ASAIF-in XI Yay Forumuna Qəbələdə yekun vurulub

ASAIF-in XI Yay Forumuna Qəbələdə yekun vurulub
# 04 sentyabr 2013 10:49 (UTC +04:00)

Bakı – APA. Xaricdə Təhsil Almış və Məzun olmuş Tələbələrin Beynəlxalq Forumu İctimai Birliyinin (ASAIF) XI Yay Forumu başa çatıb.

İB-dən APA-ya verilən məlumata görə, ASAIF-in “Bizim forum, bizim seçim, bizim Azərbaycan” devizi altında Bakıda keçirilən XI Yay Forumunun iştirakçıları forumun 3-cü və qeyri-rəsmi hissəsində 42 ölkədən 500 gənc olmaqla Qəbələ şəhərinə səfər ediblər.

Gənclər Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsi önünə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Qəbələ Mədəniyyət Mərkəzində Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov 42 xarici ölkədə təhsil alan 500 azərbaycanlı gənclə görüş keçirib.

Fəttah Heydərov ölkəmizdə gənclərə olan dövlət qayğısından söz açıb, son illər xaricdə təhsil alan Azərbaycan gəncliyinin fəallığının artdığını qeyd edib. O bildirib ki, xarici ölkələrdə təhsil alan və məzun olmuş Azərbaycan gənclərinin forumlarının keçirilməsi görülən işlərə qiymət verilməsində və gələcək fəaliyyətin müəyyənləşməsində mühüm rol oynayır. Ermənistan-Azərbaycan münaqişəsinin bu gün ölkəmiz üçün əsas problem olduğunu diqqətə çatdıran Fəttah Heydərov xaricdə təhsil alan azərbaycanlı gəncləri bu sahədə daha da fəal olmağa, münaqişə ilə bağlı dövlətimizin həyata keçirdiyi siyasəti dəstəkləməyə çağırmışdır. Görüş zamanı Fəttah Heydərov Heydər Əliyevlə bağlı maraqlı xatirələrini də gənclərlə bölüşüb, özünün gənclik illərindən söz açıb, tələbə və məzunların suallarını cavablandırıb.

Tədbirdə ASAIF-in sədri Ramin Həkimov, Milli Məclisin deputatı Ceyhun Osmanlı, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov və Təhsil Nazirliyinin məsul işçisi İlham Nağıyev çıxış edib. Bildirilib ki, ASAIF-in forumunun əsas məqsədi xarici ölkələrdə təhsil alan gənclərin şəbəkələşmə prosesini gücləndirmək, ortaq azərbaycançılıq dəyərləri ətrafında birləşərək, respublikamızın xaricdə təbliğinin daha səmərəli təşkilində, informasiya mübadiləsində, təbliğat işinin interaktiv qurulmasında gənclərimizə kömək etməkdir. Bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini çox yüksək qiymətləndirən natiqlər gənclərə təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.

Tədbirdə ölkəmizdə təhsil və turizm sahəsinin inkişafı istiqamətində görülən işlər və əldə olunan uğurlardan, dövlətin gənclərlə bağlı həyata keçirdiyi tədbirlərdən, Azərbaycanın xarici siyasətindən və beynəlxalq aləmdəki nüfuzundan, regionların inkişafı ilə bağlı görülən işlərdən danışılıb. Sonra forum iştirakçıları ilə Təhsil Nazirliyi əməkdaşı İlham Nağıyevin görüşü keçirilib, təqdimat mərasimindən sonra gənclərin sualları cavablandırılıb və təkliflər verilib. Daha sonra iştirakçılar üçün açıq havada konsert təşkil edilmiş, gənclər gündən-günə inkişaf edən Qəbələ şəhəri, rayonun turizm obyektləri, mənzərəli guşələri, tarixi abidələri ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR