Binə qəsəbəsində sahibkarlara 3 mln. manatdan artıq kredit verilib

Binə qəsəbəsində sahibkarlara 3 mln. manatdan artıq kredit verilib
# 31 yanvar 2014 14:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Xəzər rayonunun Binə qəsəbəsində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, 60-a yaxın sahibkarın iştirak etdiyi tədbir çərçivəsində sahibkarlarla Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb, rayonda prioritet hesab olunan müasir çörək zavodunun, ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının (2011-2013-cü illər) icrası istiqamətində Fond tərəfindən görülmüş işlər barədə məlumat verib. O qeyd edib ki, Proqramın icrası dövründə 680 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 148,2 mln. manat güzəştli kredit verilib: «Bu kreditlər 5 300-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır. Həmçinin, Fond tərəfindən müasir texnologiyaların tətbiqinə əsaslanan 53 iri layihə, o cümlədən 13 çörək zavodu, 13 istixana kompleksi, 9 quşçuluq təsərrüfatı, 2 ət emalı fabriki, 2 metal konstruksiya və 14 digər sənaye müəssisəsi maliyyələşdirilib. Bu il ərzində respublika üzrə 277 sahibkara 9,3 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir».

Binə qəsəbəsində keçirilən tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 12 sahibkarlıq subyektinə 3,1 mln. manat kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, logistik xidmət və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 100-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək.

«Sahibkarlığın inkişafına dövlət dəstəyi» tədbiri çərçivəsində Binə qəsəbəsində ildə 9 min ton tərəvəz məhsulları istehsal edən və ildə 5,6 mln. şitil yetişdirilən müasir istixana komplekslərinin fəaliyyətinə baxış keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR