Pakistanın Preston Universitetində Xocalı faciəsinin 22-ci ildönümünə həsr edilmiş seminar keçirilib - FOTOSESSİYA

Pakistanın Preston Universitetində Xocalı faciəsinin 22-ci ildönümünə həsr edilmiş seminar keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 25 fevral 2014 15:10 (UTC +04:00)

Bakı - APA. Xocalı soyqırımı ilə əlaqədar silsilə tədbirlərin davamı olaraq bu gün Pakistanın Preston Universitetində Xocalı faciəsinin 22-ci ildönümünə həsr edilmiş “Xocalı soyqırımı - günahsız qurbanlar üçün ədalət axtarışında” adlı seminar keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, seminarın keçirildiyi Preston Universitetinin akt zalında Xocalıya ədalətə çağıran plakatlar, faciəni əks etdirən çoxsaylı fotoşəkillər yerləşdirilib, universitetdə təhsil alan bir qrup gənc üzərində “Xocalıya Ədalət” sözləri yazılmış köynəklər geyiniblər.

Tədbirdə Pakistanın tanınmış ictimai-siyasi xadimləri, aparıcı universitetlərin rektor və professorları, Türkiyənin, Bosniyanın, Mərkəzi Asiya Respublikalarının səfirləri, diplomatlar, Pakistanın nüfuzlu siyasi xadimləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunduqdan sonra Xocalı dəhşətlərini əks etdirən sənədli film nümayiş etdirilib.

Preston Universitetinin rektoru professor Əbdül Basit konfrans iştirakçılarını Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti haqqında məlumatlandırıb. O, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq Qarabağın və Azərbaycanın daha 7 rayonunun zəbt olunduğunu vurğulayıb, işğal nəticəsində 1 milyon insanın öz ata-baba yurdundan didərgin salındığını, 20 min insanın öldürüldüyünü bildirib. Professor 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülkü əhaliyə qarşı törədilmiş soyqırımı bu münaqişənin ən qanlı və faciəli səhifəsi adlandırıb.

Tədbirdə çıxış edən tanınmış siyasətçi, müxtəlif dövrlərdə ticarət, enerji naziri və Senatın xarici əlaqələr komitəsinin sədri vəzifələrində çalışmış Səlim Seyfulla Xan Pakistan-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, Azərbaycan torpaqlarını işğal etdiyinə görə ölkəsinin Ermənistanı tanımadığını bildirib. O, Pakistan Senatında xarici əlaqələr komitəsinə başçılıq etdiyi zaman Xocalı soyqırımını tanıyan qətnamənin qəbul edildiyini qeyd edərək, digər ölkələri də bu addımı atmağa çağırıb.

Pakistanın daxili işlər üzrə dövlət naziri və senatoru olmuş Şahzad Vasim Xocalıda dinc əhaliyə qarşı erməni yaraqlılarının etdiyi vəhşiliklərin məqamlarını açıqlayıb. O, mülki insanların xüsusi amansızlıqla öldürülməsi, meyitlərin təhqir olunmasının beynəlxalq hüquq normalarına zidd olduğunu, soyqırımı törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyini ön plana çəkib.

ABŞ-ın Con Hopkins Universitetinin professoru, Qafqaz üzrə ekspert Aftab Kazi Azərbaycanın regionda geostrateji vacibliyi, Ermənistan-Azərbaycan münaqişəsinin incəlikləri, bu məsələdə bir sıra böyük dövlətlərin mövqeləri haqqında danışıb. O, regionda qüvvələr balansının həm siyasi, həm də hərbi nöqteyi-nəzərdən Azərbaycanın xeyrinə dəyişdiyini bildirib.

Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti Asif Nur isə başçılıq etdiyi təşkilatın Xocalı soyqırımı və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi mövzularında indiyədək həyata keçirdiyi və keçirilməsi nəzərdə tutulan tədbirlər planı haqqında tədbir iştirakçılarını məlumatlandırıb. O, Pakistanda fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatlarını və geniş ictimaiyyəti Pakistan gənclərinin bu təşəbbüsə qoşulmağa çağırıb.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı haqqında geniş məlumat verib. Səfir Dağlıq-Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyinə, 01.02.2012-ci il tarixində Pakistan Senatı tərəfindən Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımını ittiham edən, həmçinin 05.10.2013-cü il tarixində Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyən qətnamələrin qəbul edilməsinə görə Pakistan Senatı və xalqına bir daha dərin minnətdarlığını bildirib.

Seminarın rəsmi hissəsindən sonra, səfir Daşqın Şikarov Pakistanın PTV, GEO-TV və Kapital TV və Türkiyənin TRT televiziya kanallarına müsahibə verərək, Xocalı soyqırımı, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş "Xocalıya ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyasının fəaliyyəti haqqında məlumat verib. Səfir bu cinayətin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədildiyini vurğulayaraq bildirib ki, bu kimi hadisələrin gələcəkdə də təkrar olunmaması üçün Xocalı soyqırımına bütün dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən lazımı hüquqi qiymət verilməlidir.

Daha sonra Pakistanın Bari İmam məscidində Xocalı soyqırımı şəhidlərinin ruhuna ehsan verilib, dualar oxunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR