Akif Musayev: “Vergi partnyorluğu sazişi vergi ödənişində güzəşt nəzərdə tutmur”

Akif Musayev: “Vergi partnyorluğu sazişi vergi ödənişində güzəşt nəzərdə tutmur”
# 19 dekabr 2013 09:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda vergi partnyorluğunun inkişaf etdirilməsi olduqca önəmli məsələdir. “APA-Economics”in məlumata görə, bunu bu gün Bakıda keçirilən “Vergi partnyorluğu: qarşılıqlı inam və etimad körpüsü” adlı tədbirdə vergilər nazirinin müşaviri Akif Musayev bildirib.


Onun sözlərinə görə, bunun üçün vergi sistemində müəyyən işlər aparılıb: “Bu gün vergi tutmanın sadələşdirilməsi, güzəşt və imtiyazlar həyata keçirilir. Vergi partnyorluğu sazişi vergi orqanı və vergi ödəyiciləri arasında ən mütərəqqi sazişdir. Bu saziş ilk növbədə vergi uçot sistemini elektronlaşmış formada verən vergi ödəyicilərinə aiddir. İkinci növbədə belə bir saziş həm də əlavə dəyər vergi ödəyiciləri iri vergi ödəyiciləri ilə bağlanır. Üçüncü halda borcu olmayan, öz vergilərini vaxtında ödəyən, bəyannamələrini vaxtında təqdim edən vergi ödəyiciləri ilə belə sazişin imzalanmasına üstünlük verilir”.


A.Musayev qeyd edib ki, vergi orqanlarının bu gün bütün vergi ödəyiciləri barədə tam məlumatı var: “Bunlarla bağlı məlumatlar sistemə yerləşdirilib və hətta onların kiminlə əməkdaşlıq etdiyi və hesabına haradan vəsait oturduğu da məlumdur. Bu səbəbdən Vergilər Nazirliyi belə vergi ödəyiciləri ilə əməkdaşlıqda maraqlıdır”.


A.Musayev deyib ki, artıq bu gün Azərbaycanda vergi ödəyiciləri ilə vergi orqanları arasında 354 partnyorluq müqaviləsi var. Bunlardan 301-i Bakını, 53-ü isə regionları əhatə edir. Amma proses bu gün də davam edir.


Onun sözlərinə görə, vergi patnyorluğu sazişinin bağlanmasının üstünlüyü ondan ibarətdir ki, bu sazişi bağlamış vergi ödəyiciləri vergi sanksiyalarına məruz qalmayacaqlar: “Bundan başqa, ola bilsin ki, onlar səyyar vergidən də azad olsunlar. Amma bu o demək deyil ki, həmin sazişi başlamış vergi ödəyicilərinə vergi ödənişlərində güzəşt ediləcək. Onlara bu ödənişdə bir qəpik də güzəşt edilməyəcək”.


Vergilər nazirinin müşaviri qeyd edib ki, vergi sazişindən istənilən vaxt hər iki tərəf imtina edilə bilər: “Bundan başqa, bu imtina tərəflərin birinin sazişin müddəalarını pozduğu halda baş verə bilər”.


Sonda A.Musayev deyib ki, Vergilər Nazirliyi heç bir sahibkarı vergi partnyoru sazişinin bağlanılmasına məcbur edə bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR