Azərbaycanın Vyetnamdakı səfiri bu ölkənin mədəniyyət, idman və turizm naziri ilə görüşüb

Azərbaycanın Vyetnamdakı səfiri bu ölkənin mədəniyyət, idman və turizm naziri ilə görüşüb
# 31 oktyabr 2013 14:33 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfiri Anar İmanov Vyetnamın mədəniyyət, idman və turizm naziri Hoang Tuan Anh ilə görüş keçirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Hoang Tuan Anh Azərbaycanın Vyetnamda Səfirliyinin təsis olunmasının iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi baxımından vacib olduğunu bildirib. O, ölkələr arasında əməkdaşlığın böyük tarixə malik olduğunu və ikitərəfli münasibətlərin bundan sonra intensivləşəcəyinə inandığını söyləyib.

Səfir Anar İmanov Azərbaycanın turizm potensialı və turizm infrastrukturunun inkişaf etdirilməsi üçün görülən işlər barəsində həmsöhbətinə məlumat verib.

Görüş əsnasında xalqlarımız arasında əlaqələri daha da möhkəmlətmək üçün hər iki ölkənin mədəniyyəti barədə təbliğat işlərinin aparılmasının və qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsinin vacibliyi vurğulanıb.

Səfir A. İmanov Azərbaycanın son illər idman sahəsində qazandığı uğurlardan bəhs edib, ölkədə yaradılan geniş idman infrastrukturu barəsində məlumat verərək, Azərbaycanın bir çox beynəlxalq səviyyəli yarışlara ev sahibliyi etdiyini, o cümlədən 2015-ci ildə ilk dəfə keçiriləcək Avropa oyunlarının Azərbaycanda keçiriləcəyini diqqətə çatdırıb.

Hoang Tuan Anh Azərbaycanın idman sahəsində uğurlarından xəbərdar olduğunu bildirmiş və bu sahədə iki ölkə arasında təcrübə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR