Səlim Müslümov BMT-də əlillərlə bağlı Azərbaycan hökumətinin ilk məruzəsini təqdim edib - FOTOSESSİYA

Səlim Müslümov BMT-də əlillərlə bağlı Azərbaycan hökumətinin ilk məruzəsini təqdim edib - <span style="color: red;">FOTOSESSİYA
# 02 aprel 2014 13:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Cenevrədə (İsveçrə) BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında “Əlillərin hüquqları haqqında” Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycanın ilk məruzəsi təqdim olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş aidiyyəti dövlət orqanlarının vəzifəli şəxslərindən ibarət olan nümayəndə heyəti iştirak edir.

Azərbaycanın “Əlillərin hüquqları haqqında” Konvensiyaya və bu Konvensiyanın Fakültativ Protokoluna 2008-ci ilin oktyabrında qoşulduğunu qeyd edən əmək və əhalinin sosial müdafiəsi naziri, nümayəndə heyətinin rəhbəri Səlim Müslümov məruzədə ötən müddətdə ölkədə əlillərlə bağlı aparılan siyasətin bu konvensiyaya uyğunlaşdırılması istiqamətində görülən işlər barədə geniş məlumat verib. Nazir Azərbaycanda əlilliyin səviyyəsinin dünya üzrə müvafiq göstəricidən 2,5 dəfədən çox aşağı olduğunu vurğulayıb: “Hazırda Azərbaycan əhalisinin 5,6%-i, yəni 530 min nəfəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Müqayisə üçün bildirim ki, Ümümdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünya əhalisinin 15 faizi əlilliyi olan şəxslərdir”.

S.Müslümov bildirib ki, bununla belə, Ermənistan-Azərbaycan münaqişəsi ölkədə əlilliyin artmasında mühüm rol oynayıb, respublikanın ərazi bütövlüyünün müdafiəsi zamanı 11912 nəfər insan əlil olub. Onun sözlərinə görə, Azərbaycan ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş 20% hissəsindən qaçqın düşmüş insanlar arasında əlillik 6,5%-ə çatdığı halda, ölkənin digər əhalisi üzrə bu göstərici 5,5%-dir. Nazir diqqətə çatdırıb ki, əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası, onlara layiqli həyat şəraitin yaradılması həm ölkənin Konstitusiyasında, həm əsas strateji sənədi olan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, həm də aidiyyəti hüquqi-normativ sənədlərdə təsbit olunub.

Nazir əlilliyi olan şəxslərin maddi təminatlarının gücləndirilməsi ilə bağlı Azərbaycanda həyata keçirilən fəal siyasəti konkret göstəricilər əsasında diqqətə çatdırıb: “2006-2013-cü illər ərzində əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 3,3 dəfə, sosial müavinətlərin məbləği isə 2,6 dəfə artırılıb. Cari ilin mart ayında prezidentin imzaladığı, 32 907 nəfər əlili əhatə edən sərəncamlara əsasən əlillərə verilən sosial müavinətlərin məbləği orta hesabla 36% artırılıb, müharibə əlillərinin ödənişli ali və orta ixtisas təhsili alan övladlarının təhsil haqlarının dövlət büdcəsinin hesabına ödənilməsi nəzərdə tutulub. Eyni zamanda əmək pensiyasını almaq hüququ olmayan I qrup əlillərin müavinətlərinin məbləği artırılaraq yaşayış minimumunu üstələyən məbləğdə müəyyənləşdirilib”.

Sessiyada avropalı ekspertlər “Əlillərin hüquqları haqqında” Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycan hökumətinin ilk məruzəsini yüksək dəyərləndirib və konvensiyanın icrası ilə bağlı ölkəmizdə görülən işlərdən məmnunluqlarını ifadə ediblər.

Sonra sessiya iştirakçılarının konvensiyanın bir sıra müddəalarının icrası ilə əlaqədar sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR