Azərbaycanda magistraturaya qəbulda edilən bəzi dəyişikliklər açıqlanıb

Azərbaycanda magistraturaya qəbulda edilən bəzi dəyişikliklər açıqlanıb
# 17 mart 2014 12:13 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, cari ildə magistraturaya qəbul imtahanının I mərhələsində humanitar və sosial ixtisaslar qrupuna aid olan müsabiqə şərtlərini ödəyən bütün bakalavrlar jurnalistika üzrə 44 №-li proqramı da seçə bilərlər. Bunun üçün bakalavrlar TQDK tərəfindən müəyyən edilən müddətdə internetdə müvafiq sorğu anketini dolduracaq, daha sonra TQDK tərəfindən təşkil olunacaq müsabiqə komissiyası tərəfindən keçirilən müsahibədə iştirak edəcəklər. Müsahibədən müvəffəqiyyətlə keçənlər jurnalistika ixtisaslaşması üzrə olan proqramı seçərək imtahanda iştirak edəcəklər. Həmin imtahanda onlar təqdim olunacaq mövzu üzrə yazı işini yerinə yetirəcəklər. Nəticələri müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılacaqlar.

Bitirdikləri ixtisasdan asılı olmayaraq bütün bakalavrlar 56 nömrəli proqrama aid olan MBA üzrə ixtisaslaşmaları, habelə Azərbaycan Turizm İnstitutunun 22 nömrəli proqrama aid olan və Beynəlxalq layihə üzrə mütəxəssis hazırlığı aparılan Turizm işi ixtisaslaşmasını seçə bilərlər.

Qeyd edək ki, magistraturaya proqram seçimi, ixtisaslaşma seçimi haqqında elan, qəbul aparılan ixtisaslaşmaların siyahısı və digər zəruri məlumatlar "Magistr" xüsusi buraxılışının növbəti sayında dərc ediləcək.

Qeyd edək ki, TQDK tərəfindən “Magistr” xüsusi buraxılışının 3-cü sayı nəşr edilib. Jurnalda ali təhsil müəssisələrinin magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramları təqdim olunub. Bildirilir ki, hər bir bakalavr bu jurnalı əldə etdikdən sonra ilk növbədə "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə diqqətlə tanış olmalıdır. Bakalavrlar bu cədvəl əsasında bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsini və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər. Hər bir bakalavr qəbul imtahanının I mərhələsindəki nəticəsindən asılı olaraq onun seçmək hüququ olan ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və cədvəldə göstərilən müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR