Xaqani Məmmədov: “O, hakimə təpik atıb”

Xaqani Məmmədov: “O, hakimə təpik atıb”
# 05 noyabr 2013 14:00 (UTC +04:00)

Bakı – APA. “İnter” - “Rəvan” oyununa getmişdim, “Şuşa” ilə “Qaradağ Lökbatan”ın matçına da baş çəkdim. İkinci hissəni izləmişəm. Nadir Qasımov iddia edir ki, mən qonaqların qələbə topunu vurduğu epizodda oyundankənar vəziyyətin olmadığını söyləmişəm. Haradan eşidib, kimə demişəm bunu? Heç yerdə belə bir açıqlama verməmişəm axı”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

AFFA İntizam Komitəsinin bu gün baş tutan iclasında I divizionun VII turu çərçivəsində keçirilən “Şuşa” – “Qaradağ Lökbatan” (2:3) matçından sonra hakimləri hədələyən meydan sahiblərinin baş məşqçisi Nadir Qasımovu 10 oyunluq cəzalandırıb. Bu xəbəri əməkdaşımızla söhbət zamanı alan təcrübəli mütəxəssis isə Xaqani Məmmədovu hədəf alıb.

Komitə sədri isə Nadir bəyin sözlərinin əsassız saydığını, onun dediklərinə anlam verə bilmədiyini söyləyib: “Mən həmin vaxt meydanın digər tərəfində idim, epizodu dəqiqliklə görməyim mümkünsüz idi. Təəssüf ki, oyun yalnız bir kamera ilə çəkildiyindən, videogörüntülərə əsasən də dəqiq bir söz söyləmək olmur. Qasımov oyun başa çatandan sonra meydanın mərkəzinə gələrək, hakimlərə hədə-qorxu gəlib. Bunu mən demirəm, matçın protokolunda qeyd olunub və buna uyğun olaraq da, “Şuşa”nın baş məşqçisi 10 oyunluq cəzalandırılıb. İndi durub ağzına gələni danışır. Hər şeyə görə hakimləri günahlandırmaq düzgün deyil. Hakimin və ya inspektorun haralı, kimin oğlu olmasının məsələyə nə dəxili var? Hərə özünə cavabdehdir. Adama işinə görə qiymət verərlər”.

Məmmədov “Şahdağ” – “Araz Naxçıvan” matçında yan xətt hakiminə fiziki təzyiq göstərdiyi üçün meydan sahiblərinin oyunçusu Yusif Yusifzadəni 2 il müddətinə futboldan uzaqlaşdırılmasına da münasibət bildirib: “Tamamilə düzgün qərardır. “Şahdağ”ın futbolçunun 2 illik cəzalandırılması ədalətlidir. O, yan xətt hakimi Coşqun Həsənovun qarın nahiyəsinə təpik atıb, bu azmış kimi, hələ onu söyüb də. Qərar düzgün verilib. “Şahdağ”ın həmin oyunçunu qovması da bunu sübut edir. Belə oyunçuların qabağını bu cür sərt cəzalarla almaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR