Elxan Məmmədov: “12 komandanın iştirakı ən optimal variantdır”

Elxan Məmmədov: “12 komandanın iştirakı ən optimal variantdır”
# 06 iyun 2014 11:15 (UTC +04:00)

Bakı – APA. Mayın 29-da start verilən IV Caspian Cup turniri başa çatdı. Apasport.az saytının xəbərinə görə, final matçında Türkiyə yığmasını məğlub edən İran ilk dəfə iştirakçısı olduğu turniri birinci pillədə başa vurdu.

Turnirin mükafatlandırılma mərasimi başa çatdıqdan sonra AFFA-nın baş katibi Elxan Məmmədov IV Caspian Cup-la bağlı təəssüratlarını bölüşüb. Qurum rəsmisi ənənə halını alan turnirin yüksək səviyyədə təşkil edildiyini qeyd edib: “Artıq dördüncü dəfədir bu turnir təşkil olunur. Yarış ənənə halını alıb. Daimi iştirak edən komandalar bu yarışı öz illik qrafiklərinə daxil ediblər. Bu, bizim üçün vacib amildir. Çünki yarışın təşkilatçılığı, səviyyəsi ilə həmin federasiyaların etimadını qazanmış olduq. İdman prinsiplərini qorumaq baxımından bu yarış vacibdir. Komandalar Cuspian Cup-a məsul oyunlara hazırlıq mərhələsi kimi yanaşırlar. Qələbə münasibəti ilə İran komandasını təbrik edirəm. Baxımlı oyun nümayiş etdirdilər. Final qarşılaşması da maraqlı alındı. Üçüncü yeri tutan U-17 yığmamızı da təbrik edirəm. Əslində, məqsədimiz finala vəsiqə qazanmaq idi. Təəssüflər olsun ki, bunu bacarmadıq. Ümid edirəm ki, növbəti illərdə birinci yeri tutacağıq”.

İran yığması ilk dəfə iştirak etməklə həm də çempion adını qazandı. Bununla da turnirin tarixinə yeni çempion komanda əlavə edilmiş oldu. Qurum rəsmisi bunu vacib amillərdən biri kimi vurğulayıb: “Asiya təmsilçilərindən biri ilk dəfə kubokun qalibi oldu. Bundan öncə iki dəfə Türkiyə, bir dəfə isə Gürcüstan yığması qalib gəlmişdi. İran yığmasının birinci dəfə qatılmasına baxmayaraq, çempion olması yarışın maraqlı keçdiyindən xəbər verir. Bu turnir komandalarımız üçün də gözəl təcrübə oldu. İlk dəfə iki komanda ilə çıxış etdik. U-16 yığması 2016-cı ildə ölkəmizdə keçiriləcək 16 yaşadək futbolçular arasında Avropa çempionatına qatılacaq. Baş məşqçi Təbriz Həsənov futbolçuların beynəlxalq oyun təcrübəsi qazanması baxımından turnirə qatılmasının faydalı olacağını bildirdi. Məsləhətləşmələrdən sonra U-16 yığması da IV Caspian Cup-da iştirak etdi”.

Baş katib növbəti illərdə də yarışın 12 komanda ilə keçiriləcəyini bildirib: “Təkliflər var ki, iştirakçı komandaların sayını 12-dən 16-ya yüksəldək. Amma 12 komandanın iştirakı ən optimal variantdır. Çünki iştirakçı komandalar illik hazırlıq planlarında bunu nəzərə alırlar. Komandaların sayı artsa, turnirin müddəti də uzanacaq. Təxminən 17 gün davam edəcək. Buna görə də gərək daimi iştirakçılara əvvəlcədən məlumat verək, fikirlərini öyrənək. Ona görə də 12 komandalı turnir ən optimal variantdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR