğlu APA-ya açıqlamasında YAP-ın namizədi İlham Əliyevə uduzduğunu etiraf edib. S. Cəlaloğlu qeyd edib ki, seçkilərin nəticələrində İlham Əliyevdən sonrakı namizədlər arasında toplanan səslərdə yanlışlıq olduğunu düşünür: “Açığı deyim ki, mənim bu seçkilərdə İlham Əliyevə qalib gəlmək şansım yox idi. Nə resurs, nə də ki vaxt baxımından. Mən seçkidən öncə də demişdim ki, müxalifət kifayət qədər dağınıq olduğuna görə, düzgün tədqiq aparmadığına görə, Rusiya proyektinə girib, əhalini özündən uzaqlaşdırdığına görə, İlham Əliyev bu seçkilərdə qalib gələcək”.

S. Cəlaloğlu MSK-nın açıqladığı nəticələrdəki yeri ilə razılaşmadığını, lakin seçkinin nəticələrini tanıdığını bildirib: “Açıq etiraf edirəm ki, şəxsən mən bu seçkilərdə İlham Əliyevə uduzmuşam və bunu da gizlətmirəm”.

Prezidentliyə digər namizəd, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, prezidentliyə namizəd Araz Əlizadə APA-ya açıqlamasında seçkilərin demokratik və şəffaf keçdiyini bildirib. O, seçkilərdə qalib gəlmiş namizəd İlham Əliyevi təbrik etdiyini və fəaliyyətində uğurlar arzuladığını qeyd edib.

Müasir Müsavat Partiyasının (MMP) sədri, rezidentliyə namizəd Hafiz Hacıyev də açıqlamasında seçkilərin çox demokratik və şəffaf keçirildiyini deyib: “Seçkilərdə Azərbaycan xalqı daxildən olan şər qüvvələrə “yox” dedi. Bizim neçənci yer tutmağımızdan asılı olmayaraq, bu seçkilərdə Azərbaycan xalqı qələbə qazandı. Seçkilərin nəticələrindən çox razıyam. Xalqın səsini qazanmış İlham Əliyevi də təbrik edir və ona fəaliyyətində uğurlar arzu edirəm”.

Qeyd edək ki, prezidentliyə namizədlər Qüdrət Həsənquliyev və İqbal Ağazadə də seçkilərin nəticələrini tanıdıqlarını bildirərək, İlham Əliyevi təbrik edib, uğurlar arzulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR