Silahlılar kimyəvi silahı Liviyadan Qəddafi rejimi devrildikdən sonra əldə ediblər – Suriyanın baş nazirinin müavini

Silahlılar kimyəvi silahı Liviyadan Qəddafi rejimi devrildikdən sonra əldə ediblər – Suriyanın baş nazirinin müavini
# 20 sentyabr 2013 04:40 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, belə bəyanatla Suriyanın baş nazirinin müavini Qədri Cəmil Böyük Britaniyanın “Qardian” qəzetinə müsahibəsində çıxış edib.

Cəmilin sözlərinə görə, BMT-nin bazar ertəsi Dəməşq ətrafında avqustun 21-də kimyəvi silahın istifadəsi barədə təqdim etdiyi hesabat heç də tam obyektiv olmayıb. Suriyanın baş nazirinin müavini qeyd edib ki, BMT müfəttişlərinin qənaətinə görə, tərkibində zarin qazı olan raketlər əslində SSRİ-də istehsalı olub. Onun sözlərinə görə, bu raketlər SSRİ-dən 1970-ci ildən ixrac edilib. “Onlar Qəddafinin dövründə kimyəvi maddələrlə doldurulub və onun (Qəddafinin) rejimi devrildikdən sonra Suriyadakı silahlılara ixrac edilib”, deyə Qədri Cəmil qeyd edib.

Qeyd edək ki, sentyabrın 18-də Kreml administrasiyasının rəhbəri Sergey İvanov bəyan edib ki, Sovet İttifaqı “heç vaxt Suriyaya və hər-hansı digər ölkəyə zarin qazı ilə doldurulmuş raket başlıqları ixrac etməyib”.

Bu arada sentyabrın 18-də məlum olub ki, Almaniya 2002-2006-cı illərdə Suriyaya kimyəvi silahın istehsalında istifadə edilən maddələr ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR